Biznes

«Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ

«Supermarketlərin xərci birə-beş artıb - Həftədə 2 Ton Spirt Alırıq» - MÜSAHİBƏ | FED.az
08:56 5 Avq 2020

Azərbaycanın ticarət şəbəkələri hökumətdən yeni güzəştlər istəmək niyyətindədirlər.

FED.az xəbər verir ki, yeni yaradılmış və sıralarında iri ticarət şəbəkələrini birləşdirən «Ticarət şəbəkələri» İctimai Birliyi bununla bağlı hökumətə müraciət edib.

Eləcə də bax: Əhali karantində marketlərdən razı qalıbmı? – MƏLUM OLUB

Güzəştlərin bir hissəsi ticarət sahəsində çalışan işçilər üçün sosial sığorta haqlarının azaldılmasına, eləcə də COVİD-19 virusu ilə mübarizəyə aiddir.

Tticarət şəbəkələrinin planları ilə bağlı FED.az-ın suallarını «Ticarət şəbəkələri» İctimai Birliyinin sədri Samir Abdullayev cavablandırıb.

- Samir müəllim, yeni yaranan təşkilatın üzvləri kimlərdir?

- Mağaza sayına görə ölkədəki iri market şəbəkələri üzvlərdir. «Rahat», «Araz» supermarketlər şəbəkəsi, «Bazarstore» artıq üzvlərimizdir. Yaxın vaxtlarda «Bravo» və başqaları da təşkilata qoşulacaq. Hazırda 4 böyük şəbəkədən 3-ü artıq Assosiasiyanın üzvüdür.

- Ticarət şəbəkələri Assosiasiyası tndi hansı məsələləri həll etmək niyyətindədir, gündəmdə olan məsələlər hansılardır?

- Gündəmdə olan məsələləri ilk toplantıda dəqiqləşdirəcəyik. Əsas məsələlər «Covid-19»la bağlıdır və ilk iclasda onun gətirdiyi çətinliklər və tədbirlər müzakirə ediləcək. Müzakirə edəcəyik ki, hansı məsələləri özümüz edə bilərik, hansıları isə dövlətdən dəstək almalıyıq. Çünki hamı fəaliyyətini dayandıranda bizim ticarət şəbəkələrimiz işləyirdi. Bundan başqa, işçilərin sosial müdafiəsi üçün hansı addımların atıla biləcəyini dəqiqləşdiririk. Nəhayət, digər məsələ sahədə çalışan işçilərin attestasiyasıdır.

- Təşkilata üzv olan şirkətlərin işçi sayı nə qədərdir?

- Üzv şəbəkələrin işçi sayı 12 minə yaxındır.

- Bildirdiniz ki, təşkilat üzvləri dövlət dəstəyini də müzakirə edəcək. Dövlət dəstəyi dedikdə nə nəzərdə tutursuz, hansısa Vergi güzəşti?

- Vergi güzəşti də ola bilər, söhbət təkcə maliyyə dəstəyi deyil, bəzi qanunlardan da gedir. COVID-lə bağlı üzərimizə həddən artıq çox yük düşüb. Bəzi tələbləri, hansı ki, mənasızdır, dəyişmək lazımdır.

- Samir müəllim, əksər bizneslərin dayandığı bir vaxtda ərzaq mağazaları işləyib və indi də işləyir. Kənardan belə görünür ki, ticarət şəbəkələrinin vəziyyəti digərlərindən daha yaxşı olmalıdır.

- Xeyr, vəziyyət göründüyü kimi deyil. Əvvəla dövriyyəmiz artmayıb. Bəzi günlər satış olmadı, sonra bərpa edildi, daha sonra ümumiyyətlə işləmədik. Yəni aylıq götürəndə satışda böyük artım yoxdur, kim nə qədər yeyirdisə indi də o qədər yeyir, qida sektorudur, belə ciddi artım yoxdur.

Əvəzində bu dövrdə xərclərimiz birə beş artıb. Əvvəla, nəqliyyyatın qadağan edilməsi - heç bir nəqliyyat yox idi və işçilərin hamısını taksi ilə aparıb-gətirməli olurduq. Nəqliyyat, maska, dezinfeksiya kimi əlavə xərclər ortaya çıxıb.

Təsəvvür edin, təkcə «Rahat market» şəbəkəsindən gündə 100 min insan keçir və təkcə onların əllərini dezinfeksiya etmək üçün həftədə iki ton spirt alırıq.

