Banner

Energetika

Ali Ağaoğlu: “SOCAR istiqrazlarının bahalaşması inamın və qazancın yüksəlmasinin göstəricisidir” - VİDEO

Ali Ağaoğlu: “SOCAR istiqrazlarının bahalaşması inamın və qazancın yüksəlmasinin göstəricisidir” - VİDEO | FED.az
10:49 17 Aprel 2019

SOCAR istiqrazları ötən iki il yarımlıq bir dövrdə Azərbaycan maliyyə bazarında uğurla iştirak etdi və bu günlərdə artıq istiqraz sahiblərinə 10-cu faiz ödənişi edilib. Beləliklə SOCAR istiqrazlarının faiz ödənişlərinin yarısı yekunlaşdı və istiqraz sahibləri ümumilikdə 12,5 milyon dollar qazandılar. Geridə qoyduğumuz bu dövrdə SOCAR istiqrazlarının bazarda yeri, yatırımçılara və şirkətə gətirdiyi gəlir, maliyyə bazarına verdiyi fayda, ümumilikdə Türkiyə və Azərbaycan iqtisadiyyatındakı son durum və digər mövzular ətrafında SOCAR prezidentinin maliyyə bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu ilə həmsöhbət olduq.

- Ali bəy, artıq SOCAR istiqarazları üzrə 5 illik müddətin tən yarısına gəlindi, bu günlərdə 10-cu faiz ödənişi ediləcək. Ötən dövrü necə qiymətləndirirsiniz? İstiqrazların alış-satışı, qazandırdığı gəlir, etibarlılığı və sairlə bağlı fikirləriniz necədir?

- Biz bu yolun tam ortasındayıq, yarıyolu keçdik. Həm ilkin dövrdə atdığımız addımlar, həm də bu gün maliyyə bazarında, yəni ikinci bazarda fiziki  və hüquqi şəxslərin göstərdiyi maraq həqiqətən də önəmli bir işə imza atdığımızı göstərir. Biz hazırda onun qürurunu yaşayırıq. Yalnız öz adıma deyilə, SOCAR adına da deyə bilərəm ki, belə bir məsələdə qabaqcıl olmaq çox qürurvericidir. Həmçinin maliyyə bazarlarının inkişafına böyük fayda verdiyimizə inanıram.  Sizinlə paylaşacağım rəqəmlərdən də görə bilərsiniz ki, önəmli bir mərhələni keçdik. İlk növbədə alqı-satqı prosesini çox asanlaşdırdıq. Əvvəllər bu proses 2-3 gün çəkirdi, indi isə artıq 20 dəqiqəyə enib. Bizim açdığımız yoldan digər istiqrazlar da gəldi. Maliyyə bazarlarının inkişafı üçün bu çox önəmli bir uğurdur.

Digər tərəfdən, hazırda gəldiyimiz nöqtədə SOCAR istiqrazlarının qiymətinin çox yüksəlmiş olması, xüsusilə də fiziki şəxslərin marağının artması bizi çox məmnun edir. Ümid edirəm ki, bundan sonrakı dövrdə də, yeni istiqrazların buraxılması, sadəcə SOCAR deyil, digərlərinin də maliyyə bazarına daxil olması üçün müsbət bir təcrübənin yaranması baxımından fayda verdiyimizi düşünürəm. Hazırda çox özəl bir gündəyik. Yolun yarısını keçdik, heç bir axsama olmadı. İnsanların SOCAR istiqrazlarına inamı artdı, maliyyə bazarında canlanma yarandı. Bu mənada gözəl bir iş oldu.

- SOCAR istiqrazları ilk dəfə bazara çıxanda da sizinlə müsahibəmiz olmuşdu və o zaman bəzi proqnozlar vermişdiniz. İstiqrazların alış-satışı ilə bağlı rəqəmlər nə deyir, bu proqnozlar özünü doğrultdumu?

