Banner

Hüquq

DİN-dən Ağsu bazarının bağladılması məsələsi ilə bağlı - AÇIQLAMA

DİN-dən Ağsu bazarının bağladılması məsələsi ilə bağlı - AÇIQLAMA | FED.az
16:01 21 Yan 2021

Daxili İşlər Nazirliyi Ağsu rayonunda yerləşən bazarın fəaliyyətinin polis şöbəsinin rəis müavini, mayor Vüsal Əliyev tərəfindən qadağan edilməsi və bununla bağlı nazirliyə müraciət edən şəxslərin təzyiqlərə məruz qalması haqda məlumata münasibət bildirib.

Eləcə də bax: “Qərargahın icazəsi olsa da, rəis müavini bazarı bağlatdırdı”

FED.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il dekabrın 14-dən 2021-ci ilin yanvar ayının 18-dək respublikada elan edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Ağsuda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşların sosial izolyasiya qaydalarına riayət etmələri məqsədilə mütəmadi olaraq tədbirlər keçirilib:

"Dekabr ayında rayonda fəaliyyət göstərən bazarda keçirilən reydlər zamanı karantin qaydalarının pozulması hallarına rast gəlinib. Belə ki, ərzaq və kənd təsərrüfatı satışı ilə məşğul olan şəxslərin və müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskadan tələb olunan normalara uyğun şəkildə istifadə etməməsi halları aşkarlanıb. Həmçinin, kafe, restoranlarda müştərilərə yerində xidmət dayandırılmasına baxmayaraq bazardakı kafedə ayrı-ayrı vaxtlarda iki dəfə karantin qaydalarının pozulması halları aşkarlanıb, polislər tərəfindən obyekti işlədən şəxs və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bazarın sahibi Sabir Mustafayevin təşəbbüsü ilə orada çalışan bir qrup icarədarın imzası ilə Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə guya dekabr ayında həmin ticarət obyektinin fəaliyyətinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tamamilə dayandırılmasının iddia olunduğu müraciət ünvanlanıb. Müraciətlə əlaqədar həmin icarədarlar məsələnin araşdırılması məqsədilə Polis Şöbəsinə dəvət olunublar.

Araşdırmalar zamanı onların əksəriyyəti müraciətin mətnindən xəbərsiz olduqlarını, ancaq ad, soyadlarını yazaraq imzaladıqlarını bildiriblər.

Eləcə də sərtləşdirilmiş karantin rejimi müddətində ərzaq və kənd təsərrüfatı satışı ilə məşğul olan yerlərin bağlanması ilə əlaqədar yazılanların həqiqəti əks etdirmədiyini bildiriblər.

Fariz Babayevin şikayətindən imtina etmədiyi üçün Polis Şöbəsində döyülməsi barədə səsləndirilən fikirlər isə qərəzlidir. Belə ki, F.Babayev polisin qanuni tələbinə məhəl qoymadığına və xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün barəsində toplanmış material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə cərimə olunub".

Xatırladaq ki, “SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev “Qafqazinfo”ya müraciət edərək bildirmişdi ki, Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Onun iddiasına görə, şikayətdən sonra müraciətə imza atan şəxslər saxlanılmışdı. 

Banner

Digər xəbərlər