Biznes

Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır

Azərbaycanda trans yağlarla bağlı normativ-hüquqi akt hazırlanır | FED.az
14:59 8 İyul 2019

"Yağ məhsulları ilə əlaqədar hazırda ekspert qrupumuz tərəfindən xüsusi elmi-tədqiqat işi aparılır. Bu yaxınlarda Azərbaycanda trans yağları ilə əlaqədar normativ-hüquqi akt barəsində açıqlama verəcəyik".

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, bu, idxal və istehsal olunacaq yağların tərkibində trans yağların faizinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edəcək: “Bu, əhalinin sağlamlığı üçün çox vacib məsələdir”.

AQTA sədri bu gün cənub bölgəsində keçirilən reydlə bağlı qurumun yaydığı məlumata da münasibət bildirib: “Cənub bölgəsində 6 istehsal müəssisəsində monitorinq keçirilib. Təəssüflə qeyd etməliyəm ki, istər sanitar-gigiyenik, istər sanitar-texniki vəziyyətinə görə həmin istehsal müəssisələrinin heç biri qüvvədə olan norma və qaydalara uyğun deyil. Eyni zamanda onların nehrə yağı adı altında istehsal etdikləri və kütləvi şəkildə satışa verdikləri məhsullar əslində nehrə yağı deyil. Onların tərkibində kənar qarışıqlar aşkar olunub. Ekspertizaların cavabları məlum olduqdan sonra ictimaiyyətə bu barədə açıqlama verəcəyik".

Digər xəbərlər

Banner