Uzun illərdə topladığım təcrübəyə və Türkiyədə gördüklərimə dayanaraq deyirəm ki, SOCAR istiqrazlarının bir özəlliyi var ki, o heç bir istiqrazda yoxdur. Heç bir şirkət 1000 dollardan geri qaytarma zəmanəti ilə istiqraz satmır. Bəzi istiqraz və səhmlərdə qısa müddətli, məsələn ilk buraxılışda 1 həftə və ya 3 aylıq dövrdə belə bir geri qaytarma zəmanəti verirlər. Ancaq istiqrazın bazarda olduğu bütün müddət boyunca belə bir geri qaytarma zəmanətini heç bir şirkət vermir. İlk dəfə SOCAR istiqrazlarına belə bir zəmanət verilib. Ancaq qürurla deyə bilərəm ki, ötən müddət ərzində istiqrazların geri qaytarılması təcrübəsi olmadı. Heç bir fiziki şəxs bizə gəlib, “istiqrazınızı alın, pulumu geri verin” demədi. Bazar şərtləri daxilində istiqrazların qiymətinin1000 dollara düşdüyü vaxtlar oldu, ancaq 1000 dollardan daha aşağı heç zaman  düşmədi. Heç kim istiqrazların dəyərinin 1000 dollardan aşağı düşəcəyini düşünərək müraciət etmədi. Bu da bizim önəmli uğurlarımızdan biridir. Ancaq SOCAR istiqrazlarının qiymətində artım da oldu, hazırda 1046 manata alınıb-satılır. Bu o baxımdan önəmlidir ki, son faiz ödənişi edildiyi zaman geriyə 34 dollar civarında bir fərq qalır. Bu ən azı iki dəfəlik faiz ödənişinin qazanc olaraq üzərinə əlavə edildiyi mənasına gəlir. Hazırda satın almaq istəyənlər 3%-ə yaxın faiz ödənişindən imtina etməlidirlər ki, bu istiqrazı satın ala bilsinlər. Faiz gəliri sabit qaldığı halda, qiyməti yüksəldiyi üçün istiqrazın gətirdiyi gəlir azalmış olur. Ancaq əgər bu faiz ödənişlərini də götürmədən istiqraza yatıracaqsınızsa, ilin sonunda faiz gəlirini 5,1 faizə qədər yüksəlmiş olar. Hazırda isə illik gəliri alış-satış qiymətindən asılı olaraq 3,5-3,9 faiz  arasında dəyişir. Yəni, illik gəlir 5 faiz olsa da, istiqrazı aldığınız zaman 1000 dollardan artıq pul ödədiyiniz üçün , gəliriniz 3,5-4 faiz arasında olur. SOCAR istiqrazlarının qiymətinin artması isə o deməkdir ki, maliyyə bazarında ona inam artıb və qazancı yüksəlib. Hazırda da fiziki şəxslərin marağı daha çoxdur. Hər 4 müştərimizdən biri ya istiqrazlarının sayını artırır, ya da alacaqları faiz ödənişlərini təkrar istiqraza yatırırlar. Bu da  həm bizim, həm də maliyyə bazarı üçün çox müsbət bir haldır.

- Statistik göstəricilər bu dediklərinizi təsdiqləyirmi?

- SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının toplam həcmi 172 milyon dollara yüksəlib. 2016-cı ilin oktyabr ayında 100 milyon dollar olaraq bazara çıxmışdıq, o dövrdən  bu yana ikinci bazarda əməliyyatların həcmi 172 milyon dolları ötüb. 2017 və 2018-ci illərdə maliyyə bazarındakı əməliyyatların böyük bir qismi SOCAR istiqrazlarına aiddir. Keçirilmiş əməliyyatlara baxsaq görərik ki, digər istiqrazlarla SOCAR istiqrazları arasında çox böyük fərq var. 2017-ci ildə SOCAR istiqrazlarında 682 əqd  gerçəkləşib, digər istiqrazlarda isə 27 əqd var. 2018-ci ildə 813 əqd bağlanıb, digər istiqrazlarda isə 34 əqd var. Bu il isə hələ ilin əvvəli olduğundan SOCAR istiqrazları ilə bağlı 110 əqd bağlanıb, digər istiqrazlarda isə 12 əqd var. Bizim istiqrazlar üzərində aparılan əməliyyatın sayı baxımından da çox öndə olduğumuzu deyə bilərəm. Çünki digərləri ilə müqayisədə SOCAR istiqrazları ilə daha çox alqı-satqı aparılıb. Bu həm maliyyə  bazarda əməliyyatların həcminə önəmli dərəcədə fayda verir, həm də bazarda aktivliyin artmasına xidmət edir. Burada SOCAR istiqrazlarının altyapısının güclü olmasının və SOCAr-0ın zəmanət verməsinin də önəmli rolu var.
 

