Biznes

«Bu - fors-major halıdır – kredit və icarə haqqı güzəşti almaq olar» - ƏKRƏM HƏSƏNOV

«Bu - fors-major halıdır – kredit və icarə haqqı güzəşti almaq olar» - ƏKRƏM HƏSƏNOV | FED.az
17:37 17 Mart 2020

Koronavirusun qarşısının alınması ilə bağlı tədbirlər getdikcə daha çox sahəni əhatə etməkdədir. Son məlumata görə, hətta ölkə daxilində səfərlər də qadağan edilir, o cümlədən Bakı, Sumqayıt və Abşeron rayonnuna regionlardan giriş məhdudlaşdırılır. Ötən həftədən isə şadlıq evlərinin fəaliyyəti dayandırılıb, restoran–kafelər isə məhdud rejimdə işləyirlər.

Bu tədbirlər və məhdudiyyətlər təkcə dövlət qurumları və vətəndaşların deyil, ilk növbədə biznesin fəaliyyətinə böyük problemlər yaradır. Xüsusilə icarə haqqı və kredjit ödənişi olan biznes sahibləri bu ödənişləri icra etməkdə çətinliklərlə üzləşə bilərlər.

Adətən belə vəziyyətlər fors-major sayılır və bu zaman çətinliklə üzləşən tərəfə güzəştlər edilir.  Məsələn, onların kredit və icarə haqqı ilə bağlı ödənişlərinə güzəşt edilir.

Bəs bizdə necə, koronavirusla bağlı məhdudiyyətlər fors-major halı sayıla bilərmi? Məhdudiyyətin gətirdiyi çətinliklər iş adamlarının kredit tətili alması üçün əsas sayıla bilərmi?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov FED.az-a bildirib ki, sahibkarın aylıq kredit ödənişinin müddətini uzatması üçün sübutu olmalıdır, özü də söhbət təkcə bank kreditlərindən deyil, sahibkarların həyata keçirdiyi bütün ödənişlərdən gedir: «Son iki gündə mənə müraciət edən əsasən bank borcluları deyil. Tur operatorlarının icarə haqqı məsələsi var. Əgər onlara qazana bilməyəcəksə, icarə haqqını necə ödəyəcəklər? O cümlədən digər sahələrdə də oxşar vəziyyət yaranıb».

Ekspert bildirir ki, koronavirusla bağlı məhdudiyyətləri fors-major halı saymaq olar: « Bu hal təbii ki, fors-majordur.  Bu yerdə Mülki Məcəllənin 422-ci maddəsi tətbiq edilə bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə ya dəyişdirilə, ya da ləğv edilə bilər. Əgər müqavilədə başqa qaydalar nəzərdə tutulmayıbsa, tərəflər müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir».

Ekspertin sözlərinə görə, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağılabatan şəkildə əvvəlcədən görə bilsəydilər, onlar müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şəxslərlə bağlayar və ya ümumiyyətlə, bağlamazlar: «Bu baxımdan kredit üçün borc daha çətindir. Çünki hər bir halda krediti qaytarmalısan. Amma krediti götürən sahibkar banka sübut edirsə ki, krediti bu bizneslə məşğul olmaq üçün götürüb, həmin bizneslə də bu səbəbdən məşğul ola bilmir, ödəniş qrafikində dəyişikli edilməlidir. Bu, müxtəlif bizneslər ola bilər – turizm, otel və ya kinoteatr və sair».

 

Hüquqşünasın sözlərinə görə, bu hal bütün bizneslərə aid deyil, çünki indiyi vəziyyət bəzi bizneslərə təsir etməyib: «Məsələn, hazırda ərzaq mağazasının iş qrafikində dəyişiklik yoxdur. Bundan əlavə, kafe və restoranların iş qrafiki axşam saat 9-a qədər müəyyənləşib. Bu cür sahibkarlar üçün kredit ödəniş qrafikində ləngimənin səbəbini sübut etmək bir az çətinləşəcək. Çünki məhdudiyyət yoxdur, işləyirlər. Amma nəzərə alına da bilər».

Ə.Həsənov bildirir ki, bu qayda eyni ilə digər müqavilələrə də şamil oluna bilər: «Məsələn, icarə müqaviləsinə xitam verilə də bilər, dəyişiklik edilməsi də tələb oluna bilər. Aydın məsələdir ki, bu fors-major haldır və bunu heç kəs öncədən görə bilməzdi».

Hüquqşünas bildirir ki, qarşı tərəfdən güzəşt almaq üçün sahibkar özündən asılı olmayan problemlə üzləşdiyini sübut etməlidir: «Sahibkar əsaslandırmalıdır ki, onun biznesi nədir və hökumət nələrə qadağa qoyub, yaxud məhdudlaşdırıb. Sahibkarlara məsləhət görərdim ki, müvafiq dövlət orqanlarına arayış üçün müraciət etsinlər. Bu haqda Nazirlər Kabinetinin qərarını çap edib banklara təqdim etmək də olar. Tutaq ki, sahibkarın biznesi hansısa mehmanxanın camaşırlarını yuymaqdan ibarətdir. Bu halda həmin sahibkar mehmanxanadan bir arayış almalıdır ki, ölkəyə turistlərin gəlməsi qadağan olduğu üçün çirkli paltarlar olmur və sair».

Amma əməkhaqqı alan sıravi vətəndaş bunu əsas gətirərək krediti ləngitmək üçün bankdan güzəşt istəyə bilməz: «Çünki əmkahqqını onsuz da ona verirlər. Doğrudur, banklar onun harada əməkhaqqı almasına da baxır. Əgər biznes sıravi vətəndaşın əməkhaqqısını verməsə, vətəndaşlar və yaxud sahibkarlar bank kredit müqaviləsinin ödəniş qrafikinin dəyişdirilməsini tələb edə bilərlər».

Digər xəbərlər

Banner