Aqrar

Azərbaycanda müasir çağırışlara uyğun aqrar informasiya sistemi - Formalaşır

Azərbaycanda müasir çağırışlara uyğun aqrar informasiya sistemi - Formalaşır | FED.az
15:10 15 İyul 2021

Kənd təsərrüfatında informasiya təminatının ardıcıl yaxşılaşdırılması bu sahənin idarəetməsinin müasir tələblər səviyyəsində qurulmasının vacib şərtlərindəndir. Keyfiyyətli informasiya təminatı aqrar sahə üzrə müvafiq siyasət tədbirlərinin əsaslandırılması üçün real qiymətləndirmə aparılması imkanlarını genişləndirir. Bu baxımdan son dövrlərdə kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazalarının yaradılması və təkmilləşdirilməsi həyata keçirilir. Hazırda ölkəmizdə müasir çağırışlara uyğun yeni aqrar informasiya sistemi - məlumat bazaları formalaşır.

Eləcə də bax: Azərbaycanda aqrar sahə ilə bağlı yeni portal - Yaradılacaq

Aqrar sahənin inkişafı və aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılmasıdır. EKTİS Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyanın tətbiqi prinsiplərini özündə ehtiva edən, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını təmin edən, kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid sistemdir.

EKTİS, ilk növbədə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını nəzərdə tutan şəffaf və operativ idarəetmə alətidir. Eyni zamanda, EKTİS kənd təsərrüfatının zamanla bütün sahələrini və bu sahələr üzrə bütün tənzimləmə-dəstək-xidmət proseslərini əhatə etməklə, xarici sistemlərlə inteqrasiyanın da genişləndirilməsi hesabına aqrar sahə üzrə mühüm informasiya bazası rolunu oynayır. Belə ki, EKTİS-də qərar verməyə kömək edəcək və gələcək inkişaf üçün planlama işlərinin əsasını təşkil edəcək analitik hesabatların hazırlanması və modellərin qurulması, müasir dövrün əsas tələbi olan “Big Data”nın toplanılması və yaradılması imkanları vardır. Bunun hesabına kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulması, proseslərin tamamlanması, müasir texniki həllərin tətbiqi, hərtərəfli analizlərin aparılması və dəqiq məlumatlara əsaslanan proqnozların verilməsi mümkündür. EKTİS-in məqsədləri sırasında fermerlər və onların istifadə etdikləri resurslar haqqında vahid məlumat bazasının yaradılması, dövlət büdcəsi hesabına subsidiyaların verilməsi sahəsində şəffaflığın artırılması, subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsi, Kənd Təsərrüfatı Nazirliyi üçün proqnozlaşdırma, koordinasiya və nəzarət imkanlarının təmin edilməsi kimi əsas istiqamətlər yer alır.

Ölkə prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən artıq 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyalar alternativsiz olaraq yalnız EKTİS vasitəsilə verilir. Bu, fermerlərə dair daha detallı məlumatların əldə edilməsi və sistemləşdirilməsinə şərait yaradır. Belə ki, əkinlərini bəyan edən fermerlərin rayon və kəndlər üzrə sayı, bəyan edilən ərazi, təsərrüfat profili, həmçinin məhsul və heyvan subsidiyasına dair məlumatlar strukturlaşdırılaraq təhlil edilir.

Aqrar sahədə səmərəli idarəetmə qərarlarının qəbulu baxımından kənd təsərrüfatı məhsulları bazarlarına dair informasiyalar da mühüm əhəmiyyət kəsb edir. Bu cür informasiyalardan mütəmadi və davamlı istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının qiymət informasiya portalı qurulub. Daha sonra bu portalı Nazirlik təkmilləşdirərək Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı olan www.aqrarbazar.az yaradıb.

Elektron Qiymət İnformasiya Portalı meyvə, tərəvəz, kartof və bostan məhsullarının sahədən satış, topdansatış, pərakəndə satış və emal müəssisələrinin tədarük qiymətlərini, heyvandarlıq məhsullarının pərakəndə və topdansatış qiymətlərini, eləcə də istehsal vasitələrinin pərakəndə satış qiymətlərini və s. təqdim edir. Bütün məhsul növləri və ya çeşidləri üzrə qiymətlər aşağı, orta və yuxarı səviyyələr nəzərə alınmaqla, məhsullardan asılı olaraq gündəlik, həftəlik və aylıq intervalda olmaqla toplanır. Lakin 2020-ci ildən etibarən COVİD-19 pandemiyasının təsirlərinin operativ qiymətləndirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymətlərinə dair məlumatlar həftənin hər günü toplanılmaqla bazaya daxil edilir. Bu məlumatlar əsasında gündəlik olaraq “Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymət dəyişmələri haqqında” operativ məlumat bülletenləri hazırlanır. Elektron Qiymət İnformasiya Portalı ictimaiyyət üçün açıqdır.

Ölkədə həyata keçirilən aqrar siyasətin effektivliyini göstərən əsas kriteriyalardan biri də bu siyasətin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsiridir. Bunu xarakterizə edən göstəricilər isə siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün vacib indikatorlar sistemidir. Bu baxımdan, Avropa Komissiyasının müvafiq Qərarı ilə Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi yaradılıb (FTMMS). Avropa Birliyi səviyyəsində Farm Accountancy Data Network - FADN adlanan bu sistem bütün üzv ölkələrdə tətbiq edilir. Mühüm informasiya bazası olmaqla aqrar sahəyə dair qərarların qəbulu prosesi ilə bağlı zəruri idarəetmə alətlərindən biri kimi çıxış edən FTMMS MDB məkanında ilk dəfə Azərbaycanda qurulub. Bu məlumat bazasının formalaşdırılması üçün hər il ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı ilə məşğul olan 3-4 min fermerdən birbaşa məlumatlar toplanılır.

