Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 742,8 milyon manat təşkil edib.
FED.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% azalıb.
Ötən 6 ayda bağlanmış əqdlərin sayı isə 8,7% azalaraq 2 199 olub.
BFB-nin dövriyyəsinin 62,5%-i, yaxud 2 963,7 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 55,5% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 1 019,6 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 73,5% artaraq 759,4 milyon manat olub.