Birja

Azərbaycanda ilk kriptovalyuta birjası yaradıldı - MANATLA BİTKOİN SATILIR

Azərbaycanda ilk kriptovalyuta birjası yaradıldı - MANATLA BİTKOİN SATILIR | FED.az
10:17 25 Aprel 2020

Azərbaycanda ilk kriptovalyuta birjası yaradılıb.

FED.az xəbər verir ki, aprelin 24-də fəaliyyətə başlayan birjada ən məşhur 3 kriptovalyutanı - Bitcoin (BTC), Ethereum (ETH) və Ripple (XRP) manatla alıb satmaq mümkündür.

Birjanın yaradıcısı, «Akturklər Teknaloji» MMC-nin Azərbaycan nümayəndəsi Emil Əliyev FED.az-a bildirib ki, platforma sırf vasitəçilik missiyasını yerinə yetirir: «Biz firma olaraq hansısa bir kriptovalyutanı satmırıq. Sadəcə alanla satanı birləşdirəcək bir platforma yaratmışıq».

Birjanın iş prinsipi sadədir. İstifadəçi kimi qeydiyyatdan keçməklə kriptovalyuta satışı və ya alışı ilə bağlı sifariş vermək olar: «Tutaq ki, birinin bazar qiyməti 7177 dollara olan bir koini var. Şəxs bizim platformaya girib onun satılması barədə elanı qoyur. Biz onu «PulExchange» saytına yerləşdirəndən sonra başqa bir şəxs girib həmin platformada bir bitcoin almaq istədiyini yazır. Saytımız avtomatik bir bitcoini həmin alıcıya, pulunu da satanın bank akauntuna yollayır. Hələlik bizim platformada hər şey manat hesabı ilə işləyir. Biz 7000 dollarıq ekvivalenti manata çevirib koin sahibinin bank hesabına göndəririk».

Şirkət rəsmisinin sözlərinə görə, dünyada 2 mindən artıq aktiv koin olsa da, hələlik saytda yalnız 3 elektron valyutanın alqı-satqısı aparılır: «Azərbaycan balaca bir yerdir. Yəni böyük işlər üçün balaca bir kontingent var. Ümumi əhali sayının 18 yaşdan yuxarı 50-55 yaş arası götürdükdə bu, heç 3 milyon kontingent etmir. Bunu nəzərə alaraq dünyada ilk yüzlükdə olan kriptovalyutalardan hələlik üçünün alış və satışını təşkil edirik. Bunlar bitcoin (BTC), ethereum (ETH) və ripple (XRP). XRP əsasən banklar arası transfertlər üçün daha mükəmməl variant hesab olunur. Bazarın tələb və təklifinə uyğun olaraq kriptovalyutaların növünü artıra bilərik».

Azərbaycanda ilk kriptovalyuta birjasında əməliyyat həcminə görə limit var: «Məlumdur ki, Azərbaycanda bütün institutsional birliklərin hamısı Mərkəzi Bankla işləyir. Mərkəzi Bankın təlimatına uyğun olaraq, bizdə də fiziki şəxs 1 ayda 15 min manat, hüquqi şəxslər isə 30 min manat həcmində əməliyyat edə bilərlər. Fiziki və hüquqi şəxslər 1 ay ərzində bu qədər vəsaiti həm öz bank hesablarına sala bilərlər, həm də öz hesablarından çıxara bilərlər».

Daha çox əməliyyat aparmaq istəyənlər isə başqa bir şəxsin adına hesab açmalı olacaqlar: «Tutaq ki, fiziki və ya hüquqi şəxs daha çox pul qoymaq və ya çıxarmaq istəyir. Bu zaman ailə üzvlərinin adına akaunt açıb məbləği artırmaq olar. Yəni, buna icazə verilir. Amma fiziki və hüquqi şəxslər üçün müəyyən olunmuş limitdən 1 sent belə, hesaba pul yatırmaq və ya çıxarmaq mümkün deyil. Əks halda bunun çox böyük məbləğdə cərimələr var».

E.Əliyev deyir ki, platformada əməliyyat aparmaq istəyən istifadəçilər pulu bank hesabı və ya digərə ödəmə sistemi ilə köçürə bilərlər: «İnsanlar «MilliÖn», «e-Manat» və yaxud «Kassam.az» vasitəsilə «PulExchange» saytını seçib həmin batumları basıb ödəniş edə bilərlər. Pul anında hesablarına oturacaq, bundan sonra telefonla əməliyyatlar etmək olar».

Birjanın öz hesabları isə «Kapital Bank»dadır: «Biz uzun sürən əzmli səylərdən sonra «Kapital Bank» və «Ziraat Bank Azərbaycan»la müqavilələr bağlamışıq. Gələcəkdə «Kassam.az», «Portmanat.az» kimi onlayn pul ödəmə sistemləri ilə müqavilə bağlayacağıq».

Digər xəbərlər

Banner