Bank

Vahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR

Vahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR | FED.az
08:45 29 İyul 2021

Vahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR

Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən iki bankdan biri, məşhur milyardçı Vahid Ələkbərova məxsus «Yelo Bank» 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. 

Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)

FED.az xəbər verir ki, 2020-ci ilə böyük planlarda başlayan, amma pandemiyanın təsirinə məruz qalan bank, yeni komanda ilə öz mövqelərini sürətlə bərpa etməkdədir. 2021-ci ilin ilk yarısında bank göstəricilərini yaxşılaşdırmaqla yanaşı, böyük mənfəətə də çıxıb.

Xalis faiz gəlirlərini 20% artırıb

FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə «Yelo Bank» 29,4 milyon manat faiz gəliri əldə edib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 1,7 milyon manat və ya 6%-dən çox artıqdır.

Faiz gəlirlərinin əsas hissəsi kreditlərdən daxil olan faizlərin hesabınadır. İlk 6 ayda bank kreditlərdən 28,4 milyon manat faiz gəliri əldə edib. Bu göstəricidə 3 milyon manatdan çox artım var.

Hesabat dövründə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 773 min manat, qiymətli kağızlardan gəlirlər isə 234 min manat olub. Hər iik göstərici əvvəlki ildən azdır, amma kreditlərdən daxil olan faizlər bu azalmanı artıqlaması ilə kompensasiya edib.

Bu dövrdə bankın faiz xərcləri 18% azalaraq 9,9 milyon manatdan 8,05 milyon manata enib. Azalma depozitlər üzrə ödənilən faiz xərclərinin azalması ilə bağlıdır – 8,3 milyondan 6,5 milyon manata enib.

Nəticədə ilk yarım ildə «Yelo Bank»ın xalis faiz gəlirləri 20% artaraq  21 milyon 339 min manata yüksəlib.

Haqq və komissiya gəlirləri 13% artıb

Pandemiya və iqtisadi durğunluğa baxmayaraq bank qeyri-faiz gəlirlərini sabit saxlaya bilib – ilk yarım ildə «Yelo Bank»ın qeyri-faiz gəlirləri əvvəlki illə müqayisədə demək olar ki, dəyişməyərək 1 milyon 461 min manat təşkil edib. Bu dövrdə bankın haqq və komissiya gəlirləri – müştərilərin aktivliyinin əsas göstəricilərindən biri - 13%-ə yaxın artaraq 1 milyon 497 min manata yüksəlib. Xarici valyuta ilə əməliyyatlarda isə 264 min manat zərər qeydə alınıb.

İlk yarım ildə «Yelo Bank»ın qeyri-faiz xərcləri 1 milyon manat artaraq 20,8 milyon manata yüksəlib. Artım əsasən «Digər xərclər» maddəsinin hesabına olub – 1,9 milyon manat və ya 55% artıb.

İnzibati xərclərdə isə 1,3 milyon manata qənaət edilib – 3,4 milyon manat.

10 milyon xalis mənfəət

Nəticədə bank 2-ci rübü 1 milyon 993 min manat əməliyyat mənfəəti ilə başa vurub.

Bundan əlavə, bank, mümkün zərərlər üzrə yaradılan ehtiyatlardan 8 050 min manat geri çəkib.

Ardıcıl iki rübü mənfəətlə bağlayır

Nəticədə xalis mənfəət 10 milyon 43 min manata yüksəlib. Başqa sözlə, ardıcıl ikinci rübdür ki, «Yelo bank» 4-5 milyon manatdan az olmayan xalis mənfəət nümayiş etdirir.

Bank daha da böyüyüb

2-ci rübün nəticələrinə görə, «Yelo Bank»ın aktivlərinin həcmi ilin əvvəlindən indiyədək 47,5 milyon manat və ya 12.2% artaraq 438 milyon 558 min manata yüksəlib.

Biznes kreditləri 50 milyon manat artıb

Bu dövrdə bankın kredit portfelində sürətli artım baş verib. Kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18,3% artaraq 364,8 mln manata çatıb. Bankın biznes kreditləri 50 milyon manat artaraq 143 milyon manatdan 193 milyon manata yüksəlib.

İstehlak kreditləri isə 15,5 milyon manat artaraq 100 milyon manata yaxınlaşıb.

Ümumiyyətlə, ilk yarım ildə «Yelo Bank» 96,2 milyon manat biznes krediti, 56,5 milyon manat isə istehlak krediti verib.

Əmanət və depozitləri artıb

Qeyd olunan dövr üzrə Bankın depozit portfeli də 8% artaraq 253,8 milyon manata yüksəlib. Artım həm fiziki şəxslərin əmanətlərində, həm də hüquqi şəxslərin depozitlərində baş verib.

Kapitalı daha 10 milyon manat yüksəlib

2-ci rübün sonunda Bankın məcmu kapitalı 63,86 milyon manat olub. Bu göstərici ilin əvvəlindən 10 milyon manat, requlyativ tələbdən isə 13,86 milyon manat artıqdır.

Vahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR | FED.azVahid Ələkbərovun bankı yenidən «sürət götürür» - AKTİVLİYİ VƏ MƏNFƏƏTİ ARTMAQDADIR | FED.az
Banner

Digər xəbərlər