Banner

Biznes

Azərbaycanda vergi borcunu - BELƏ ALIRLAR – ÜSULLAR

Azərbaycanda vergi borcunu - BELƏ ALIRLAR – ÜSULLAR | FED.az
14:00 2 Okt 2019

Vergiödəyicisinin vergi öhdəliyi yarandıqda borclarının alınması üçün hansı tədbirlər görülür?

FED.az xəbər verir ki, vergi hüququ üzrə ekspert Sirac Piriyev belə hallarda istifadə edilən üsulları açıqlayıb.

Eləcə də bax: Ayda 200 manat maaş alır – 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA

Hesablara sərəncam qoyulur

Sirac Piriyev bildirir ki, vergi borcunun ödənilməsini əks etdirən bildiriş (və ya tələbnamə) vergi ödəyicisinə təqdim edildikdən sonra borc məbləği 5 gün müddətində ödənilmədikdə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarına müvafiq olaraq borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və ya dövlət büdcəsinə alınması (Vergi Məcəlləsinin 65.2.1-ci maddəsində nəzərdə tutulan hallarda) üçün kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam təqdim edilir.

Sərəncamlar bank və digər kredit təşkilatı tərəfindən Mülki Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş növbəliliyə uyğun olaraq icra edilməlidir. Vergi borclarının dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka və ya kredit təşkilatına verildikdə və həmin hesablardan hər hansı birindən vergi borcunun büdcəyə alınması təmin olunduqda digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılması təmin edilməlidir.

Əmlakı hərracda satılır

Vergi borclarının ödənilməsinin təmin edilməsinin üsullarından biri vergiödəyicisinin əmlakının siyahıya alınması və ixtisaslaşdırılmış açıq hərracda satılmasıdır. Vergiödəyicisinə məxsus əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə həmin əmlakın açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edilə bilər. Vergiödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergiödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa, digər əmlakı siyahıya alına bilər.

Vergiödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışı barədə məhkəmənin qərarı qüvvəyə mindikdən sonra həmin borca faizin hesablanması dayandırılır. Həmin vergi borcunun dövlət büdcəsinə ödənilməsi isə icra məmuru tərəfindən təmin edilir. Vergiödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsilə də satılması mümkündür.

Əmlakın satılmasından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.

İş icra məmuruna tapşırılır

Vergi borclarının ödənilməsinin təmin edilməsi üsulların biri də "İnzibati icraat haqqında" Qanunun 82-ci maddəsinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməsidir. Borcun ödənilməsi barədə xəbərdarlığın təqdim edildiyi gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi nəticəsində qərar qəbul edilərək, birbaşa icra məmuruna təqdim olunmalıdır. İcra məmuru tərəfindən həmin qərar üzrə tədbirlər "İcra haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.

Cinayət işi qaldırılır, həbs edilir

Vergi ödəyicisinin yaranmış vergi borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkibi yaranır və materiallar araşdırılması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilir. Cinayət işi başlandığı zaman əsasən ibtidai araşdırma müddətində yerli vergi orqanı tərəfindən mülki iddiaçı olaraq yayındırılmış vergi məbləğinin maddi ziyan kimi tanınması barədə iddia ərizəsi ilə həmin quruma müraciət edilir. Məhkəmənin ittiham hökmü ilə şəxs təqsirli bilinərsə, mülki iddia təmin edilir və vergi borcu üzrə məbləğin məhkum olunan şəxsdən tutulmasına qərar verilir. Şəxsin məhkumluğu mülki iddia qaydasında təmin edilən vergi borcunun ödənilməsi vəzifəsindən onu azad etmir.

Ölkədən çıxmasına «stop» qoyulur

Vergi borcunun ödənilməsinin təmin edilməsinin əsas üsullarından biri də fərdi sahibkarların və hüquqi şəxslərin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti dayandırılmasıdır. Yerli vergi orqanları bununla bağlı ərizə ilə məhkəməyə müraciət edir və məhkəmə tərəfindən xüsusi icraat qaydasında 10 gün müddətində ərizəyə baxılaraq məhkəmə aktı qəbul edilir. Ərizə təmin edildiyi halda, qətnamə dərhal qüvvəyə minir və ondan şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Vergi borcunun ödənildiyi və ya silindiyi, eyni zamanda, məhdudiyyətin aradan qaldırılması üçün digər əsaslar yarandıqda, yuxarı vergi orqanının qərarı ilə şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılır.

Yığılmayan vergilər 5 ildən sonra silinir

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını vergiyə cəlb edilən hesabat dövrü bitdikdən sonra yalnız 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin müddət bitdikdən sonra vergilər, Vergi Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq, vergi orqanları tərəfindən ümidsiz borc kimi silinməlidir.

 

Digər xəbərlər

Banner