Biznes

Biznesə dəstək üçün hökumətin atacağı - 9 ADDIM – DETALLAR, MÜSAHİBƏ

Biznesə dəstək üçün hökumətin atacağı - 9 ADDIM – DETALLAR, MÜSAHİBƏ | FED.az
12:32 1 Aprel 2020

Ölkə biznesi üçün çox maraqlı yeniliklər var. Azərbaycan hökuməti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və biznesə təsirinin azaldılması üçün biznesə göstəriləcək dəstək tədbirlərini açıqlayıb. Güzəştli kreditlər, kreditin qaytarılması üçün dəstək, işçilərin maaşlarının bir hissəsinin ödənilməsi və sair. Bəzi tədbirlər təkcə koronavirusdan əziyyət çəkən deyil, bütün sahələrə aid olacaq.

Eləcə də bax: Dövlət biznesə 2,5 milyard manatlıq - DƏSTƏK VERƏCƏK, DETALLAR

İş adamlarını hansı yeniliklər gözləyir, bu imkanlardan necə və nə vaxtdan istifadə etmək olar və bu kimi suallara İqtisadiyyat nazirliyinin nümayəndəsi Elvin Camalov FED.az-a verdiyi müsahibədə aydınlıq gətirib.

- Dövlətin biznesə hansı dəstək tədbirləri var?

- Dəstək paketi 9 istiqaməti əhatə edən proqramdır. Bu 9 istiqaməti qruplaşdırsaq, birinci əsas istiqamət biznesə dəstək kimi, iki alt dəstək paketindən ibarətdir. Burada birinci 300 mindən çox işçinin əməkhaqqısının bir hissəsinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni burada söhbət işçilərin maaşının ödənilməsi üçün sahibkarlıq subyektlərinə veriləcək maliyyə dəstəyindən gedir. Bu gün Azərbaycanda 1 milyon 555 min əmək müqaviləsi var. Bu əmək müqaviləsinin də təxminən 915 mini dövlət və neft sektorunda, qalan 640 mini qeyri-dövlət və qeyri-neft sektorunda çalışır. Qeyd etdiyim 304 min muzdlu işçinin əməkhaqqısının dəstəklənməsi üçün dediyimiz paket təxminən qeyri-dövlət və qeyri-neft sektorunun təxminən 45%-ni əhatə edir.

- Yəni qeyri-dövlət və qeyri-neft sektorunda işləməyənlərin 45%-i bu paketlə əhatə olunacaq?

- Bəli, bu gün rəsmi qeydiyyatda olan əmək müqavilələri üzrə muzdlu işçilərin maliyyələri nəzərdə tutulur. Burada orta aylıq əməkhaqqı orta hədd kimi götürülməklə işçilərin real maaşı və ya orta aylıq əməkhaqqı yuxarı hədd kimi götürülüb. Yanvar ayı üzrə orta aylıq əməkhaqqı təxminən 712 manat olub ki, bunun əməkhaqqı fondunun 50%-ni birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara, müəssisələrə ayrılması təklif olunur.

- Belə çıxır ki, bir işçiyə görə, şirkətlərə 360 manata yaxın pul ödəniləcək?

- Bəli, bugünkü gündə real təklifdə bu nəzərdə tutulub. Bu, birinci təklif paketi idi.

İkinci təklif paketi fərdi sahibkarların, mikro sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsidir. Bildiyimiz kimi, fərdi formada fəaliyyət göstərən sahibkarlıq subyektlərimiz də var. Bu dəstək paketi təxminən 290 mindən çox mikro və fərdi sahibkarlıq subyektlərinin dəstəklənməsini nəzərdə tutur. Burada əsas meyar kimi, həmin fərdi sahibkarın 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişləri istinad nöqtəsi kimi götürüləcək. Onlara ödənişlər və birbaşa yardım edilməsi kimi dəstək göstəriləcək.

- Tutaq ki, fərdi sahibkar gözəllik salonu olan şəxsdir. Ötən il vergi ödəyib. Siz onun ödədiyi vergiyə baxıb müəyyən edəcəksiz ki, onun aylıq gəliri nə qədər olacaqdır və təxminən onu nəzərə alıb həmin fərdi sahibkara yardım ediləcək?

