Banner

Biznes

Pivə ilə gedər - AZƏRBAYCANDA AKSİZLƏR YÜKSƏKDİRMİ?

Pivə ilə gedər - AZƏRBAYCANDA AKSİZLƏR YÜKSƏKDİRMİ? | FED.az
10:33 12 Noy 2019

Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliklərdə aksiz dərəcələrinin artırılması ilə bağlı təkliflərin yer alması biznes dairələri arasında heç də birmənalı qarşılanmayıb. Qeyd edək ki, layihəyə əsasən, gələn il Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içki və tütün məhsullarına vergi dərəcələrinin artırılması planlaşdırılır. 

Məlumdur ki, vergi dərəcələrinin optimallaşdırılması müvafiq dövlət qurumları tərəfindən daim diqqətdə saxlanılır və zərurət yarandığı hallarda bu məsələyə yenidən baxılması ilə bağlı təkliflər hazırlanır. Təəssüf ki, vergi dərəcələrinin dəyişdirilməsi ilə bağlı səsləndirilən təkliflər bəzi hallarda əsassız şərhlərlə müşayiət edilir. Xüsusilə son günlərdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər arasında aksiz dərəcələrinin dəyişdirilməsi spirtli içki istehsalçıları arasında müxtəlif fikirlər formalaşdırıb.

Eləcə də bax: Enerji içkiləri və elektron siqaretlərə - AKSİZLƏR GƏLİR

FED.az xəbər verir ki, “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsev mətbuata müsahibəsində aksiz vergilərinin artırılması üzrə təkliflərin şirkətin fəaliyyətinə mənfi təsir edəcəyini bildirib və dünya ölkələrinin təcrübəsi ilə fikrini əsaslandırmağa çalışaraq, bir sıra arqumentlər irəli sürüb. 

Elə isə, gəlin, biz də dünya təcrübəsinə nəzər salaq...

Hər şeydən əvvəl, diqqətə çatdıraq ki, MDB ölkələri arasında yerli spirtli içki istehsalçıları üçün ən aşağı aksiz dərəcələri Azərbaycanda tətbiq olunur. 

Pivə və içməli spirt üzrə bir sıra ölkələrdə yerli istehsal üzrə aksiz vergisinin dərəcələri

Ölkə

Pivə (1 litr üçün)

ABŞ dolları ilə

1

Azərbaycan

0,12 / 0,29

2

Türkiyə       

1,67

3

Estoniya

0,70

4

Rusiya Federasiyası    

0,62

5

Qırğızıstan

0,43

6

Latviya

0,41

7

Litva

0,40

8

Tacikistan

0,39

9

Macarıstan

0,28

10

Polşa

0,25

11

Gürcüstan

0,20

12

Slovakiya

0,20

 

Cədvəldən də göründüyü kimi, ölkəmizdə pivəyə tətbiq olunan aksiz dərəcəsi istehsalda 1 litr üçün 20 qəpikdir (0,12 dollar) və onun 50 qəpiyə (0,29 dollar) qaldırılması təklif edilir. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qəbul olunduğu halda belə, Azərbaycanda aksiz dərəcəsi yuxarıda adları sadalanan ölkələrlə müqayisədə xeyli aşağı olacaq.

“Carlsberg Azerbaijan” şirkəti respublikamızda ən böyük pivə istehsalçısı kimi, bazarda əsaslı paya malikdir. Ölkə iqtisadiyyatına son illər ərzində 50 milyon manatdan çox investisiya qoyduğunu bildirən, ölkədə ən populyar pivə brendinin istehsalçısı olduğunu bəyan edən şirkət üçün hər 330 ml olan pivə şüşəsinə görə 16,5 qəpik əlavə vəsait ödəmək, təbii ki, maliyyə itkisi sayılmamalıdır.  

Xatırladaq ki, hazırda Azərbaycanda pivə idxalçıları üçün aksiz dərəcəsi 1,7 manat təşkil edir və bu, istehsala tətbiq edilən aksiz dərəcəsindən çoxdur. Ona görə də hesab edirik ki, aksiz dərəcələrinin dəyişdirilməsinin yerli istehsala mənfi təsiri və yerli bazarda satışın azalacağı ilə bağlı fikirlərin heç bir əsası yoxdur.

