Biznes

Yeni vergi güzəştləri açılandı - PREZİDENTƏ MƏRUZƏ EDİLDİ

Yeni vergi güzəştləri açılandı - PREZİDENTƏ MƏRUZƏ EDİLDİ | FED.az
19:04 17 Aprel 2020

Azərbaycanda biznes üçün yeni vergi güzəştləri açıqlənıb.

FED.az xəbər verir ki, bu yeniliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb.

O, aşağıdakı hissələrdən ibarətdir və bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər.

İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.

Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb.

Prezident İlham Əliyev: Sahibkarlarla bu məsələ ilə bağlı müzakirələr aparılıb?

Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizin Sərəncamınıza uyğun olaraq yaradılmış işçi qruplarında sahibkarlıq subyektləri, Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və bütün aidiyyəti dövlət orqanlarının iştirakı ilə müzakirələr aparılıb və sahibkarların rəyi nəzərə alınıb.

Prezident İlham Əliyev: Yəni, sahibkarların bu təkliflər paketinə münasibəti nədən ibarətdir, bu, onları qane edir, yoxsa bundan daha böyük güzəştlər istəyirlər? Bu barədə məlumat verin.

Nazir Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, vergi güzəştlərinə gəldikdə, bu, geniş və əhatəli vergi güzəşti paketidir. Məlum olduğu kimi, bu, yeganə dəstək mexanizmi deyil. Nümunə kimi, bu gün Maliyyə Sabitliyi Şurasında müzakirəsi gözlənilən məsələ ondan ibarətdir ki, bütün digər biznes fəaliyyətinə də pandemiyanın təsirsiz ötüşməməsini nəzərə alaraq, misal üçün, bank kreditləri olan və bank kreditlərinə də requlyativ tədbirlərin yumşaldılması. Bu, sahibkar üçün nə deməkdir? Bu, o deməkdir ki, banklara imkan verir ki, onların cari kredit ödənişlərini yumşaldır, restrukturizasiya edir, dövr verir, müddət verir. Bu iş Mərkəzi Bankın, Banklar Assosiasiyasının təşəbbüsü ilə işçi qrup çərçivəsində, aidiyyəti digər işçi qrup çərçivəsində İqtisadiyyat Nazirliyində sahibkarların iştirakı ilə həyata keçirilir. Bu qərarın da qısa müddətdə Sizin diqqətinizə təqdim edilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev: Yaxşı. Verdiyim tapşırıqları operativ, şəffaf şəkildə yerinə yetirmək lazımdır. Əminəm ki, bu tədbirlərin görülməsi nəticəsində biz həm əhalinin sosial müdafiəsini gücləndirəcəyik, eyni zamanda, sahibkarlara əlavə dəstək verəcəyik və ən önəmlisi, insanların həyatını, sağlamlığını qoruyacağıq.

Əminəm ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik. Sağ olun.

Digər xəbərlər