İqtisadiyyat

Apreldə əhalinin mağazalardan alış-verişi azalıb - RƏQƏMLƏR

Apreldə əhalinin mağazalardan alış-verişi azalıb - RƏQƏMLƏR | FED.az
12:41 18 May 2020

2020-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11516,1 milyon manatlıq, o cümlədən 6169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

FED.az Statistika komitəsinə istinadən bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflədib və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.

Ümumilikdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb.

Əvəzində elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olub.

2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9 faizi ticarət müəssisələri, 48,3 faizi fərdi sahibkarlar tərəfindən, 27,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz artmış, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 15,1 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - aprel aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 11 516,1 98,1
o cümlədən:
ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 169,7 102,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 1 607,6 79,6
elektrik malları və mebellər    586,6 82,4
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 84,2 98,1
əczaçılıq və tibbi mallar 202,4 141,7
avtomobil yanacağı 626,6 98,2
digər qeyri-ərzaq məhsulları 2 239,0 105,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Digər xəbərlər

Banner