Energetika

“Qara qızıl”ın dünyaya yaşatdığı - SÜRPRİZLƏR - SON 30 İLİN XRONOLOGİYASI

“Qara qızıl”ın dünyaya yaşatdığı - SÜRPRİZLƏR - SON 30 İLİN XRONOLOGİYASI | FED.az
08:10 21 Aprel 2020

Bu gün dünyada sürətlə yayılan pandemiyanın təsiri nəticəsində iqtisadi böhranın yaranmasında əsas “silah” olaraq neftin qiymətinin kəskin aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan bir çox ölkələrə daha ağır təsir göstərir. Neftin qiyməti Azərbaycan üçün də əhəmiyyətli olduğundan gələcək prosesləri hamı həyacanla izləyir.

Eləcə də bax: Tramp "Light" markalı neftin qiymətinin enməsini maliyyə təzyiqi ilə - İZAH EDİB

FED.az xəbər verir ki,  Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.

Belə ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.

Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.

Neft qiymətləri, tələbdəki azalma ilə bərabər anbarların (çənlərin) tutumlarının sürətlə dolması ilə əlaqədar olaraq da düşür.  

Neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azaldığı ehtimal edilir. Buna qarşılıq neft ölkələri hasilatlarını cəmi 10 milyon barel azaldırlar. Hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir.

İqtisadiyyata böyük təsiri olan neftin qiymətindəki ucuzlaşması koronavirus pandemiyası ilə bağlı olduğu üçün onun gələcək taleyini proqnozlaşdırmaq çətin olsa da, son 30 ildə siyasi və iqtisadi səbəblərdən neftin qiymətində baş verən dəyişmələrə nəzər salmaq maraqlı olar.

Ötən əsrin 90-cı illərinə qədər "Brent" markalı xam neftin qiyməti (beynəlxalq bazarda neftin dəyərini müəyyən etmək üçün bu marka əsas götürülür) 15-18 ABŞ dolları olmaqla sabit qalıb. Yalnız 1990-cı ildə İraqın Küveytə hucum etməsi və məlum “Səhrada fırtına” əməliyyatları zamanı neftin qiyməti iyuldan oktyabara qədər 15 dollardan 41 dollara qədər qalxıb. Əməliyyatdan sonra tədricən vəziyyət sakitləşib və 1991-ci ilin fevralında barelin qiyməti 17-18 dollar səviyyəsinə geriləyib və uzun illər bu vəziyyət davam edib. 1998-ci ildə baş verən Asiya maliyyə böhranı yenidən neft bazarına təsirini göstərib və dekabr ayında barelin qiyməti son 30 ilin ən aşağı həddinə düşüb - 9,1 ABŞ dollar.

1999-cu ilin martında qiymətlər yenidən 15-20 dollar səviyyəsinə qalxıb. Sonrakı ilyarımda neftin qiyməti stabil olaraq qalxmağa başlayıb və 2000-ci ilin noyabrında 34 dollara çatıb. İl ərzində orta qiymət isə 28-29 dollar arasında dəyişib.

2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra neft yenidən 18 dollara qədər ucuzlaşıb.

2002-ci ildən etibarən isə neftin “ağ günləri” başlayıb. Belə ki, qiymət sürətlə və davamlı olaraq artıb. Bunun əsas səbəbi isə ABŞ və Böyük Britaniyanın İraqa hücumu, Meksika, Böyük Britaniya və İndoneziyada neft istehlakının azalması, Fars körfəzində neft ehtiyatlarının azalması və eyni zamanda dünya üzrə neftə tələbatın artması idi.

Davamlı qiymət artımı nəticəsində 29 fevral 2008-ci il tarixində ilk dəfə Brent markalı xam neftin qiyməti 100 dolları aşıb. Həmin ilin iyun ayında İsrailin İrana hücum edəcəyi ilə bağlı yayılan məlumatlar neftin fantastik sürətlə bahalaşmasına səbəb olub. 1 gün ərzində 11 dollar bahalaşan neft 4 iyulda tarixi rekord həddinə çatıb - 143.95 dollar.

2008-ci ilin qlobal maliyyə böhranı qiymətlərinin qəfil düşməsinə səbəb olub. Həmin dövrdə baş verən proseslər hazırda baş verənlərə çox oxşayırdı. Elə neftin qiyməti baxımından da. Həmin ilin dekabrın 26-da neft 33 dollara qədər ucuzlaşıb.

Lakin 2009-cu ilin iyulundan etibarən neftin qiyməti yenidən yavaş-yavaş artmağa başlayıb və 2009-cu ildə bir barel orta hesabla 62 dollar təşkil edib. 2010-cu il ərzində isə dünya bazarında neftin qiyməti 70-80 dollar səviyyəsində sabit olaraq qalıb.

2011-ci ildə Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 2,04 dollar artaraq 97,78 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə bahalaşaraq 113,71 dollar olub.

"Brent" markalı neftin orta illik maksimal qiyməti isə 2012-ci ildə qeydə alınıb və 111,63 dollar/barel təşkil edib.

2013-cü ilin noyabrında "Brent" markalı neftin 1 barelinin dəyəri ilin əvvəllərinə nisbətdə 1,10 dollar və ya 1,0% azalaraq 109,06 dollar olub.

2014-cü ildə isə ICE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri ilin əvvəllərinə nisbətdə  0,7 dollar bahalaşaraq 66,05 dollara qədər yüksəlib.

2015-ci ildə dünya bazarında neft kotirovkalarının kəskin artımına ABŞ-da gündəlik hasilatın 500 min barel azalması səbəb olub.  İl ərzində "Brent" markalı neft 2,57 dollar/barel və ya 5,2%, WTI markalı neft isə 2,33 dollar/barel və ya 5% bahalaşıb.  Ümumilikdə artım tendensiyası davam edərək il ərzində "Brent" 52,4 dollar/barelə, WTI isə 49,3 dollar/barelə satılıb.

2016-cı il avqustun 11-dən sonra "Brent" nefti ilk dəfə olaraq, 44 dollar/barel səviyyəsindən aşağı düşüb. Həmin il neft bazarında mənfi tendensiyaya səbəb Beynəlxalq Energetika Agentliyinin (İEA) OPEC ölkələrinin oktyabr ayında hasilatı 230 min barel/gün və ya 0,68% artırması ilə bağlı hesabatı olub. OPEC-in öz hesabatına görə isə cari ilin oktyabr ayında isə gündəlik hasilatda 240 min barel və ya 0,72% artım baş verib.

 2017- ci ildə Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,97% artaraq 49,16 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45% bahalaşaraq 51,32 dollar olub.

2018-ci ildə “Brent”in bir barreli Londonun ICE birjasında 61,94 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 53,35 dollara alıcı axtarır.

2019-cu ildə neftin qiymətləri dəyişkən olsa da, noyabr ayında Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.13$ yəni, 0.23% azalaraq 56.92$-da qərarlaşıb. ICE London qitələrarası birjasında isə "Brent" markalı neftin 1 barelinin dəyəri 0.11$, yəni, 0.18% ucuzlaşaraq 62.33$-a təklif olunub.

Modern

Digər xəbərlər

Banner