Kənd təsərrüfatı sahəsində əhəmiyyətli və zəruri məlumat bazalarından biri də coğrafi məlumatlar bazasıdır. Kənd Təsərrüfatı Nazirliyinin formalaşdırdığı və Coğrafi İnformasiya Sistemləri (CİS) adlanan bu baza məkanca koordinasiya edilmiş informasiyaların toplanmasını, emalını, saxlanmasını, ötürülməsini, kartoqrafik və vizual təqdimatını təmin edən informasiya sistemidir. Bu məlumat bazasının strukturu kənd təsərrüfatı təyinatlı torpaqların faktiki istifadəyə görə ortofoto xəritələr üzərində aparılmış fotointerpretasiyasının nəticələri, eləcə də digər təyinatlı torpaqların, kateqoriyası dəyişdirilmiş torpaqların, iqtisadi və inzibati rayonların, inzibati ərazi dairələrinin və bələdiyyələrin torpaqlarının, çoxillik əkmələr və istixanalar üzrə, bütün su hövzələri haqqında məkan və qeyri-məkan məlumatları, eləcə də ortofoto xəritələr və relyefin rəqəmli modeli və qeyri-məkan məlumatlarının statistikasını əhatə edir.

Yeri gəlmişkən qeyd edək ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Ermənistanın işğalına məruz qalmış ərazilərdə kənd təsərrüfatının bərpası istiqamətində görülən işlər çərçivəsində Dağlıq Qarabağ bölgəsində müxtəlif peyk təsvirlərinə əsaslanaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan əkin və çoxillik əkmələrin faktiki xəritəsi tərtib edilib və rayonlar üzrə statistik hesabatı hazırlanıb. Həmçinin işğal altında olmuş kəndlərin adları, yeri və kodları dəqiqləşdirilmiş, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində yenilənməsi aparılıb.

Habelə, Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizminin rəsmi olaraq fəaliyyətə başladığı 2020-ci ildə kənd təsərrüfatı təyinatlı torpaqlarda sığorta risklərinin planlaşdırılması üçün Aqrar Sığorta Fonduna relyef məlumatları (DEM model) əsasında kənd təsərrüfatı risklərinin qiymətləndirilməsinə imkan verən xəritələr hazırlanıb. Ümumilikdə isə aqrar sığorta mexanizminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq Aqrar Sığorta İnformasiya Sisteminin proqram təminatının funksionallığı artırılacaq, məlumat bazasının əhatə dairəsi genişləndiriləcək.

Bundan başqa, müxtəlif sahələr üzrə yeni məlumat bazalarının yaradılması prosesinə də başlanılıb. Belə ki, aqrobiznes sahələri üzrə investisiya imkanlarına dair ətraflı məlumat bazası kimi azaqroinvest.az portalı yaradılacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, təchizat və tədarük sahələri üzrə ilkin texniki-iqtisadi qiymətləndirmələr aparılaraq, bunun əsasında nümunəvi investisiya layihələri hazırlanacaq və bu portalda yerləşdiriləcək. Azərbaycan və ingilis dillərində olan portal mütəmadi olaraq yenilənəcək, yerli və xarici investorlara təqdim olunacaq. Habelə, yeni innovativ texnologiyalardan istifadə etməklə fermerlərin informasiya-məsləhət xidmətlərinə çıxışının yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür. Belə ki, yüz minlərlə fermerin informasiya-məsləhət xidmətləri ilə əhatə olunmasına imkan verən mobil tətbiq platformasının yaradılması nəzərdə tutulur ki, fermerlərin EKTİS üzərindən bu tətbiqdə qeydiyyatdan keçmələri təmin ediləcək. Bununla da maarifləndirici məlumatlar mobil tətbiq hesabına bütün fermerlər üçün əlçatan olacaq, fermerlər xəstəliklərin yayılma riskləri barədə bildirişləri, aqrotexniki qulluqlar haqqında məsləhətləri və digər məlumatları mütəmadi olaraq əldə edə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi “Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi çərçivəsində görülən işlər buna əyani misaldır. Layihənin tətbiqinə pilot təcrübə kimi Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında başlanılıb. Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən 5 iqlim stansiyası fəaliyyətə başlayıb. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Bu sistemə inteqrasiya olunmuş sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır, bu məlumatlar analiz olunaraq fermerlərə göndərilir. Fermerlər də bitki xəstəlik və zərərvericilərinə qarşı işlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, fermerlər xərclərini optimallaşdıra bilirlər.

Bu sistem sayəsində son illərdə qlobal problemə çevrilmiş su çatışmazlığı riski də müəyyən qədər aradan qalxmış olur. Fermerlər bu metod sayəsində harada və nə qədər su istifadə etməli olduqlarını bilir və israfa yol vermirlər. Layihə digər iqtisadi rayonlar üzrə də genişləndirilir.

Rəqəmsal texnologiyaların tətbiqi əsasında zəruri və keyfiyyətli informasiya təminatının genişləndirilməsi hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməsinə başlanılan “ağıllı kənd” layihəsinin də əsas prioritetlərindəndir.

Firdovsi FİKRƏTZADƏ,

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

(Report)

Banner
Banner

Digər xəbərlər

Banner