- SOCAR istiqrazlarının alqı-satıqısında iştirak edənlər daha çox hüquqi yoxsa, fiziki şəxslər oldu? Əhalinin əsasən hansı təbəqəsi bazarda aktiv iştirak etdi?

- Fiziki və hüquqi şəxslərdən hansının daha aktiv iştirak etdiyini müşahidə etmək imkanımız oldu. SOCAR istiqrazlarını alan fiziki şəxslərin sayı  hüquq şəxslərdən 2 dəfə, aldıqları istiqrazların həcmi isə 4 dəfə artıq oldu. Hüquqi şəxslərin sayında çox böyük dəyişiklik olmadı. Ancaq istiqrazların qiyməti qalxdıqda, qazanc olduğu zaman onlar bu işdən mənfəət əldə etmək istədilər. Buna görə də, əllərindəki istiqrazların sayını azaltmağa başladılar. İstiqrazlar hüquqi şəxslərdən fiziki şəxslərə keçdi. Bu xalqımızın SOCAR istiqrazlarına inamını göstərir. İstiqraz alanların hansı təbəqədən olmasına gəlincə, onların tərkibi qarışıqdır. Yüksək gəlirli insanların iştirakı azdır. Bizim üçün isə onun daha geniş kütləyə yayılmış olması, istiqraz sahiblərinin sayının  çox olması önəmlidir. Yüksək gəlirli təbəqənin iştirakı daha azdır, orta gəlirli təbəqədən olan iştirakçılar daha çoxdur.

- Ali bəy, SOCAR istiqrazları ilə bağlı 5 illik müddətin yarısı geridə qaldısa, yarısı da hələ qarşıdadır. Həmin dövrü necə proqnozlaşdırırsınız, nə vəd edirsiniz? Hazırda istiqrazı olanlar, həmçinin almaq istəyənlər üçün tövsiyələrini nədir?

- İnsanlar  əllərindəki istiqrazları satmadıqları üçün onun qiyməti yüksəldi. Çünki satanlar qarşıdakı 3 dəfəlik, yəni 9 aylıq faiz ödənişindən imtina etməli olacaqlar. Bu qədər qazanclı olduğu üçün əllərində istiqraz olanlar satmaq istəmirlər. Ona görə də, alqı-satqı  əməliyyatlarının sayı azalıb. İstiqraz sahibləri qiyməti artdığı üçün satmaq istəmir, bu zaman qiymət daha da yüksəlir. Bu dəfə də almaq istəyənlər, çox baha hesab edirlər və almaqdan imtina edirlər. Buna görə də, əməliyyatların həcmi azalır. Bu mövzuda nə etmək olar deyə düşünürük, üzərində çalışırıq.
 

- Yeni istiqrazların buraxılması planda varmı?

- Yeni istiqrazların tədavülə buraxılması ilə bağlı məsələni SOCAR prezidenti və  SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov müzakirə edirik. Hələ dəqiq qərar verilməyib, ancaq belə uğurlu bir istiqrazımı varkən , yenisini də tədavülə buraxmağı düşünürük. 6 ay öncə də belə bir fikir var idi. Ancaq son iki faiz ödənişi dövründə qiymətin bu qədər yüksəlməsi və qazancın artması bizi bu mövzuda bir qədər də cəsarətləndirir.
 

- Hazırda Türkiyə iqtisadiyyatında hansı proseslər gedir, son durum necədir və bu durum SOCAR-ın Türkiyədəki yatırımlarına necə təsir edir?

