İnvestisiya

Yeni agentlik dövlət müəssisələrində dövlətə məxsus səhmlərin idarə olunmasını - TƏMİN EDƏCƏK

Yeni agentlik dövlət müəssisələrində dövlətə məxsus səhmlərin idarə olunmasını - TƏMİN EDƏCƏK | FED.az
15:28 7 Avq 2020

Azərbaycan İnvestisiya Holdinqinin vəzifələrindən biri də Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrində dövlətə məxsus səhmlərin (payların) idarə olunmasını təmin etməkdir.

FED.az xəbər verir ki,  bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan İnvestisiya Holdinqinin nizamnaməsində əksini tapıb.

Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, AİH-in vəzifələri aşağıdakılardır:

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrində dövlətə məxsus səhmlərin (payların) idarə olunmasını təmin etmək;

- investisiyaların cəlb olunması və səmərəli idarə edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək;

- dövlət müəssisələrinin uzunmüddətli inkişaf və biznes planlarının təsdiqi üçün rəy vermək, biznes planlarında qoyulan hədəflərin monitorinqini aparmaq;

- dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlbinin stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və tədbirlər görmək;

- dövlət müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;

- dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;

- iqtisadiyyatın modernizasiyası və diversifikasiyası proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

 - iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən sosial əhəmiyyətli innovativ sənaye layihələrində iştirak etmək;

- dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı təkliflər vermək;

- dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirmək və təqdim edilmiş hesabatların monitorinqi aparmaq;

 - dövlət müəssisələrinin fəaliyyətinin beynəlxalq təcrübə nəzərə alınmaqla əlaqələndirilməsi və onların iqtisadi səmərəliliyinin, o cümlədən maliyyə dayanıqlılığının artırılması ilə bağlı tədbirlər görmək;

- dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlil nəticələri əsasında qiymətləndirmək;

- dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, dövlət müəssisələrinin idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;

- dövlət müəssisələrinin idarəetmə orqanlarının tərkibinin tam formalaşdırılması üçün tədbirlər görmək;

 - dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;

- dövlət müəssisələrinin maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görmək;

- dövlət müəssisələrində innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı tədbirlər görmək;

- dövlət müəssisələrinin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırmaq;

- dövlət müəssisələrinin fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid elektron informasiya sistemi yaratmaq;

- dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görmək;

- AİH-ə, habelə dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

- dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

- müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- AİH-in informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

- fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

-kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, AİH əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

-müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və AİH-in səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

-. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı islahatlar aparılmasına dair təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmək;

- malların (işlərin və xidmətlərin) satın alınmasını, həmçinin müvafiq sahədə ehtiyacların qarşılanmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq həyata keçirmək;

- bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq AİH-in aşağıdakı hüquqları vardır:

 - müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti üzrə təkliflər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

 - müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

- müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

- bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Digər xəbərlər