Banner

Digər

“KAT Holdinq”in həbsdəki rəhbərinin arvadının adına olan evə də həbs qoyulub

“KAT Holdinq”in həbsdəki rəhbərinin arvadının adına olan evə də həbs qoyulub | FED.az
19:55 24 Fev 2021

“KAT Holdinq” MMC-nin həbsdə olan təsisçisi Elçin Ələkbərov barəsində ibtidai istintaq davam edir.

FED.az xəbər verir ki, həbs edilən Elçin Ələkbərovun həyat yoldaşı Olqa Ələkbərova bildirib ki, Elçin Ələkbərovun öz adına, övladlarının adına olan əmlaklarla yanaşı onun və anası Lidiya Deqtyarevanın adına olan Səbail rayonu, Z.Əliyeva küçəsindəki iki mənzilin üzərinə də həbs qoyulub.

Olqa Ələkbərovanın sözlərinə görə, özünün və anasının adına olan və hazırda yaşadıqları evlərin üzərinə qoyulan həbsin götürülməsi üçün bir neçə dəfə məhkəməyə müraciət ediblər.

Məlum olub ki, əvvəlcə Olqa Ələkbərova və anasının adına olan iki mənzilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub. Olqa Ələkbərova və anası bu qərardan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin bu qərarını ləğv edib.

Bundan sonra istintaq orqanı yenidən məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsi yenidən eyni mənzillərin üzərinə həbs qoyub.

Olqa Ələkbərova yenidən Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Maraqlıdır ki, bu dəfə eyni məhkəmə- Bakı Apelyasiya Məhkəməsi mənzillərin üzərinə həbs qoyulması qərarını qüvvədə saxlayıb. Bununla da Olqa məxsus mənzillərin üzərinə həbs qoyulması ilə bağlı eyni məhkəmənin iki fərqli hakiminin iki fərqli qərarı olmuş olub.

Olqa Ələkbərova bu qərarların qanunsuz olduğunu deyir.

İş adamı hələ ki Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinir.

7 aydan artıqdır davam edən ibtidai istintaqın yaxın günlərdə bitməsi və işin araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.

Elçin Ələkbərov son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusanın şikayəti əsasında həbs edilib.

Məlumata görə, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib. Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.

Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1 və 313-cü maddələri cinayət işi başlanıb. Lakin bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinin başlanması rədd edilib.

Povilas Pociusa şikayətlərini davam etdirib. Sonradan isə Elçin Ələkbərova qarşı Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Bununla da Elçin Ələkbərov özünün həmtəsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə suçlanıb.

Qeyd edək ki, Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir. Elçin Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da məsuliyyətə cəlb edilib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.(Musavat.com)

Banner
Banner

Digər xəbərlər