Biznes

«Hər 10 manatı olan MMC yaradır - 5-10 MİN MANATLIQ HƏDD OLMALIDIR»

«Hər 10 manatı olan MMC yaradır - 5-10 MİN MANATLIQ HƏDD OLMALIDIR» | FED.az
08:57 30 Aprel 2020

Azərbaycanda hüquqi şəxsin yaradılması zamanı tələb edilən minimum nizamnamə kapitalının həddən artıq aşağı olması çirkli pulların dövriyyəsinə səbəb olur. Şirkətlərin daha şəffaf fəaliyyəti və vəsaitlərin leqal dövriyyəyə qayıtması üçün MMC-lərə tətbiq edilən minimum nizamnamə məbləği artırılmalıdır.

Eləcə də bax: Sahibkarlara və şirkətlərə kredit güzəşti - BELƏ OLACAQ – İZAHAT

Bu barədə FED.az-a «Mühasibat Uçotu» jurnalının baş redaktoru, vergilər üzrə ekspertə Əflatun Babayev bildirib.

Xatırladaq ki, hazırda Azərbaycanda hüquqi şəxs – Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılarkən 10 manatlıq nizamnamə kapitalının ödənilməsi kifayət edir. Bəzi iri şirkətlər nizamnamə kapitalına ciddi yanaşıb, iri məbləğlər oturtsalar da, əksər MMC-lərin kapitalı 10 manat ətrafındadır.

İlk baxışdan burada problem yoxdur, amma məsələ ondadır ki, əslində nizamnamə kapitalı şirkətin öz partnyorları, təsisçiləri və kreditorları qarşısında daşıyacağı öhdəliyi müəyyən edir və 10 manat bu baxımdan qeyri-ciddi məbləğ sayılır: «Nizamnamə kapitalı müəssisə yaradılarkən onun işə başlaması üçün qoyulmuş minimal bir məbləğdir. Buradan belə nəticəyə gəlmək olur ki, bu gün istənilən şəxs 10 manat verib MMC təsis edə bilər, elə həmin məbləğdə də məsuliyyət daşıyacaq. Bu, absurddur». 

Əflatun Babayev FED.az-a bildirib ki, Azərbaycanda MMC-lərin nizamnamə kapitalının qanunvericiliklə tənzimlənməsi məsələsi sadəcə yaddan çıxıb: «Mülkü Məcəllədə yazılır ki, MMC-in nizamnamə kapitalının minimal məbləği müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmalıdır. Yəni Nazirlər Kabineti MMC-lər üçün minimal kapital müəyyənləşdirməli idi. Çox təəssüf ki, o vaxtı Nazirlər Kabineti MMC-lərin nizamnamə kapitalını təsdiq etmədi, sonra da bu məsələ yaddan çıxdı. Bu günə qədər də məsələ icra edilməmiş qalıb».

Nizamnamə kapitalı üçün 10 manat müəyyən edilməsi də vaxtilə Ədliyyə Nazirliyindən qalma qaydadır: «Bu 10 manatlıq həddi heç kimi təsdiq etməyib. Əvvəllər müəssisələri Ədliyyə Nazirliyi qeydiyyatdan keçirirdi. Nazirlik öz təşəbbüsü ilə nizamnamə kapitalına 10 manat məbləğ təsdiq etdi. İndi qeydiyyat «bir pəncərə» prinsipi ilə Vergilər Nazirliyi tərəfindən aparılır. Əslində bu məsələ Vergilər Nazirliyinin də işi deyil. Bu məbləği Nazirlər Kabineti müəyyən etməlidir».

Ekspert hesab edir ki, minimal tələbin olmaması qeyri-ciddi şəxslərin MMC təsis etməsinə şərait yaradır: «Əslində, MMC yaradan şəxslər bu işə məsuliyyətlə yanaşmalıdır. Bu gün bir «bomj»un da cibindən 10 manat çıxa bilər. Amma müəssisə açan şəxsin cibində 5-10 min pul olmalıdır. Nizamnamə kapitalı müəssisənin ilkin fəaliyyətə başlaması üçün lazım olan vəsaitin miqdarını göstərir. Hansı sahədə fəaliyyətə 10 manatdan başlamaq olar? Bu onu göstərir ki, fəaliyyətə başlamaq üçün ilkin vəsaiti yoxdur».

