Dövlət

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - PREZİDENT

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - PREZİDENT | FED.az
08:54 29 Mart 2020

Prezident İlham Əliyev xüsusi karantin rejimində otelləri karantində saxlanılan insanların sərəncamına verən iş adamlarına minnətdarlığını bildirib.

Eləcə də bax: "Xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi"

FED.az xəbər verir ki, dövlət başçısı “Yeni Klinika”nın açılışındakı çıxışında görülən tədbirlərin vətəndaşları maksimum qorumaq məqsədi daşıdığını bildirib:

“Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq. Hazırda cəmi iki istiqamət üzrə, özü də həftədə bir dəfə aviareyslər təşkil edilir. Bu aviareyslər ancaq Azərbaycan vətəndaşlarını ölkəmizə gətirmək rejimində işləyir. Onu da bildirməliyəm ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşı digər ölkələrdən ölkəmizə təxliyə edilib. Hazırda Azərbaycana gəlmiş hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, bizim karantin üçün də gördüyümüz işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndində saxlanılır.

Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm. Onların arasında ölkəmizin ən böyük oteli olan “Bulvar Hotel” bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdi. “Qafqaz”, “Pullman” otelləri, bölgələrdə, o cümlədən Lənkəran şəhərində, Lerik şəhərində, bizim digər şəhərlərimizdə, Nabranda yerləşən otellər - yəni, bizim dörd, beş ulduzlu bütün əsas otellərimiz, istirahət zonaları karantində saxlanılan insanların sərəncamına verildi. Bundan başqa, bizim bəzi dövlət qurumlarının istirahət zonaları vardır, onlar da bu işə cəlb edildilər. Yəni, bir daha demək istəyirəm ki, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb. Belə də olmalıdır. Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.

Qafqazinfo

 

Digər xəbərlər