Avto

Avtomobil salonları ehtiyatla endirimə başlayır - SATIŞLAR KƏSKİN AZALIB

Avtomobil salonları ehtiyatla endirimə başlayır - SATIŞLAR KƏSKİN AZALIB | FED.az
20:35 14 May 2020

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda avtomobil satışı bazarında böhranlı vəziyyət yaranıb.

Bu, FED.az-ın paytaxtda fəaliyyət göstərən avtosalonlarda apardığı araşdırma nəticəsində məlum olub.

Son aylar salonlar avtomobillərin qiymətində endirim etsələr də, ümumi mənzərə ürəkaçan deyil. Artıq müştərilər avtosalonlara əvvəlki marağı göstərmirlər. Bu isə avtomobil bazarında durğunluğun davam etməsi ilə nəticələnib.

 “Okean Avtosalon”unun satış meneceri Səbuhi Məmmədov FED.az-a bildirib ki, karantin rejimi dövründə fəaliyyətləri məhdud olub: “Satışlar ümumiyyətlə, çox zəifdir. Əvvəlki dövrlə müqayisədə salonun gəlirləri 70% azalıb. Zəng vurub avtomobillərlə maraqlanan, bəzən salona gələn müştərilər də olur. Amma satış demək olar ki, yoxdur”.

Salon nümayəndəsinin sözlərinə görə, avtomobil qiymətlərində müxtəlif endirimlər edilib: “Endirim avtomobillərin markalarına görə dəyişir. Mühərrikin həcmi kiçik olan maşınlarda 1500-2000 manata qədər endirimlər var, bu da o deməkdir ki, avtomobil maya dəyərinə satılır. Nisbətən iri həcmli mühərrikə malik avtomobillərdə 3000-4000 manat civarında endirimlər var”.

Səbuhi Məmmədov karantin bitəndən sonra salonun edəcəyi güzəştlərdən danışıb: “Maşınların qiymətini bir az endirməyi düşünürük. Müştəriləri cəlb etmək üçün ödənişlərdə güzəştlər edəcəyik. Əldən başqa heç nə gəlmir”.

“Bentley Baku”nun satış departamentinin rəhbəri Həmid Hacıyev FED.az-a bildirib ki, təmsil olunduğu salonun müştərilərinə fərdi yanaşması var: “Baxmayaraq ki, iş saatımız 10-dan axşam 7-yə qədərdir, amma biz müştərilərə hər zaman heç bir şərtsiz salon və servis xidmətləri göstəririk. Biz avtomobili almaq istəyən şəxsin evinə və yaxud da göstərdiyi ünvanlara da çatdırırıq”.

Departament rəhbəri deyir ki, karantin dövründə avtomobil salonları bağlı olub: “Müştərilərimiz bizimlə yalnız telefon və internet vasitəsilə əlaqə saxlayıb. Məncə, insanlar karantin dövründə avtomobil almağı fikirləşmirdi. Çünki alsalar da, aldığı məhsulun ləzzətini çıxara bilməzdilər. Avtomobili sürmək üçün alırsan, amma hər yer bağlı olduğu üçün bu imkan məhduddur. O zaman gərək avtomobili həyətdə saxlayıb baxasan”.

Həmid Hacıyev deyir ki, iqtisadi vəziyyətdən asılı olmayaraq Bentley Baku” hər bir müştərisinə individual yanaşıb avtomobilləri xüsusi qiymətlərlə təklif edir: “Bizdə elə  müştərilər var ki, bütün növ avtomobili olub, amma “Bentley”si olmayıb, ilk dəfə almaq istəyir, elə müştərilər də var ki, onlar bir neçə ildən bir avtomobilini yeniləyir. Əlbəttə ki, hər bir müştəriyə fərdi yanaşdığımıza görə, qiymətlər də individual danışılır xüsusi təkliflər verilir”.

Şirkət rəsmisi bildirib ki, karantin dövrü bir neçə avtomobil satılıb, amma bunlar 3-5 ay əvvəldən sifariş verilənlərdir: “Bizim avtomobillərin müştəriyə  satış prosesi 2-3 ay, bəzən 5 ay çəkir. Müştəri avtomobilin rəngini, modelini, təchizatını seçir və onların . Karantindən sonrakı satışlarımızda da müştərilərlər bir neçə ay olardı ki, danışıqlar aparmışdıq. Aprelin 27-dən sonra karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı və müştərilər ödənişlərini edib avtomobillərini götürdülər”.

Həmid Hacıyev bildirib ki, koronavirus pandemiyası iqtisadi duruma və alıcılıq qabiliyyətinə təsir etdiyinə görə, salona müraciətlər azalıb: «Maliyyələşdirmə şərtlərimiz yaxşı olsa da, və ödəniş şərtlərimiz müştərilərə fərdi şəkildə uyğunlaşdırılıb təklif edilsə də, koronavirus və məhdudlaşdırıcı tədbirlər müştərilərin davranışlarına təsir edir və əlbəttə ki, bu da bütün avtomobil sektorunda özünü göstərir».

“Haval Azərbaycan”dan FED.az-a verilən məlumata görə, şirkət karantin dövründə tam fəaliyyətsiz olub: “Demək olar ki, ay ərzində onlayn qaydada 2-3 müştəri maraqlanıb. Aprelin 27-dən,karantin rejimin bəzi məhdudiyyətləri aradan qaldırılandan sonra satışlar yüksəlməyə başlayıb, amma hələlik əvvəlki aylarla müqayisədə zəifdir”.

Şirkətdən verilən məlumata görə, salonun satışları ortalama 40-50% azalıb: "Hazırda avtomobillərin qiymətində endirim yoxdur. Amma biz müştərilərə şərait yaratmaq, hər zaman online və istənilən dəstək etməyə hazırıq. Çox güman ki, avtosalon gələcəkdə müştəri cəlb etmək üçün güzəştli kampaniya başladacaq və ya maraqlı hədiyyələr təqdim edəcək. Ümid edirik ki, karantin rejimi aradan qaldırılıqdan sonra bizim avtomobillərimiz əvvəlki aylarda olduğu kimi müştəriləri sevindirəcək".

"AZ CAR Motors"dan FED.az-a verilən məlumata görə, karantin rejimi salonun satışlarına təsirsiz ötüşməyib: “Əvvələr salona gələn müştərilərin sayı çox olurdu. İndi insanlar evdə qaldığı üçün maraqlanan da olmayıb”.

Avtosalondan bildirilib ki, maşınların qiymətlərində müxtəlif endirimlər edilib: “Endirim avtomobillərin markalarına və motor gücünə görə dəyişilir. Məsələn, hazırda salonda buraxılış ili 2020, “BMWX7” markalı avtomobilin satışı 135 000 dollara, buraxılış ili 2011, modeli “Mercedes E 200” 18 200 dollara, buraxılış ili 2011, ikinci əl “Hyundai H-1”i 19 500 AZN-ə almaq mümkündür”.

Digər xəbərlər