Biznes

İş adamı: «Müştərilərimiz 80% azalıb, dövlətdən dəstək istəyirik»

İş adamı: «Müştərilərimiz 80% azalıb, dövlətdən dəstək istəyirik» | FED.az
11:23 18 Mart 2020

Koronavirus təhlükəsi və onun qarşısının alınması ilə bağlı tədbirlər restoran-kafe biznesinə böyük zərbə olub.

Eləcə də bax: Azərbaycanda restoranlar - SAAT 21-DƏK İŞLƏYƏCƏK – YENİ QƏRAR

FED.az-ın rəyini soruşduğu iş adamları restoranlarda müştəri sayının və dövriyyənin kəskin azaldığını bildirirlər.

Eləcə də bax: Şadlıq evləri: «İşçiləri evə buraxırıq - ƏRZAĞI QAYTARIRIQ»

Restoran biznesi ilə məşğul olan  sahibkar, eləcə də biznes konsultant Müşfiq Hüseynov bildirir ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər bütün iaşə sektorunun fəaliyyətinə mənfi təsir göstərib. Qeyd edək ki, qərara görə, restoranlar axşam saat 21-dək işləyə bilər. Amma iş adamının sözlərinə görə, saat 21-dək vaxt verilməsi müştərilərilərin kəskin azalmasının qarşısını almayıb: «Axşam saat 9-dan sonra məkanların işləməməsi bizim üçün ümumiyyətlə, nonsses oldu. Saat 8-9-a kimi ola biləcək müştərilər də artıq gəlmir. Çünki aktiv vaxt saat 8-9 və 10-11 civarında olur. Bu limitlə nə işləmək, nə də işləməmək olur, amma xərclərimiz yenə də gedir».

İş adamının sözlərinə görə, qadağalardan sonra müştərilər 80%-ə yaxın azalıb.

Qeyd edək ki, martın 17-də Nazirlər Kabineti sahibkarlara dəstək üçün təkliflərin hazırlandığını bildirib. «Dövlətdən hansı dəstəyi istəyərdiniz?» sualına cavab olaraq M.Hüseynov bildirib ki, əsas istək vergi tətilinin verilməsidir: «əslində, istəyəcəyimiz dəstəklər qonşu dövlətlərdə xidmətlərin verdiyi dəstəklərdən yuxarı deyil, hətta ondan aşağıdır. Ən vacib dəstəklərdən biri vergi aministiyasının elan olunması olardı. Minimum 6 ay müddətinə vergi, sosial müdafiə kimi xərclər dayandırıla bilər. Çünki elə obyektlər var ki, yüksək qiymətlə icarəyə götürülüb. İqtisadi artımın yüksək zirvəsdində icarəyə götürüldüyünə görə, icarədarlar qiymətlərdə endirim etməyə meylli deyil. Bütün obyekt sahibləri eyni problemlə qarşılaşır. İcarədarlar endirim etmirlər, çalışırlar ki, məsələni özləri yekunlaşdırsınlar. Təəssüf ki, belə reallıqlar var».

İş adamı bildirir ki, hökumət icarədara təsir edərək ondan icarə haqqının aşağı salınmasını tələb edə bilməz, amma bu problemləri həll etmək üçün onlara 2-3%-lə kredit verə bilər: «Hökumət icarədarlara deyə bilməz ki, sahibkardan bu qədər almayın, bu qədər alın. Çünki bu sahibkarın öz işidir. Amma hökumət sahibkarlara 2-3 faiz civarında güzəştli kredit ayıra bilər. Belə ki, sahibkarlar işçilərinin əməkhaqqısına təsir edəcək hər hansı bir addım atmasınlar. Bunlar hamısı xərcdir və sahibkarın cibindən gedir. Sahibkar hamısının pulunu ödəsə, axırda iflas olar. Burada maraqlı tərəflər kimlərdirsə, onlar əlini daşın altına salmalıdır. Bu nə qədər tez olsa, o qədər yaxşıdır. Ən azı itkilər az olacaq».

Digər xəbərlər