Bank

Bankların gəlirləri və xərcləri açıqlandı – MƏBLƏĞLƏR, RƏQƏMLƏR

Bankların gəlirləri və xərcləri açıqlandı – MƏBLƏĞLƏR, RƏQƏMLƏR | FED.az
09:00 22 Aprel 2021

Birinci rübdə bankların 495 milyon manat faiz gəlirləri əldə ediblər. Bu 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 1,2% azdır.

Eləcə də bax: Bank sektorunun vəziyyəti açıqlandı - RƏQƏMLƏR

FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, faiz gəlirlərinin 394 milyon manatı kreditlərdən gələn faizlərin hesabınadır (1,2% azalıb).

Ötən il olduğu kimi, bu il də bankların ümumi faiz gəlirlərinin 79-80%-i kredit faizlərindən formalaşır.

Yeri gəlmişkən, cədvəldən görünür ki, banklar hər ay kredit faizlərindən 130 milyon manat qazanırlar. Ötən il bu məbləğ 133 milyon manat idi.

Birinci rübdə bank sektorunun ümumi faiz xərci 129 milyon manat (3,7% azalıb) olub. Bunun 82,6 milyon manatı və ya 64%-i depozitlər üzrə ödənilən faizlərə aiddir. Ötən il isə banklar depozitlər üzrə 91,5 milyon manat (ümumi faiz xərclərinin 68%-i) ödəmişdilər.

Bu hesabla banklar hər ay depozitlərə görə müştərilərinə 27 milyon manat ödəyiblər, ötən il isə bu məbləğ 30 milyon manatdan artıq idi.

Nəticədə 2021-ci ilin ilk 3 ayında bank sektorunun xalis faiz gəliri 351 milyon maat olub ki, bu da ötən illə müqayisədə 3 milyon manat və ya 1% artıqdır. 

Bu ilin birinci rübündə bankların qeyri-faiz xərcləri və gəlirləri demək olar dəyişməyib. Həmişəki kimi bankların qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini ikiqat üstələyir. Birinci rübdə də banklar bu sahədə 171 milyon manat gəlir əldə edib 302 milyon manat xərcləyiblər.

Ötən illə müqayisədə bankların əməliyyat mənfəəti də dəyişməyib – rüb ərzində 220 milyon manat (ötən il 218 milyon manat idi).

Bunun 39 milyon manatı aktivlər üzrə mümkün zərərləri qarşılamaq üçün ehtiyatlara yönəldilib.

32 milyon manat isə mənfəət vergisi kimi ödinəlib (ötən il 25 milyon manat idi).

Nəticədə bank sektoru birinci rübü 148 milyon manat xalis mənfəətlə başa vurub. Bu ötən ilkindən 15 milyon manat və ya 9% azdır.

Xalis mənfəətin azalmasının səbəbi zərərlər üzrə ehtiyatların yaradılmasıdır – bu il bankların buna 39 milyon manat xərci çıxıb, ötən il isə əksinə, banklar ehtiyatlardan 21 milyon manat geri çəkmişdilər.

Bu amili nəzərə almasaq, bank sektoru bu il daha çevik və səmərəli işləməyə başlayıb.

 

Banner

Digər xəbərlər