Əflatun Babayevin sözlərinə görə, indiki qaydalar onunla nəticələnib ki, dövriyyəsi milyonlarla ölçülən şirkətin kapitalı cəmi 10 manatlır və bu qanunidir: «Azərbaycanda iri müəssisələr var, hansı ki, dövriyyəsi, xalis kapitalı milyonlarla ölçülür. Amma nizamnamə kapitalı 10-50, bəzən də 100 manatdır. Belə çıxır ki, sabah bu məssisəni satanda, ləğv edəndə məlum olur ki, müəssisənin nizamnamə kapitalı 10 manatdı, xalis kapitalı 10 milyon manatdır».

Doğrudur, ötən il Vergilər Nazirliyinin təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində belə müəssisələrin alqı-satqısı zamanı vergilərin reallığa uyğun olaraq hesablanması həll edilib. Amma MMC-lərin tərəfdaşları qarşısındakı məsuliyyəti məsələsi açıq qalıb: «Tutaq ki, 100 manat nizamnamə kapitalı olan şirkət böyük bir tenderdə iştirak edir, yəni onun təsisçilərini cəmi 100 manat məsuliyyəti var, bu absurd məsələdir. Azərbaycanda olan MMC-lər öz adına uyğun deyil. Ölkədə olan müəssislərin 99%-i MMC-dir. Amma mahiyyət etibarilə bunlar MMC deyil, məsuliyyətsiz təşkilatlardır».

Simvolik məbləğdə kapitalla yaradılan MMC-lərin fəaliyyəti üçün təsisçilər əlavə vəsait ayırırlar, amma bu pul kapital kimi deyil, təsisçinin guya MMC-yə borcu kimi rəsmiləşdirilir: «10 və ya 100 manat nizamnamə kapitalı göstərib müəssisəni təsis edirlər,  sonra qeyri-qanunu olaraq 100 min manat gətirib müəssisəyə vəsait qoyur. Bu zaman biri borc yazır, digəri vəsaiti qoyub sonra götürür, yəni düzgün rəsmiləşdirmə getmir. Bütün bunlar da vergidən yayınmalara gətirib çıxarır».

Belə halların ən çox baş verdiyi sahələrdən biri tibbi müəssisələrdir: «Özəl klinika açılır, burada bir qayda olaraq çox bahalı avadanlıqlar olur. Amma müəssisənin balansına, nizamnamə kapitalına baxsaq görərik ki, cəmi 100 manat nizamnamə kapitalı var. Halbuki klinikadakı təkcə avadanlığın qiyməti 10-15 milyon manatdır. Sual yaranır, bu avadanlıq hansı vəsait hesabına, necə alınıb? Sonradan məlum olunur ki, bunlar çöldən-çölə ödənilib».

Ekspertin sözlərinə görə, belə vəziyyətin əsas səbəbi, təsisçilərin vəsaitinin bəzən çirkli pul, yəni mənbəyi bilinməyən pullar olmasıdır. Ona görə də belələri vəsaitlərini qanuni göstərmək istəmirlər.

Ekspertin sözlərinə görə, belə vəziyyətdən ən yaxşı çıxış yolu nizamnamə kapitalına minimal məbləğ tələbi qoymaqdır: «Nizamnamə kapitalına minimal hədd qoyulmalıdır. Yəni bu qədər vəsaitin varsa, gəl müəssisə aç, yoxdursa MMC yarada bilməzsən. Bunun hansı məbləğ olmasını əsaslandırmaq lazımdır. Hesab edirəm ki, heç olmasa 5-10 min manat minimal hədd qoyulmalıdır, daha 10 manat yox. Yəni qeyri-ciddi adamlar müəssisə aça bilməsinlər. Bugünkü müəssisələrin nizamnamə kapitalına baxanda hamısının qeyri-ciddi olduğunu görmək olur».

