Banner

Bank

Manatla kreditlər, suvarma, günəş enerjisi və dəmiryolu - AZƏRBAYCANLA AİB-İN - YENİ LAYİHƏLƏRİ

Manatla kreditlər, suvarma, günəş enerjisi və dəmiryolu - AZƏRBAYCANLA AİB-İN - YENİ LAYİHƏLƏRİ | FED.az
08:02 2 İyun 2020

Azərbaycanın Asiya İnkişaf Bankından (AİB) dəstək almaq istədiyi və bankın dəstək göstərmək istədiyi layihələr prezident İlham Əliyevin AİB-in rəhbərliyi ilə iyunu 1-də baş tutan videokonfransda müzakirə edilib.

Eləcə də bax: İlham Əliyev xarici bankın rəhbərləri ilə videokonfrans keçirib - TAM MƏTN

FED.az-ın məlumatına görə, aparılan müzakirələrdən məlum olub ki, Azərbaycan Asiya Bankından yeni infrastruktur layihələrində dəstək almaq niyyətindədir. Müzakirə zamanı dövlət büdcəsinin «reallıqlara uyğunlaşdırıldığını» vurğulayan prezident bildirib ki, bəzi layihələr gələcəyə saxlanılacaq. Amma prezident AİB-dən dəstək istənilən layihələri səsləndirib.

Görüşdə iştirak Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib ki, hazırda nazirlik Asiya İnkişaf Bankı ilə ölkə üzrə biznes əməliyyatları strategiyası əsasında işləyir: «Bu strategiya çərçivəsində Asiya İnkişaf Bankı qarşıdakı 3-4 il üçün Azərbaycanla bağlı kredit prioritetlərini müəyyənləşdirməyə çalışır. Bildirmək istərdim ki, hazırda onlar, həmçinin Azərbaycanla bağlı çox mühüm texniki yardım proqramlarında olduqca fəal iştirak edirlər. Onların bir neçəsi həqiqətən də çox mühümdür, xüsusilə layihəyə hazırlıq mexanizmi. Bu da, həmçinin kredit vasitəsilə tamamlana bilən texniki yardım proqramıdır. Başqa bir mühüm layihə startapların yaradılması üçün texniki yardım layihəsidir. Bunlar olduqca mühüm layihələrdir».

Bankın prezidenti Masatsuqu Asakava isə AİB-in dəstək göstərəcəyi istiqamətləri açıqlayıb: «Birincisi, cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, suvarma və drenaj sistemlərinin inkişaf etdirilməsi layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, ikincisi, peşə təhsili və ticarətin liberallaşdırılması da nəzərdə tutduğumuz proqramın bir hissəsidir. Nəhayət üçüncüsü katalizator rolunu oynayacaq kiçik və orta sahibkarlığın maliyyələşdirilməsidir. Biz, həmçinin elektrik enerjisinin paylanması sahəsində götürdüyümüz öhdəliklərə sadiq qalırıq. Bu məqsədlə, elektrik şəbəkəsinin təkmilləşdirilməsinə sərmayə proqramı nəzərdə tutulur. Əgər Sizin hökumət müsbət qərar verərsə, bu proqramlar icra oluna bilər».

Suvarma layihəsi – Naxçıvanda, sonra bütün ölkədə

Görüşdü müzakirə olunan əsas məsələlərdən biri suvarmaya aid olub. Maliyyə naziri Samir Şərifov bildirib ki, bankla işlənən layihələr arasında suvarma layihələri var: «Asiya İnkişaf Bankı dövlətimizin başçısının imzaladığı Fərmanla Azərbaycanda sudan istifadə məsələləri ilə məşğul olmaq üçün hökumət yanında Operativ Qərargahın yaradılmasından məlumatlıdır və bu məsələyə töhfə vermək niyyətindədir». Samir Şərifov dedi ki, Asiya İnkişaf Bankı bu sahədə Naxçıvan Muxtar Respublikasında layihəni nəzərdən keçirməyi təklif edir.

AİB-in bankın Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Verner Lipax isə bildirib ki, bir qədər əvvəl dövlət başçısı bankı kənd təsərrüfatı torpaqlarında suvarmanın yüksək texnologiyalarını tətbiq etməyə dəvət edib və bunun əsasında Naxçıvanda suvarma sistemlərinin inkişaf layihəsi hazırlanıb və bank bu ilin yanvar ayında suvarma sistemlərinin texniki əsaslandırılmasına 1,2 milyon dollar qrant ayırıb: «May ayında biz bu sənədi Sizin Sərəncamınızla 2020-ci ilin aprel ayında yaradılmış Dövlət Su Ehtiyatları Komissiyasına rəy almaq üçün təqdim etmişik. Əslində, bu layihə su kanallarında geomembran texnologiyasının tətbiqini, kanal istiqamətinin seçilməsində Coğrafi İnformasiya Sistemindən istifadəni, nəzarət qurğularını və məlumat bazasının qurulmasını, o cümlədən SKADA sistemindən istifadəni nəzərdə tutur. Həmçinin kənardan idarə edilməsi, peyklə baxış üsulu ilə suyun məhsuldarlığı və sistemin işləməsi də sınaqdan keçiriləcək. Bütün bu işlər torpaqların şoranlaşmasının azaldılmasına və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına yönəlib».

