Banner

Biznes

Azərbaycan-Türkiyə onlayn - B2B Forum Keçirilib

Azərbaycan-Türkiyə onlayn - B2B Forum Keçirilib | FED.az
10:43 25 May 2020

DEİK və Caspian European Club-un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənilib.

FED.az xəbər verir ki, “Azərbaycan-Türkiyə” beynəlxalq onlayn B2B forumun moderatoru “Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, Caspian European Club-un idarə heyətinin üzvü Avni Dəmirçi olub.

Üç saat davam edən “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində müzakirələrə  Azərbaycan və  Türkiyə səfirləri Xəzər İbrahim və Erkan Özoral, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurasınn təşkilatın Sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirib.

“Caspian European Club-da Türkiyə biznesinin xeyli nümayəndələri var. Onlardan ikisi Klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin üzvüdür. Pandemiya dövründə Caspian European Club xüsusi fəallıq nümayiş etdirib. Bizim tərəfimizdən onlayn rejimdə xeyli sayda beynəlxalq sahə B2G və B2B forumları, biznes-treninqlər və təqdimatlar təşkil olunub. Biz türkiyəli partnyorlarımızla daha sıx əməkdaşlıq etmək istərdik. Yaxın vaxtlarda offlayn rejimdə də bu cür görüşlərin keçiriləcəyinə ümid edirik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər.

Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir.

Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Digər xəbərlər

Banner