Banner

Hüquq

Yanğında 400 min zərər dəysə də - Cinayət İşi Açılmır

Yanğında 400 min zərər dəysə də - Cinayət İşi Açılmır | FED.az
10:28 1 Mart 2021

Balakən rayonunda ötən il ticarət obyektinin yanaraq sıradan çıxması nəticəsində onun sahibinə 400 min manat ziyan dəyib. Ticarət mərkəzinin rəhbəri təhqiqatın gedişindən və 7 ay ərzində hələ də cinayət işinin başlanılmamasından narazıdır.

Eləcə də bax: «Sobsan»dakı yanğına görə zərər - TAM ÖDƏNMƏYƏCƏK - SIĞORTA HADİSƏSİ

FED.az xəbər verir ki, sahibkar Həcər Dibirova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, ötən il iyulun 13-də, saat 12 radələrində Balakən rayonu, Meşəşambul kəndində yerləşən ticarət obyektində başlanan yanğın nəticəsində satış və xidmət sahələri içərisindəki əmlakla birlikdə tamamilə yanaraq məhv olub: “Ticarət obyekti 14 hissədən ibarət olmaqla avtoyuma məntəqəsi, avtotəmir sexi, ət satışı mağazası, tikinti materialları anbarı, taxıl məmulatları anbarı, bərbərxana, kafe, çörəkbişirmə sexi, məişət avadanlıqları satışı mağazası, qonaq otağı, ofis otağı, market, tennis və bilyard oyunu otağı və anbar sahəsindən ibarət idi. Fəaliyyətimlə bağlı daimi vergiləri ödəmişəm, vergi ödəyicisi olmuşam. Obyekt təbii qaz və elektriklə təmin olunmuşdu. Yanğın zamanı tikinti üzrə 106 380 manat, əmtəə üzrə isə 300 000 manat maddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb”.

H.Dibirova əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin iyulun 20-də tərtib etdiyi aktda yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu qeyd edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 106 380,50 manatdır.

FHN Əməliyyat-İstintaq İdarəsi əmtəə üzrə analoji malların qiymətlərinə əsasən təqdim edilmiş məlumatlardan istifadə etməklə dəymiş ziyanın ümumi məbləğinin nəzəri olaraq təxminən 225 137,59 manat olduğunu müəyyən edib.Yanğın zamanı marketə 72 982,99 manat, vitrinlərə 12 920 manat, ofisə 4 740 manat, inşaat malları mağazasına 115 197,80 manat, bərbərxanaya 1647,30 manat, ət satışı mağazasına 1098 manat və kafeyə 16551,50 manat maddi ziyan dəyib.

FHN müstəntiqləri istintaqın nəticəsində belə qərara gəlib ki, yanğına görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkib əlamətləri var. Lakin maddədə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır. Buna görə də materiallar Balakən rayon Prokurorluğuna göndərilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

Sahibkar H.Dibirova qeyd edib ki, Balakən rayon prokuroru baş vermiş hadisə üzrə cinayət haqqında ərizəni qəbul etməyib və onu zərərçəkmiş şəxs qismində tanımayıb: “Prokuror bu günədək dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atmayıb”.

Həcər Dibirova Balakən rayon prokurorunun hərəkətlərinin qanunsuz sayılması üçün Balakən rayon məhkəməsinə müraciət də edib. Sahibkarın şikayətinə martın 1-də, yəni bu gün baxılacaq.

Balakən rayon Prokurorluğundan məsələ ilə bağlı bildirilib ki, 13.07.2020-ci il tarixdə saat 12:30-radələrində Balakən rayonu Meşəşambul kəndində həmin kənd sakini Dibirova Həcər Əli qızına məxsus ticarət obyektində yanğın hadisəsi baş verib və müvafiq ekspert rəyi ilə müəyyən olunub ki, ticarət obyekti və içərisindəki mallar da nəzərə alınmaqla ümumilikdə sahibkarlara 406000 (dörd yüz altı min) manat məbləğində maddi ziyan vurulub:

“Baş vermiş yanğın hadisəsi ilə bağlı ilkin araşdırma FHN-in Əməliyyat İstintaq İdarəsi tərəfindən aparılıb və sonradan vəzifəli şəxslərin əməlində cinayət tərkibinin əlamətlərinin olduğu qənaətinə gəlindiyindən material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Balakən rayon prokurorluğuna göndərilib.

Balakən rayon Prokurorluğunda aparılan araşdırma zamanı çoxsaylı vətəndaşların izahatlarının alınması, habelə müxtəlif aidiyyəti dövlət qurumlarına sorğular verilərək müvafiq cavabların əldə edilməsi təmin olunub.

Həmçinin, Balakən rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materiallar ilə əvvəllər verilmiş məhkəmə yanğın-texniki ekspertizasının rəyi arasında ziddiyət müəyyən edildiyindən, material üzrə təkrar məhkəmə yanğın-texniki ekspertizası təyin edilib.

Hazırda material üzrə tam, hərtərəfli və obyektiv araşdırma davam etdirilməklə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunacaq”. 


Banner
Banner

Digər xəbərlər