Energetika

Bakıda yeni layihə - 33 MİN LED İŞIQ QURAŞDIRILACAQ

Bakıda yeni layihə - 33 MİN LED İŞIQ QURAŞDIRILACAQ | FED.az
09:25 23 May 2020

Bakıda şəhərin işıqlandırılması üzrə yeni, genişmiqyaslı layihə başlayıb.

FED.az xəbər verir ki, bu məsələ prezident İlham Əliyevin mayın 22-də «Signify» (əvvəlki adı «Philips Lighting») şirkətinin rəhbərliyi, baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfranda müzakirə olunub.

Eləcə də bax: Azərbaycanda ilk dəfə olaraq - “LED” LAMPA İSTEHSALI BAŞLAYIB

Qeyd edək ki, 1891-ci ildə yaranan bu şirkət dünyanın 74 ölkəsində fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. «Signify» işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir.

Görüşdə prezident xatırladıb ki, şəhərin işıqlandırılması ilə bağlı bu layihə şirkətin rəhbərliyi ilə Davosda müzakirə edilib, mart ayında şirkətin nümayəndələri Bakıya səfər ediblər və artıq işlərə başlanılıb. Şirkətin rəhbəri Erik Rondolatın sözlərinə görə, yeni layihə nəticəsində Bakının böyük hissəsi qənaətcil texnologiya ilə işıqlandırılacaq:  2Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir. Bu işə bağlantının yaradılması ilə başladıq. Bu, ona görə edilir ki, sonrakı mərhələdə quraşdırılan işıqlar arasında bağlantı mümkün olsun».

Görüşdə prezident bildirib ki, artıq sentyabr ayınla layihənin ilk mərhələsi başa çatır, sonra isə bu proses digər şəhər və rayonları da əhatə edəcək: «Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq. Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq».

Şirkət rəhbəri bilirib ki, COVID-19 səbəbindən işin icrası ilə bağlı müəyyən yubanma ola bilər, amma ümumilikdə komanda işin başa çatdırılmasına köklənib. Qeyd edilib ki, işıqlandırma sistemlərinin quraşdırılmasının şəhərin yol hərəkəti təhlükəsizliyinə də müsbət təsir edir. Sonrakı mərhələdə isə Bakı şəhərinin işıqları “Ağıllı şəhər”in komponentinə çevriləcək.

Görüşdə bildirilib ki, şirkətin yeni texnologiyaları Azərbaycanda kənd təsərrüfatında da tətbiq edilə bilər. Şirkət bu əməkdaşlığa hazır olduğunu bildirib, dövlət başçısı isə bu təklifi dəstəkləyib.

Digər xəbərlər