Banner

Biznes

Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq Komissiyasının - İCLASI KEÇİRİLİR

Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq Komissiyasının - İCLASI KEÇİRİLİR | FED.az
12:32 16 Sen 2019

 Sentyabrın 16-da Bakıda Azərbaycan - Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir.

FED.az-ın məlumatına görə, iclasa Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay rəhbərlik edirlər.

Əvvəlcə Novruz Məmmədov və Fuat Oktayın təkbətək görüşü olub. Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib. İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edirlər.

İclasda iki qardaş ölkə arasında mövcud iqtisadi vəziyyət, əməkdaşlığın hazırkı durumu, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində məsələlər müzakirə ediləcək. O cümlədən 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planının razılaşdırılması nəzərdə tutulur.

Bu Fəaliyyət Planı ticarət-iqtisadi, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə ildən-ilə dərinləşən münasibətlərimizdə qarşıda duran vəzifə və hədəflərə nail olunması istiqamətində atılacaq addımları əhatə edəcək.

Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərində daim gündəlikdə olan Naxçıvan MR-dan Türkiyəyə məhsul ixracı üzrə əməkdaşlıq imkanları, o cümlədən bu məhsulların Türkiyənin ərazisinə idxal rüsumu ödənilmədən, güzəştli şərtlərlə daxil olmasına, ixrac əməliyyatlarında tətbiq edilən prosedurların asanlaşdırılması ilə bağlı məsələlər də Birgə Komissiyada müzakirə ediləcək.

Strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından tam istifadə edilməsi və digər xarici dövlətlərin bu layihəyə cəlb edilməsi məqsədilə birgə işlərin aparılması da hər iki tərəfin gündəliyindədir 

Digər xəbərlər

Banner