Nizamnamə kapitalı ilə bağlı tələblər ayrı-ayrı sahələr üzrə fərqlənə bilər: «Bunun üçün analiz aparılmalı və məbləğ əsaslandırılmalıdır. Məsələn, ticarət, istehsal, tikinti sahələrinin növündən və sahənin riskindən asılı olaraq minimal nizamnamə kapitalı tələbi fərqli ola bilər. Məsələn, elə haqqında danışdığımız klinika yaradanda minimum nizamnamə kapitalı 10-15 milyon manat olmalıdır. Çünki klinikada yüzlərlə bahalı avadanlıqlar olur. Nizamnamən 10 manatdırsa bu avadanlığı necə alacaqsan?!».

MMC-lərin simvolik nizamnamə kapitalı ilə yaradılması başqa problemə də səbəb olur. Banklar belə şirkətlərə kredit ayırmırlar. Məsələ bundadır ki, qanunvericiliyə görə, MMC-nin təsisçiləri kreditorlar qarşısında nizamnamə kapitalı həcmində məsuliyyət daşıyırlar: «Yəni bu müəssisəni yaradan şəxslərin məsuliyyəti 10 manatdır. Bu vəziyyət ona səbəb olur ki, MMC-lər bankdan krediti götürə bimlirlər. Heç bir bank heç bir MMC-yə girovsuz kredit vermir. Çünki onun məsuliyyəti cəmi 10 manatdır. MMC bankdan məsələn 1 milyon manat istəyir. Sabah o pul batanda müəssisənin təsisçisi deyəcək ki, 10 manat məsuliyyətim var, onu da verirəm».

Ekspertin sözlərinə görə, Azərbaycanda 10 manar kapitalla MMC yaradılmasına xarici ölkələrdə təəccüblənirlər: «Təxminən 10 il əvvəl xarici bir təşkilatın sifarişi ilə metodik dərs vəsaiti hazırlamışdım. Bu kitabla mühasiblərə kurs keçirilirdi. Orada Azərbaycandakı MMC-lərin nizamnamə kapitalı haqqında yazmışdım. Materiala Moskvada baxıb təsdiqləməli idilər, amma bu məqama inanmadıqlarına görə, kitabı da təsdiq etmirdilər. İnanmırdılar ki, Azərbaycanda MMC-nin minimal kapitalı 10 manat təsdiq edilib».

Qeyd edək ki, nizamnamə kapitalının kiçik məbləğdə, hətta 10 manat həddində olması MMC-lərə dövlət tenderlərində iştirak edərək milyonluq məbləğlər qazanmasına mane olmur. Əflatun Babayev belə halların araşdırılmasını vacib sayır: «Bu məsələni hüquq mühafizə orqanları araşdırmalıdır. Çox güman ki, həmin MMC tenderi keçirən şəxslərə məxsusdur. Tender haqqında qanuna əsasən, tenderdə iştirak edən müəssisənin həmin sahə üzrə bir dövrdə fəaliyyəti və təcrübəsi olmalıdır. Bundan əlavə, maliyyə göstəriciləri üzrə müəyyən tələblər var. Yeni yaranmış müəssisə tenderdə qalib gələ bilməz».

Ekspertin qənaətincə, bir şəxsin adına çoxsaylı müəssisənin açılmasında problem olmamalıdır: «Xaricdə şəxslərin 100 yerdə müəssisələri var. Bizdə də bir şəxs 100 MMC aça bilər. Sadəcə qanunvericiliyə dəyişiklik edilməlidir, müəssisənin nizamnamə kapitalı aydınlaşdırılmalıdır və soruşulmalıdır ki, bu qədər nizamnamə kapitalı üçün pulu haradan gətirmisən».

Əflatun Babayev deyir ki, bu problemlərin həlli üçün ilk növbədə Azərbaycanda çirkli pullarla bağlı məsələ həllini tapmalıdır: «Söhbət təkcə MMC-lərdən getmir, məsələyə geniş baxmaq lazımdır. Məsələn, «Varidata təminat verilməsi haqqında» konstitusiya qanunu var, o ləğv olunmalıdır. Ölkədə çirkli pulların xərclənməsinin, onların harasa yatırılmasının qarşısı alınmalıdır. Ya da dövlət bunları hamısına amnistiya verməlidir. Bu məsələlər həllini tapandan sonra nizamnamə kapitalı məsələsi də həll olunacaq».

Digər xəbərlər