Biznes

Azərbaycanda dövlətin vergi ödəyicilərinə - 850 MİLYON MANAT BORCU VAR

Azərbaycanda dövlətin vergi ödəyicilərinə - 850 MİLYON MANAT BORCU VAR | FED.az
12:32 9 Noy 2019

Azərbaycanda vergi borcları və artıq ödənilmiş vergilər arasında fərq hələlik vergi ödəyicilərinin xeyrinədir. Bu barədə FED.az-a Hesablama Palatasından bildirilib.

Eləcə də bax: Vergi borcu olduqda banklar - NİYƏ BÜTÜN HESABA BLOK QOYURLAR

2019-cu ilin ilk yarısının nəticələrinə görə, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergilərin həcmi 2 milyard 177 milyon 457 min manat təşkil edir.

Hesablanmış, amma hələ ödənilməyən vergi borclarının məbləği isə 1 milyard 325 milyon 884 min manatdır. Başqa sözlə, ilin ilk yarısının nəticələrinə görə, artıq ödənilən vergilər və vergi borcları arasında müsbət saldo ödəyicilərin xeyrinədir və 851,6 milyon manat təşkil edir.

Qeyd edək ki, həm vergi borclarının, həm də artıq ödəmələrin məbləğinin ən yüksək həddi 2016-cı ilin sonunda qeydə alınıb. Həmin vaxt vergi borcları 1 milyard 434,5 milyon manat, artıq ödəmələr isə 2 milyard 438,5 milyon manat təşkil edirdi. 2017-ci ilin sonuna borclar azalsa da, artıq ödənişlər bir qədər də artıb. 2018-ci il ərzində borclar artıb, artıq ödəmələr isə azalıb. Amma bu ilin əvvəlindən hər iki göstərici yenidən artmağa başlayıb.

Cədvəl:

Palata bildirir ki, həm vergi borcları, həm də artıq ödəmələrin əsas hissəsi qeyri-neft sektorunun payına düşür.

Büdcəyə borcu olanlar kimlərdir?

Palatanın məlumatına görə, büdcəyə olan vergi borclarının 68,2%-i (904,9 mln. manatı) xüsusi mülkiyyətə, 19,1%-i (253,4 mln. manatı) dövlət mülkiyyətinə, 11,2%-i (148,8 mln. manatı) xarici mülkiyyətə, 1,4%-i (18,8 mln. manatı) digər vergi ödəyicilərinin payına düşür.

Sahələrə gəlincə, vergi borcunun böyük hissəsi 93,4%-i (1237,9 mln. manatı) qeyri-neft sektorunun, 6,6%-i (88,0 mln. manatı) neft sahəsindəki vergi ödəyicilərinin payına düşüb.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində vergi borcunun həcmi artıb. Belə ki, ötən ilin sonunda vergi borcunun məbləği 1 milyard 104,2 milyon manat idi və ilk 6 ayda borc 221,7 milyon manat artıb.

Vergi borcu kimin hesabına artıb?

Borcun 221,7 mln. manat məbləğində ümumi artımının 134,7 mln. manatı və ya 60,8%-i verginin əsas məbləği, 41,1 mln. manatı və ya 18,5%-i maliyyə sanksiyaları, 45,9 mln. manatı və ya 20,7%-i faizlər üzrə olmuşdur.

İlk 6 ayda vergi borcu əsasən tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərən özəl sahibkarların hesabına artıb.

Qeyd edək ki, bu məbləğə, yəni 1 milyard 325 milyon manatlıq borca, məhkəmələrin qərarları əsasında əmlaka yönəldilən borc məbləğləri daxil edioməyib. Yəni əslində borcun məbləği daha yüksəkdir – deyə palata bildirir.

Büdcəyə artıq ödəməni kimlər edib?

Büdcəyə artıq ödəmənin də müəllifləri var. Palatanın məlumatına görə, hazırda büdcəyə edilmiş 2 milyard 177,5 milyon manatlıq artıq ödəmənin 53,6%-i (1167,8 mln. manatı) xüsusi mülkiyyətə, 20,4%-i (445,2 mln. manatı) dövlət mülkiyyətinə, 17,2%-i (373,7 mln. manatı) xarici mülkiyyətə, 8,8%-i (190,8 mln. manatı) digər ödəyicilərə aiddir.

Artıq ödəmələrin 91,1%-i (1983,8 mln. manatı) qeyri-neft, 8,9%-i (193,7 mln. manatı) neft sahələrinin payına düşüb.

Büdcəyə artıq ödəmələrin həcmi artıb

Son 6 ay ərzində büdcəyə artıq ödəmələrin həcmində də artım var, belə ki ilin əvvəlində bu rəqəm 2 milyard 1,2 milyon manat idi. Palata bildirir ki, ilk 6 aydakı 176,2 mln. Manatlıq artıq ödəmənin 67,7 mln. manatı və ya 38,4%-i dövlət mülkiyyətinə, 58,9 mln. manatı və ya 33,4%-i xüsusi mülkiyyətə, 6,2 mln. manatı və ya 3,5%-i xarici mülkiyyətə, 43,4 mln. manatı və ya 24,6%-i digər ödəyicilərə aiddir.

Artıq ödəmə məbləğinin artması əsasən tikinti, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən özəl biznesin hesabına baş verib.

 

Digər xəbərlər