- Bəli, o istiqamətdə maliyyə ayrılacaq. Bu isə ikinci təklif paketidir. Hər iki təklif paketindən də göründüyü kimi, bu, sırf biznesə dəstəyə yönəldilmiş təklif paketidir. Bu da təxminən 600 minə yaxın insanı əhatə edir.

- Bəs vergi güzəştləri necə, olacaqmı?

- Üçüncü təklif paketimiz biznesə vergi güzəştləri və imtiyazların verilməsidir. Bu istiqamətdə ayrı-ayrı sahibkarlıq subyektləri ilə görüşlər keçirilib və onların tələbləri və istəkləri nəzərə alınıb. Güzəştlərin mahiyyəti yekun qərara qəbul olunandan sonra ictimaiyyətə açıqlanacaq. Burada söhbət vergilərin ödənilməsində tətillərin elan olunmasından gedir.

 

- Birinci dediyiniz iki tədbir - işçilərin maaşının ödənilməsi və kiçik biznesə dəstək. Bu, ancaq koronovirusdan əziyyət çəkən sahələrə yoxsa, bütün sahələrə aiddir?

- Ümumiyyətlə, burada meyar kimi müəyyən olunub bu sahədə pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə və eyni zamanda burada vurğulan bir nüans var. Bir neçə il öncə də dövlətin sahibkarlıq subyektlərinə çağırışı olub. O çağırışlara adekvat cavab verən, fəaliyyətini şəffaf quran, işçiləri ixtisar etməyən, işçilərinə əmək müqaviləsi bağlayan sahibkarlıq subyektlərinə üstünlük veriləcək.

- Dördüncü təklif paketi nədən ibarət olacaq?

- Bu təklif paketi sırf ipoteka kreditləri vasitəsilə dəstəklənmədən gedir. Bu, birbaşa ölkənin real sektorunun dəstəklənməsinə öz töhfəsini verəcək. Burada tikinti sektorunun dəstəklənəməsi nəzərdə tutulub. Bu sektor əməktutumlu sahədir. Dövlət bu sahəyə güzəştli kreditləri verməklə tikinti sektorunu və eyni zamanda bu sektorda istifadə olunan xammal materiallarının ölkədə istehsalını stimullaşdıracaq.

- İpoteka kreditlərinə dəstək deyəndə nə nəzərdə tutulur? Yəni ipoteka kreditlərinin həcmini artırmaq yoxsa, şərtləri yumşaltmaq?

- Bəli, o istiqamətdə müzakirələr gedir. Yəni təkcə sosial evlərin deyil, adi ipoteka kreditlərinin də həcmi artırılacaq. Bir sözlə, ipoteka qrupuna daxil olan bütün dəstək tədbirləri üzrə müzakirələr aparılır.

- Beşinci təklif paketi nədən ibarətdir?

- Beşinci və altıncı təkliflər paketini bir yerdə qruplaşdıraq. Bu, vergi ödəyicilərinin bank kreditlərinə dəstək verilməsi paketidir. Bu dəstək paketi iki istiqamətdə qruplaşıb. Biri mövcud bankların kredit portfelinin qorunması və sahibkarların kredit öhdəliklərinə dəstək göstərilməsi üçün sahibkarlıq subyektlərinin mövcud kreditləri üzrə faiz yükünün 10%-nin ödənilməsi nəzərdə tutulur. Tutaq ki, bir sahibkar bankdan 15%-lə kredit götürüb. Dövlət 15%-in 10%-ni ödəməyə hazırdır. Qalan 5%-i və kreditin özün yenə də sahibkar özü ödəyəcək. Yəni dövlətin sahibkara verdiyi digər dəstək paketlərinə əlavə olaraq, bütün kreditlərin faiz yükünün 10%-i Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən maliyyələşdiriləcək. Bu tədbir, prezidentin fərmanı ilə ayrılan 1 milyard manatın hesabına ediləcək. Bu, kreditlər üzrə təklif paketinin birinci hissəsidir.

- Bu tədbirlər hansı sahibkarlara və hansı kreditlərə aiddir?