Daxili bazarda olan rəqəmlərə nəzər salsaq, görərik ki, 2018-ci ildə Azərbaycanda pivə satışı 559,98 hektolitr təşkil edib, 2017-ci ildə isə bu rəqəm 485,77 hektolitr olub. 2015-ci ildə ölkədə 505.51,388 hektolitr pivə satılsa da, 2016-cı ilə bu göstərici 388,46 hektolitrə düşüb. Göründüyü kimi, Azərbaycanda pivə satışı aksiz dərəcəsinin dəyişməsi ilə deyil, istehlakçıların məhsula olan tələbatına, demoqrafik vəziyyətə, tariflərə və digər amillərə bağlıdır. 

Kim daha çox spirtli içki qəbul edir?!

Bəzi pivə istehsalçıları aksiz dərəcələrinin dəyişdirilməsinin alkoqolizmə yol açacağı qənaətindədirlər. Onların fikrincə, az spirtli içkilərin əlçatanlığının azalması istehlakçıların daha tünd içkilərdən istifadə etməsinə yol açacaq. 

Bəri başdan qeyd edək ki, Azərbaycan spirtli içkilərin yüksək səviyyədə qəbul olunduğu ölkələr sırasında deyil və burada içkilərin, xüsusilə pivənin qəbulu, əsasən, mövsümi xarakter daşıyır.

Bu səbəbdən, respublikamızda istehlakçıların tünd içkilərə aludəçiliyi və ya alkoqolizm kimi sosial problemlərin başvermə ehtimalı sıfıra yaxındır. 

Ümumdünya Səhiyyə Təşkilatının “Global status report on alcohol and health 2018” adlı hesabatında qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda əhalinin 15 yaşdan yuxarı təbəqəsi arasında içilən spirtli içki ortalama 3,7 litr təşkil edir. Bununla yanaşı, il ərzində kişilər 4,6 litr, qadınlar isə 1,6 litr içki qəbul edirlər.

Təşkilatın hesabatında postsovet ölkələrində qəbul edilən spirtli içkilərin göstəriciləri belədir: Gürcüstan vətəndaşları il ərzində ortalama 27,9 litr (kişilər 36,1, qadınlar 12,7 litr) təmiz spirt qəbul edirlər; Qırğızıstanda 24 litr (kişilər  29,9, qadınlar 10,9); Moldovada 22,8 litr (müvafiq olaraq, 31,7 və 11,1); Ermənistanda 21,3 litr (27,4 kişilər, 9,7 qadınlar); Rusiyada 20,1 litr (30,5 kişilər, 10,5 qadınlar); Qazaxıstanda 19,2 litr (25 kişilər, 8,9 qadınlar); Litvada 18,9 litr (27,9 kişilər, 9,7 qadınlar); Türkmənistanda 17,8 litr (22,4 kişilər, 8 qadınlar); Latviyada 17,2 litr (25,1 kişilər, 8,6 qadınlar); Estoniyada 15,9 litr (22,9 kişilər, 7,9 qadınlar); Tacikistanda 15,8 litr (müvafiq olaraq, 19,3 və 7,1); Belarusda 15,2 litr (22,8 və 7,9); Ukraynada 13,8 litr (20,5 və 7,1); Özbəkistanda 12,8 litr (15,8 və 5,7). 

Belə olan halda, əlavə şərhə ehtiyac varmı?

Aksiz vergilərinin artırılması nəyə xidmət edir?!

Spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsinin insan sağlamlığına təsiri sosial baxımdan əsaslandırılmasa da, icbari tibbi sığortanın tətbiqi baxımından vacib amildir. Belə ki, “Tibbi sığorta haqqında” Qanunun “İcbari tibbi sığorta üzrə sığorta haqları” adlı maddəsində göstərilir ki, icbari tibbi sığortanın maliyyə mənbələrindən biri aksizlərdən daxil olan vergilərdir.

Deməli, aksiz dərəcələrinin dəyişdirilməsi sosial maraqlara xidmət edir. Bu sahədən əldə olunan vəsait vətəndaşların sağlamlığına, onların keyfiyyətli tibbi xidmətlə təmin edilməsinə və həmin xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığına yönəldiləcək. 

Qeyd edək ki, bu tendensiya dünya təcrübəsində də geniş tətbiq olunur: bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sağlamlıq üçün zərərli sayılan məhsullara tətbiq edilən vergilər üzrə daxil olan vəsait, əsasən, əhalinin sağlamlığının təmin olunması ilə bağlı səhiyyə proqramlarına yönəldilir. Aksiz vergilərindən gələn gəlirlərin piylənmə, şəkər və başqa xəstəliklərdən əziyyət çəkənlərin müalicəsinə yönəldilməsi təcrübəsi Türkiyədə, ABŞ-da və əksər Avropa ölkələrində mövcuddur. 

Oxu

Digər xəbərlər

Banner