Naxçıvanda suvarma layihəsinin ümumi məbləği təqribən 100 milyon dollardır. Prezident bildirib ki, bu layihə Naxçıvanda kənd təsərrüfatının inkişafı üçün faydalı olacaq: «Biz dövlət investisiya proqramı vasitəsilə Naxçıvanın irriqasiya sahəsində inkişafına hər il sərmayə yatırırıq. Lakin əlbəttə ki, əlavə vəsait, üstəgəl, sizin mütəxəssis təcrübəniz çox faydalı olacaqdır».

Amma prezident Asiya Bankını bütün ölkədə suvarma layihəsinə baxmağa dəvət edib: «Biz hazırda vəziyyəti qiymətləndiririk və çox böyük su itkiləri ilə üzləşdiyimizi görürük. Bəzi hallarda köhnəlmiş infrastruktura və səmərəli olmayan su idarəetmə sisteminə görə biz suyun 40-50 faizini itiririk. Buna görə də müxtəlif nazirlərin təmsil olunduğu və Baş Nazirin müavininin rəhbərlik etdiyi, digər nümayəndələrin iştirak edəcəyi xüsusi hökumət komissiyası yaradılmışdır. Onlar bizim bütöv su potensialımızı qiymətləndirəcək və prioritetləri, hansı işləri görməli və hansı investisiyaları yatırmalı olduğumuzu müəyyən edəcəklər. Buna görə sizdən bu layihəni nəzərdən keçirməyi xahiş etmək istərdim».

Dövlət başçısı bildirb ki, yaxın vaxtlarda hökumətin bununla bağlı planları məlum olacaq: «Ümidvaram ki, bir neçə aydan sonra bu komissiyanın fəaliyyətinin ilk nəticələri bizdə olacaq. Biz suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi və suvarmanın daha da səmərəli olması ilə nəticələnəcək addımları müəyyən etməyə başlaya bilərik. Buna görə də texniki dəstək və maliyyə dəstəyi baxımından biz bu məsələ üzərində sizinlə çalışmağa məmnun olarıq».

Peşə təhsili layihəsi

AİB-lə müzakirə olunan, daha dəqiqi artıq reallaşdırmağa başlanan növbəti layihə peşə təlimi ilə bağlıdır. Bundan başqa, görühdə Samir Şərifov bildirib ki, bank Azərbaycanda peşə təlimi sisteminin gücləndirilməsinə də dəstək verəcək, hazırda Asiya İnkişaf Bankının təqdim etdiyi peşə təhsili təlimi layihəsi ilə əlaqədar bu qurumla Təhsil Nazirliyi arasında müzakirələr başlayıb.

Verner Lipax bildirib ki, bu ilin fevralında peşə təhsilinin inkişafı ilə bağlı təklif edilmiş proqram Dördüncü Sənaye İnqilabına uyğunlaşmaq baxımından seçilmiş sənaye sahələrinə və peşə bacarıqlarının formalaşdırılmasına yönəlir. Bu, həm də Davosda əldə olunmuş razılıq əsasında Bakıda Dördüncü Sənaye İnqilabının regional mərkəzinin yaradılması ideyası ilə üst-üstə düşür.

Prezident İlham Əliyev onunla razılaşıb və bildirib ki, peşə təlimi prioritet məsələlərdən biridir: «Biz artıq bəzi ölkələrlə təmaslar yaratmışıq və bəzi layihələri icra etmişik. Biz Azərbaycanda binalar inşa etməklə, avadanlıq almaqla bütün infrastruktura sərmayə yatırmışıq və onlar da öz texnologiyalarını gətiriblər». Dövlət başçısı deyib ki, xüsusilə indi, fəal sənaye inkişafı dövründə yaxşı mütəxəssislərin hazırlanması böyük əhəmiyyətə malikdir: «Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az – 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır. Odur ki, mən peşə təlimi ilə məşğul olmağımızı çox dəstəkləyirəm».