Türkiyə iqtisadiyyatına baxsaq, biz demək olar ki, hər 10 ildə dalğalanmalar yaşayırıq, böhran keçiririk. 2008-ci ildə dünyada gedən proseslərdən dolayı bir böhran yaşamışdıq, 2018-ci ildə yenidən bir böhranın içərisinə düşdük. Yəni növbəti bir 10 illik dövrün sonuna gəldik. Biz bu böhranları idarə etməyi də bacarırıq, təcrübəliyik. B baxlmdan hər hansı ciddi problem yoxdur  və uzunmüddətli dövrdə Türkiyədə hər hansı problemin olacağını gözləmirəm. Mən 1986-cı ildən bəri maliyyə bazarını müşahidə edirəm, 1988-ci ildə də böhran var idi, 1998-ci ildə də, 2008-ci ildə də, nəhayət 2018-ci ildə də böhran oldu. Biz artıq buna alışdıq, idarə etməyi də bilirik. Bəzən nəsə problemlər yaşanır, onu da həll edirik. Bəzən tez reaksiya veririk, bəzən gec olur. Amma hazırda elə böyük  bir problemimiz yoxdur. Toplam xarici borcumuzun ümumdaxili məhsula nisbəti 55-56 faizə bərabərdir. Söhbət həm ictimai, həm də özəl sektorun borclarından gedir. ABŞ-da, Almaniyada və digər bəzi dövlətlərdə xarici borcun ümumdaxili məhsula nisbəti 100 faizə bərabərdir. Biz burada həm ictimai, həm də özəl sektorun borclarını hesablayırıq. Onlarda isə sadəcə ictimai borclar nəzərdə tutulub, özəl sektor buraya daxil deyil. Özəl sektorun xarici borcunu da hesablasaq, Amerikanın xarici borcu ÜDM-in 2-3 qatına bərabər olar. Bizdə bu borc idarəolunmaz həddə deyil.

SOCAR-ıln Türkiyəyə yatırımlarına gəlincə, 2018-ci ildə yatırım dövrü bitdi, 2019-cu il gəlir qazancağımız bir il olacaq. Özəlliklə də “Star Rafineri” (“Star” Neft Emalı Zavodu) işə başladı, ilk rübdə sınaq istehsalını tamamladı, bu ilin ikinci rübündə tam gücü ilə çalışmağa doğru irəliləyəcəyik. “Star” Neft Emalı Zavodunun fəaliyyətə başlaması SOCAR şirkəti üçün çox önəmli bir mərhələdir. İkinci mərhələdə “SOCAR Petkim” və “Star Rafineri”nin birlikdə çalışacağı bir layihə hazırlayırıq. Bu iki zavod birlikdə çalışarsa, həm gətirdiyi əlavə dəyəri, həm də mənfəəti daha çox artacaq.  Bununla həm xərcləri azalda bilərik, həm də səmərəmizi artırdığımız üçün ümumilikdə mənfəətimizi artıra biləcəyimiz bir layihə olacaq. Bu iş mərhələli şəkildə həyata keçirilir, bir hissəsi aprel ayının 1-də baş tutdu, həmçinin iyul ayında və sentyabr ayında da çalışmalarımız davam edəcək. Bu ilin sonunda bütün SOCAR Türkiyə əməliyyatlarını bir əməliyyat kimi inteqrasiya olunmuş şəkildə çalışacaq şəkilə gətirəcəyik və səmərəsi daha da artacaq. 2020-ci ildə artıq TANAP, STAR, Petkim hər biri tam gücü ilə fəaliyyətə başlayacaq. Türkiyədə ikinci ən böyük qrup halına gəldik. SOCAR Türkiyəyə ən çox investisiya qoyan bir qurumdur. “Koç” holdinqdən sonra ikinci ən böyük qrup olacağıq. Mən çox böyük həyəcan və sevinclə İstanbulda bu dəyişimin baş verməsini gözləyirəm.

Digər xəbərlər

Banner