Banner

Birja

Qiymətli kağızlar bazarı iştirakçılarına – GÜZƏŞTLƏR VERİLƏCƏK

Qiymətli kağızlar bazarı iştirakçılarına – GÜZƏŞTLƏR VERİLƏCƏK | FED.az
13:38 25 Aprel 2020

Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətillərin verilməsi və müəyyən güzəştlərin edilməsi nəzərdə tutulur.

FED.az xəbər verir ki, bu, koronavirus (COVID-19) pandemiyasının kapital bazarı iştirakçılarına mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə tədbirlərdə öz əksini tapıb.

Təkliflər arasında investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə, Mərkəzi Bank tərəfindən müvafiq təsir tədbirlərinin görülməsinin 1 yanvar 2021-ci tarixinədək təxirə salınması, investisiya şirkəti və fond birjası tərəfindən illik audit olunmuş maliyyə hesabatlarının Mərkəzi Banka təqdim olunmasının və ictimaiyyətə açıqlanmasının 30 sentyabr 2020-ci il tarixinədək uzadılması, qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən ictimaiyyətə açıqlanan illik və yarımillik hesabatların açıqlanmasının 1 (bir) ay müddətinə uzadılması yer alıb.

Həmçinin qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin (investisiya şirkəti, fond birjası) fəaliyyətinin yoxlanılmasının 30 sentyabr 2020-ci ilədək təxirə salınması nəzərdə tutulur.

Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlərin verilməsi də nəzərə tutulur. Bu güzəştlərə Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi, BFB-də 1 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi daxildir.

Eyni zamanda, Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək “T+1” rejimindən “T+0” rejiminə keçirilməsi nəzərdə tutulur.

Həmçinin qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla) təklif edilir.

Digər xəbərlər

Banner