Kiçik şirkətlər üçün manatla biznes kreditləri

Asiya İnkişaf Bankı ilə görüşdə müzakirə edilən ən maraqlı məsələlərdən biri bankın Azərbaycan şirkətlərinə manatla biznes kreditləri ayırması barədə oldu. Görüşdə AİB-in bankın Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Verner Lipax bankın kiçik və orta müəssisələr üçün maliyyə işlərinin tənzimlənməsi layihəsi barədə məlumat veriib və bildirib ki, kiçik şirkətlərin həvəsləndirilməsi, onların maliyyəyə çıxışının təkmilləşdirilməsi üçün hökumət ilkin mərhələ üzrə maliyyələşdirmə portfelini hazırlaya bilər.

Yeri gəlmişkən, Azərbaycan şirkətləri xarici valyuta ilə kreditlərə ehtiyatla yanaşırlar. Asiya bankının nümayəndələri bundan məlumatlıdırlar və ona görə də Verner Lipax bu məqsədlə hökumətə pul vəsaitləri ayırmalarının və həmin kreditlər portfelinin yerli valyuta ilə, yəni, manatla formalaşdırılmasının mümkünlüyünü vurğulayıb.

Prezident bu yanaşmadan razı qaldı: «Kiçik və orta müəssisələrə yerli valyuta ilə dəstəyin göstərilməsi vasitəsilə özəl sektora dəstəyiniz çox faydalıdır. Bildiyiniz kimi, bizim borcgötürmə ilə bağlı strategiyamız çox mühafizəkardır və bu, bizə öz milli valyutamızda borc götürməyə imkan verəcəkdir».

Külək və günəş enerjisi üçün dəstək

Dövlət başçısı görüşdə əlavə iki məsələ – 2 layihə üzrə Asiya Bankından dəstək istəyib. Bunlardan biri enerji səmərəliliyi və alternativ energetikaya dəstəkdir. Prezident deyib ki, hazırda hökumət iki şirkətdə - «Azərenerji» və «Azərişıqda» bu işləri aparır, bu il və ötən il yatırılmış müəyyən investisiyalar sayəsində Azərenerji mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını azı 600 meqavat artıra bilib. bu proses davam edir: «Bizim ən böyük və Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyamız tamamilə bərpa edilmişdir və ola bilsin ki, 1 və ya 2 ay müddətində bərpa işlərindən sonra açılacaqdır. Bundan əlavə, biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik və bu sahədə fəaliyyət göstərən iki böyük şirkətlə bu ilin yanvar ayında artıq iki ilkin müqavilə imzalanmışdır. Ümumi enerji hasilatının həcmi 400 meqavat olacaqdır». Prezident  deyib ki, bu layihələrə investisiya tamamilə xaricdən gələcəkdir və Günəş və küləklə işləyən iki elektrik stansiyası olacaqdır: «Buna görə də kifayət qədər Günəş və külək mənbəyinə malik olduğumuzu nəzərə alaraq enerjinin bu sektorunu inkişaf etdirmək üçün bizim planlarımız var. Ona görə də sizdən bu variantı da nəzərdən keçirməyi xahiş edərdim».

Rusiya-İran dəmiryolu layihəsinə dəstək

Dövlət başçısı işarə edib ki, hökumət ölkəni cobrafi mövqeyindən istifadə edib infrastruktur layihələrinə də yatırım etmək niyyətindədir. Bunlardan biri dəmiryolu, daha dəqiqi Şimal-Cənub dəmiryol xəttidir: «Biz indi Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpa edilməsi prosesindəyik. Azərbaycan artıq bu dəhlizə böyük həcmdə sərmayə yatırıb. Onun çox böyük potensialı var. Biz artıq şimaldan - Rusiyadan daxil olan, Azərbaycan ərazisindən qərb və cənub istiqamətində yükləri qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq Rusiya ilə sərhədə qədər dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə də biz qatarların sürətini artırmaq üçün indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və biz bunu etməyi planlaşdırırıq».

Prezidentin sözlərinə görə, ola bilər ki, bütün yüklərin öhdəsindən gəlmək üçün Azərbaycanın mövcud infrastrukturu kifayət etməsin. Ona görə də bu sahədə infrastrukturu yeniləmək üçün Asiya Bankının dəstçyinə ehtiyac var: «Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların yük maşınları ilə gətirilməsini mümkünsüz edir. Buna görə də bizə Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır. Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim».

AİB-in prezidenti Masatsuqu Asakava səslənən layihələrin - suvarma, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin - Azərbaycanın inkişafına faydalı olacağını qeyd edib. O bildirib ki, bank bərpa olunan enerji sahəsinə də böyük töhfə vermək yəni bu layihəni dəstəkləmək) istəyir: «Eyni zamanda, Siz dəmir yolu sisteminin bərpasını qeyd etdiniz. Asiya İnkişaf Bankının ciddi şəkildə hansı töhfə verə biləcəyi üzərində düşünəcəyik və qısa zamanda Sizə cavab verəcəyik».

Digər xəbərlər

Banner