Bank

Mərkəzi Bankda Koronavirus toplantısı: YENİ TƏKLİFLƏR HAZIRLANACAQ

Mərkəzi Bankda Koronavirus toplantısı: YENİ TƏKLİFLƏR HAZIRLANACAQ | FED.az
15:34 23 Mart 2020

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin hazırlanması ilə bağlı Azərbaycan Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun 23 mart 2020-ci il tarixində ilk iclası keçirilib. 

İclasda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələri iştirak etmişlər.

İclasda koronavirus pandemiyasının və neftin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, xüsusilə xarici sektora, inflyasiyaya, valyuta bazarına və fiskal balansa, habelə maliyyə sabitliyinə, xüsusilə bank sektoruna mənfi təsirləri müzakirə edilmiş,  makroiqtisadi və maliyyə sabitliyini qorumaq üçün tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.

         Yekunda qərara alınmışdır ki, mövcud vəziyyətin daha dərindən qiymətləndirilməsi üzrə İşçi Qrupunda təmsil olunan qurumlar arasında məlumat mübadiləsi intensivləşdirilsin və bu əsasda makroiqtisadi və maliyyə sabitliyi, o cümlədən məzənnə və qiymət sabitliyinə dair həyata keçirilməli əlavə tədbirlər barədə təkliflər qısa müddət ərzində hazırlanaraq müvafiq qaydada təqdim olunsun.  

Digər xəbərlər