Dövlət

Amerika Bakı ilə kontaktlara başladı – Dövlət katibi İlham Əliyevə zəng etdi

Amerika Bakı ilə kontaktlara başladı – Dövlət katibi İlham Əliyevə zəng etdi | FED.az
00:58 29 Aprel 2021

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə telefonla zəng edib. 

FED.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. 

Telefon zənginə görə dövlət katibinə minnətdarlığını bildirən İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu xatırladıb, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini qeyd edib. 

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib. 

Regionda kommunikasiyaların açılmasının önəmini vurğulayan Prezident İlham Əliyev, uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparmışlar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar. 

Entoni Blinken bildirib ki, ABŞ hökuməti bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıb. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq edib. 

Telefon danışığı zamanı ABŞ prezidenti Baydenin qondarma erməni soyqıımı ilə bağlı açıqlamasına da toxunulub. Azərbaycan Prezidenti, ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki,  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Amerika Bakı ilə kontaktlara başladı – Dövlət katibi İlham Əliyevə zəng etdi | FED.azAmerika Bakı ilə kontaktlara başladı – Dövlət katibi İlham Əliyevə zəng etdi | FED.az
Banner
Banner

Digər xəbərlər