Banner

İnşaat və əmlak

Hansı tikinti obyektləri üçün - İCAZƏ PULSUZDUR?

Hansı tikinti obyektləri üçün - İCAZƏ PULSUZDUR? | FED.az
13:06 22 Fev 2020

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Yevlax, Mingəçevir, Ağdaş, Bərdə, Goranboy, Naftalan və Tərtərin icra hakimiyyəti başçılarının müavinləri, baş memarlar və iş adamlarının iştirakı ilə obyektlərin tikintisi və istismarına icazələrin alınması prosesini asanlaşdıran “Bir pəncərə” elektron sistemini təqdim edən maarifləndirici tədbir keçirilib.

Eləcə də bax: Şəhərsalma və tikinti fəaliyyətinə dair - YENİ TƏLƏB MÜƏYYƏNLƏŞİB

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, istifadədə rahatlığın təmin edilməsinə hədəflənən “Bir pəncərə” elektron portalı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Obyektlərin tikinti və istismarına icazələrin verilməsinə operativ və şəffaf yanaşılma prosesi müsbət qiymətləndirilib.

Hazırda portal vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödəniş tələb edilmir.

Ötən ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhərini əhatə etsə də, artıq bu gün bütün rayonlarda rahatlıqla fəaliyyət göstərir.

Bundan əlavə, keçən ilin dekabr ayından etibarən portal vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazələrin verilməsinə başlanılıb.

Yeniliyə əsasən istənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və 20 gün müddətində baxış keçirilir. Sistem, həmçinin, xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi də eyni qaydada elektron formada təqdim olunur. Yanvar ayından bu xidmətdən Bakı şəhəri ilə yanaşı bütün rayonlarda istifadə edilir.

Komitə sistemin təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində fəaliyyətini davam etdirir. Bu il ərzində “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq. Bununla bağlı müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.

Xatırladaq ki, “Bir pəncərə” elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda son il ərzində 102 pillə irəliləyərək 59-cu yerdə qərarlaşıb.

Digər xəbərlər

Banner