Hadisə

Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “MƏSULİYYƏTSİZ İNSANDIR”

Kəmaləddin Heydərov “EuroHome”un sahibini günahlandırdı - “MƏSULİYYƏTSİZ İNSANDIR” | FED.az
07:57 12 May 2020

"EuroHome" ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər".  

“EuroHome” yenə yanır - CANLİ YAYİM

FED.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov "EuroHome" tikinti bazarında baş verən yanğını şərh edərkən bildirib.

Nazir bazar sahibini məsuliyyətsizlikdə günahlandırıb: “Bu obyektdə ilk dəfə yanğın baş verəndən sonra xəbərdarlığımıza məhəl qoymayaraq, təmir-quraşdırma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda yeni mallar qəbul olunub və sahibkarlara şərait yaradılıb".

Nazir bildirib ki, hüquq-mühafizə orqanlarına müraciətlər göndərilib və istintaq yanğının başvermə səbəblərini müəyyənləşdirəcək: "Bu sahibkar nə dərəcədə məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bundan ən çox zərər çəkən isə obyektin sahibi və sahibkarlar olur. Ona görə də mənə belə gəlir ki, bu hadisədən sonra, obyektlə bağlı hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər, layiqli cəza veriləcək. Ona görə də hər bir tapşırığa, verilən göstərişlərə hər kəs əməl etməlidir".

Qeyd edək ki, dünən axşam saatlarında Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Nazir yanğın zamanı yanğınsöndürən şlanqlarının yararsız olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib:

"Yaxşı olardı ki, bu sualları verməmişdən öncə yanğınsöndürənlərin işinə baxasınız. Baxın görün bu alovun içində şlanqların üzərinə nələr tökülür. O şlanqlar partlaya bilməz. Bir az ağılla fikirləşin".

Digər xəbərlər