Banner

Dövlət

Prezident yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB - VİDEO

Prezident yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB - VİDEO | FED.az
20:13 28 May 2020

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

FED.az xəbər verir ki, pezident İlham Əliyev açılışda iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev təməli ötən ilin iyulunda qoyulan kompleksdə yaradılan şərait barədə məlumat verdilər.

Bildirildi ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Qeyd edildi ki, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park-1”, ötən il isə “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb. “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.

Dövlətimizin başçısına və birinci xanıma ərazidə özəl şirkətlər tərəfindən inşa olunan yaşayış kompleksi barədə də məlumat verildi. Bildirildi ki, burada 2 bina inşa olunur və bu binalarda 100-ə yaxın mənzil olacaq.

Kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub.

Bildirildi ki, kompleksdə inşa olunan Füzuli rayon 4 saylı tam orta məktəbin 960 yerlik məktəb binası zəruri tədris avadanlığı ilə təchiz edilib, şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli imkan yaradılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası haqqında məlumat verilib.

Qeyd edildi ki, ilk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

“Qobu Park-3” yaşayış kompleksində inşa olunan mənzillərlə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə əsasən Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

Dövlət başçısına kompleksdə reallaşdırılan iki biznes layihəsi barədə də məlumat verilib.

Qeyd olundu ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədi daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisədə gün ərzində 1000-ə yaxın yumşaq və 500-ə yaxın plastik oyuncaq istehsal ediləcək. Yumşaq oyuncaq təxminən 15-20, plastikdə oyuncaqlar isə 10 çeşiddə olacaq.

Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park 3”ün sakinlərindən formalaşdırılacaq. Şirkətlər icarə xərclərindən azad olunub ki, bu da müvafiq layihələrin kompleksdə reallaşdırılmasını sahibkarlar üçün cəlbedici edir. Layihələr yalnız sosial əhəmiyyəti ilə seçilmir. Onlar, eyni zamanda, biznes yönümlüdür. Belə ki, hər iki müəssisədə istehsal olunacaq məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edəcək.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüblər, dövlət başçısı görüşdə çıxış edib.

Digər xəbərlər

Banner