Biznes

Azərbaycanda brend ətirlər istehsal ediləcək  - İLK DƏFƏ

Azərbaycanda brend ətirlər istehsal ediləcək  - İLK DƏFƏ | FED.az
13:46 18 İyun 2018

Yaxın vaxtlardan etibarən Azərbaycanda milli parfüm məhsullarının istehsalına başlanacaq. FED.az xəbər verir ki, yerli ətirlərin istehsalı Zaqatalardakı “Gülşən Ətir” ASC-də təşkil ediləcək.
 
Ölkənin hələlik yeganə parfüm müəssisəsinin istehsalla bağlı planları fevralın 20-də dəqiqləşib. Xəbər verildiyi kimi, həmin tarixdə keçirilən özəlləşdirmə hərracında digər dövlət əmlakları ilə yanaşı, Zaqatala yerləşən “Gülşən Ətir” ASC-nin səhmlərinin dövlətə məxsus olan 30%-lik hissəsi də özəlləşdirilib. Həmin hissəni müəssisənin əmək kollektivi alıb.
 
ASC-nin sədri Nadir  Cəbrayılov bildirib ki, hələ özəlləşmənin 1-ci mərhələsində - 1997-ci ildə müəssisənin səhmlərinin 15%-ni kollektiv alıb. 2002-ci ildə  keçirilən növbəti çek hərracında səhmlərin 55%-i satılıb. Ötən həftə baş tutan hərracda isə səhmlərin qalan 30%-ni də əvvəlki səhmdarlar alıblar. Beləliklə, “Gülşən Ətir” ASC tam özəlləşdirilib və hazırda müəssisənin 60 nəfərə yaxın səhmdarı var.
 
N.Cəbrayılov hərracda ASC-nin 30% səhminin müəssisənin əvvəlki səhmdarları tərəfinqdən alınmasına da toxunub: “Biz kollektiv olaraq digər şəxslərin ASC-nin səhmlərini almalarına etiraz etmədik. Ancaq hərraclarda başqa iştirakçılar olmadı. Mütəxəssislər də qərar verdilər ki, bu sahəni bizdən başqa bilən yoxdur. Biz də hərraca qoşulduq və qalan səhmləri də götürdük”.
 
FED.az xəbər verir ki, müəssisə rəhbərinin və kollektivin ASC-ni tam özəlləşdirməsinə stimul verən amil son dövrlər ölkədə sahibkarlarlığın inkişafına verilən dəstək olub. Ölkədə yaranan iqtisadi aktivlik, yeni sənaye parklarının salınması və onunla bağlı görülən tədbirlər ASC rəhbərliyini belə addım atmağa həvəsləndirib.
 
Qeyd edək ki, “Gülşən Ətir”ASC Azərvaycanda ətriyyat və kosmetka istehsalı ilə məşğul olan yeganə müəssisədir. Müəssisə sovet dövründə əsasən, qızılgül yağının istehalı məqsədilə qurulub:
 
“O vaxt həmin yağ emal edilib Moskvaya verilirdi. Fabriki də planlı şəkildə qurmuşdular. O dövr üçün yaxşı işləyirdi.  Vaxtılə 15 respublikanı emal məhsullarımızla təmin etmişik. Planı həmişə tam ödəmişik. Sonra təxminən 15 ilə yaxın müəssisə fəaliyyətsiz qaldı”.
 
N.Cəbrayılov yenidən bu biznesi inkişaf etdirmək üçün planlarından da danışıb. Bildirib ki, istehsalı artırmaq və yeni brendləri bazara çıxarmaq üçün müəssisə lazımi avadanlıqlarla təmin olunacaq. Eyni zamanda həm köhnə işçilərdən, həm yeni işçilər prosesə cəlb ediləcək. ASC sədrinin sözlərinə görə, bu il aprel ayından müəassisəni işə salmağı planlaşdırırlar. Ən geci iyun ayında isə istehsal başlayacaq.
 
“Gülşən Ətir”ASC əsasən, parfumeriya məhsullarının istehsalına üstünlük verəcək.  Xammal almaq üçün müqavilələr də bağlamalıyıq. Müəssisəmiz adətən ixrac yönümlü məhsullar istehsal edib, Rusiya və Orta Asiya respublikaları ilə əlaəqələrimiz olub. İndi həmin əlaqələri bərpa etmək istəyirik. Xaricdə keçirilən yarmarkalara, sərgilərə qoşulmaq istəyirik ki, köhnə əlaqələrimizi bərpa edək”.
 
Müəssisənin işə düşməsi üçün həll olunacaq məsələlərdən biri də xammal əldə edilməsidir. N.Cəbrayılov deyir ki, “Gülşən Ətir”ASC-nin özünün gül sahələri olmadığı üçün xammalı kənardan almaq lazım olacaq: “Gül sahələrimiz yoxdur. İndi Zaqatalada gülçülüyü inkişaf etdirirlər. Prezidentin fərmanına görə yeni gül sahələri salınıb. Toxum səpilib. Ola bilər onlardan da xammal götürdük. Çatışmayan hissəsini isə  başqa ölkələrdən gətirəsəyik. Bunun üçün Rusiya, Türkiyədə olan sahibkarlara müraciət edə bilərik”.
 
N.Cəbrayılovun sözlərinə görə, “Gülşən Ətir” milli brend ətirləri istehsal edib onları yerli və xarici bazarlara çıxarmaq üçün iş aparır. Onların sırasında kişilər  üçün nəzərdə tutulan “Azərbaycan” ətiri, “Min bir gecə”, “Xəzər” adlı parfum suları da var. Onların tərkibi də  yenilənəcək.
 
“İndi bazarda çoxlu brendlər var. Rəqabətə davamlı olmaq üçün yeni qoxulu ətirlər hazırlamaq lazımdır. Ona görə də bir çox  yeniliklər gözlənilir”.
 
ASC-nin məhsulları əsasən ixrac yönümlü olacaq. N.Cəbrayılov deyib ki, müəssisə Rusiyadakı əvvəlki alıcıları ilə  əlaqə qurub həmin bazara yenidən qayıtmaq istəyir. Brendin formalaşdırılması üçün məhsulların qablaşdırılması da dəyişəcək. Bunun üçün Türkiyənin qab istehsalçısı ilə danışıqlar aparılacaq. Çünki Azərbaycanda ətir şüşələri istehsal olunmur.
 
Xatırladaq ki, “Gülşən Ətir” ASC 1997-ci ildə təsis edilib. Əsasən, ətriyyat və kosmetika məhsullarının istehsalı və satışı ilə məşğul olub.
 
ACS nəqliyyat qovşaqıarına yaxınlıq baxımından əlverişli  yerdədir. Belə ki, Zaqatala Hava Limanına 10 km-lik,  Zaqatala Dəmiryolu Stansiyasına  8 km-lik, Zaqatala avtovağzalına isə cəmi  2 km-lik məsafədə yerləşir.

Digər xəbərlər