- Koronavirusdan əlavə, ticarət müəssisələrini indi başqa hansı problemlər narahat edir?

COVİD-dən başqa ticarət şəbəkələri qarşısında əsas problemlərdən biri vergi ilə bağlıdır.

Vergi qanunvericiliyi ilə bağlı bizi məsələlər var və bununla bağlı bir sıra təkliflər hazırlamışıq. Həmin təklifləri İqtisadiyyat Nazirliyinə təqdim etmişik.

- Bunlar nə təkliflərdir?

- Bəzi məsələlərin yüngülləşdirilməsini istəyirik. Məsələn, bəzim ticarət şəbəkəloərində işləyən insanların yaş həddi 25 yaşa qədərdir, amma pensiya fonduna sosial ayırmaların məbləği böyükdür. İstəyirik ki, burada müəyyən güzəşt olunsun ki, həm işçilərin sosial müdafiəsi mümkün olsun, həm də daha hazırlıqlı kadrları cəlb edə bilək.

- İndi sosial ödəmələr 25%-dir. Bunun hansı dərəcəyə endirilməsini təklif edirsiniz?

- Bu yüksək dərəcə və böyük məbləğdir. Təklif edirik ki, bu faizlər aşağı salınsın. Çünki biz işə cavan adamları cəlb edirik, və həmin vəsaiti (yəni dərəcənin aşağı salınmasından əldə edilən vəsaiti – FED.az) yönəldərik həmin işçilərin əmək haqqına. Fikrimizcə bu addım cavanları işlə təmin etməyə çox böyük kömək edər. 

- Sosial ödəmənin azaldılmasının cavan işçilərlə nə əlaqəsi var?

- Bilirsiniz, ticarət şəbəkələrinə daha çox gənc işçiləri dəvət edirik. Marketlərdə işləmək istəyən 50-60 yaşdan yuxarı adamlar kifayət qədər çoxdur. Amma ama biz həmin yaşlı adamlarda həmin effekti ala bilmirik. İşə daha çox cavanları cəlb edirik. Gənc işçilər də bizim əmək şhaqları maraqlı olmalıdır. Bizdə o qədərdə yüksək əmək haqqı yoxdur. Dərəcələr aşağı düşərsə, əldə etdiyimiz məbləği onların maaşlarının üzərinə yönəldərik. Ümumiyyətlə, bununla bağlı 4-5 təklif var. Bu barədə müzakirələrdən sonra geniş məlumat verə bilərik.

- İşçilərin ümumi attestasiyacı ilə bağıl nə təklifiniz var?

- Ticarət şəbəkələrinin əsas problemlərindən biri biri işçilərin peşəkar səviyyəsi ilə bağlıdır. Yeni işçilər pərakəndə ticarəti bilmirlər, elə bir məktəb və tədris ocağı da yoxdu ki, onları hazırlaşdırsın.

Ona görə də, bəzim təşkilat ticarət şəbəkələrində çalışan işçilərin ümumi attestasiyası, sertifikatlaşması, icazə verilməsi kimi məsələlərlə də məşğul olacaq.

Biz elə bir mərkəz qurmaq istəyirik ki işçilərdə elə bir yerin serifikatı olsun ki, hamı görəndə inansın ki, bu insan burada təhsil alıb və lazımi biliklərə malikdir.

-  Hazırda Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi var. Ola bilər ki, bu məsələyə onlar da cəlb edilsin?

- Biz bu barədə müzakirə edəcəyik. Ancaq bundan sonra dəqiq nəsə demək olar. Elə məsələlər var ki, oturub müzakirə etmək lazımdır.

- Samir müəllim, satış şəbəkələri arasında gəlir marjası ilə bağlı koordinasiya olunmuş siyasət, məsələn eyni qiymət siyasəti aparılması ehtimalı varmı?

- Xeyr, belə ideya ümumiyyətlə nəzərdə tutulmur. Assosiasiya ictimai təşkilatdır və şəbəkələrin ümumi problemlərinin müzakirəsi üçün nəzərdə tutulub. Biz bazar iqtisadiyyatındayıq, eyni siyasət yürütmək mümkün deyil və bu düzgün də olmazdı.

Əsas problemlərimizin qarşısında biz birik, amma ümumilikdə biz yenə də rəqibik. 

Digər xəbərlər

Banner