- Burada da xüsusi meyarlara cavab verən sahibkarlıq subyektləri, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən və 9-10 mart tarixindən əvvəl götürülmüş kreditlər nəzərdə tutulur. Yəni martın 10-dan sonra götürlən kreditlərə aid olmayacaq. Biz bu təkliflər paketinin ilkin detallarını açıqlayırıq. Hazırda Mərkəzi Bankla, Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə bu sahədə müzakirələr gedir. Nəzərdə tutulan budur ki, təsirlərə məruz qalan sektorlar və martın 10-na qədər götürülmüş və vaxtında ödənilən kreditlər üzrə dəstək paketi tətbiq olunsun.

- Kreditlərlə bağlı iş adamlarına ikinci dəstək nədən ibarətdir?

- Növbəti dəstək isə yeni verilən kreditlərə şamil olunacaq. Hansı ki, ölkənin real sektorunun kreditləşməsi mütləq prioritetdir. Məlumdur ki, maliyyə dəstəyi iqtisadi inkişafa böyük təkan verir. Banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Yəni bankların bu sahədə riskləri dövlət tərəfindən qarşılanacaq.

Bu güzəştin mənası ondan ibarətdir ki, indiyə kimi iş adamları bankdan kredit götürəndə banklar öz risklərini göz önünə alaraq sahibkarlardan böyük girovlar tələb edirdilər. İndi isə dövlət bu kreditin 60%-nə zəmanət verir ki, bir problem olsa, 60%-ni mən qaytaracam. Yəni, yeni verilən kredit portfelinin 60%-i dövlət zəmanəti ilə veriləcək.

- Banklar bu kredit hansı faizlə verəcəklər?

- Burada iki şərt var. Birinci şərt budur ki, kreditlərin illik faizi 15%-i keçməməlidir və müddəti 3 ilə qədər olmalıdır. Bu portfeldən sahibkara verilən kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidyalaşdırılır. Yəni sahibkar illik 15%-lə kredit götürübsə, onun 7,5%-ni dövlət ödəyəcək. Yəni həm kreditin götürülməsi zamanı 60% təminatı dövlət verəcək, həm də faizin yarısını sahmbkar ödəyəcək.

- Yeddinci dəstək paketi nədən ibarətdir?

- Pandemiyadan ən çox zərər çəkən sahələrdən biri də sərnişindaşıma fəaliyyətidir. Burada “Azal”ı, Metropoliteni, avtobus sərnişindaşımaları və dəmiryol nəqliyyatını vurğulamaq olar. Bu dəstək paketinin də dəqiq detalları müəyyən olunandan sonra ictimaiyyətə mahiyyəti üzrə məlumat veriləcək.

- Səkkizinci dəstək paketi haqda da məlumat verək.

- Məcburi izolyasiya tədbirləri ilə əlaqədar əhali əksər vaxtını evdə keçirir. Bu zaman da əhalidə kommunal xidmətlərdən, xüsusilə elektrik enerjisindən istehlak həcmi artır. Məlumdur ki, kommunal xidmətlərdə müəyyən limit var, həmin limiti keçdikdən sonra taarif dəyişilib 11 qəpik olur. Bu limitin artırılması üzrə həssas qruplar nəzərə alınacaq. İstehlak olunan enerjinin həcmində limit artırılması nəzərdə tutulur.

- Bəs doqquzuncu paket nəyə aiddir?

- Doqquzuncu dəstək paketində isə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailə üzvləri olan tələbələrin təhsil haqları xərclərinin ödənilməsinə dəstək nəzərdə tutulub. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ətraflı açıqlama verəcək. Amma bu istiqamətdə tələbələrin təhsil haqları xərclərinin ödənilməsində dəstək proqramı olacaq.

- Bütün bu işlərə nə  vaxt başlanılacaq?

- Məlum olduğu kimi cənab Prezidentin sərəncamında müəyyən vaxt verilmişdi. Bu müddət artıq bitmək üzrədir. İşçi Qrupları çərçivəsində son müzakirələr gedir. Yəqin ki, qısa müddətdə yekunlaşıb ictimaiyyətə açıqlanacaq.

- Dəstək proqramında günəmuzd işləyənlərin hansısa formada əhatə olunması nəzərdə tutulurmu?

- Hansı işçilərin əmək müqaviləsi var, kənarda qalan olmayacaq. Onlar bu dəstəkdən yararlana biləcək.

Digər xəbərlər