“Caspian European Club” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə “B2B Transport forum” keçirib. Forum çərçivəsində nəqliyyat və logistika şirkətlərinin nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
Eləcə də bax: “Caspian European Club” onlayn “B2B FMCG forum” - TƏŞKİL EDİB
FED.az xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev deyib.
İki saat davam edən onlayn forum çərçivəsində müzakirələrə, həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin rəisi Azər Əliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktor müavini Əkbər Kərimov, Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi Fərid Vəliyev, komitənin Yol vergiləri şöbəsinin rəis müavini Sultan Hüseynov, Bakı şəhəri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Dostu) sədri Vüsal Qasımov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.
“Ölkə rəhbərliyi tərəfindən qarşıya Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədi qoyulub. Azərbaycanın tranzit imkanları və mövcud infrastruktur yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verir”, - deyə E.Vəlizadə qeyd edib.
Forumda, həmçinin kadr resurslarının qorunub saxlanılmasının zəruriliyi qeyd olunub, koronavirus pandemiyasının nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə həyata keçirilən dövlət dəstəyi barədə məlumat təqdim edilib.
T.Əliyev “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri adından pandemiya dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinin iqtisadi bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.
“Caspian European Club” tərəfindən yaradılmış “B2B forum” beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və onların həlli yollarını təklif edirlər. Həftədə iki dəfə keçirilən onlayn “B2B forum”lar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrindən olan şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr qurmaq üçün əlavə platformadır.