Banner

İqtisadiyyat

"İri holdinqlər yaradaq, ancaq 2 şərtlə" - İQTİSADÇI RƏYİ  

"İri holdinqlər yaradaq, ancaq 2 şərtlə" - İQTİSADÇI RƏYİ   | FED.az
10:14 26 Aprel 2018

Azərbaycan hökuməti yaxın 3 ildə ölkədə 46 aqroholdinqin yaradılması prosesinin yekunlaşdıracaq. FED.az xəbər verir ki, həmin holdinqlərin tam fəaliyyətə başlaması ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft ixrac potensialının artması hədəflənib.

Rəsmi məlumatlara görə, holdinqlərin sərəncamında 150 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi olacaq. İqtisadçı Rövşən Agayevin sözlərinə görə, bu isə 800 min nəfərə yaxın xırda ailə təsərrüfatlarına islahat nəticəsində verilən pay torpaqlarının 12%-nə bərabər bir sahədir. 
R.Ağayev hesab edir ki, ilk baxışdan iri kənd təsərrüfatı holdinqlərinin yaradılması ilə bağlı rəsmi arqumentlər əsaslı görsənir. Lakin burda bir neçə problem var. Əvvəla, Azərbaycanda aqrar sektor ən azı 250-300 min nəfər ailənin əsas dolanışıq mənbəyidir. Bu ailələr əllərində ən yaxşı halda 1.5-2 hektar torpaq sahəsi olan xırda təsərrüfatlardır. Belə şəraitdə iri holdinqlərin dövlətin hər cür imtiyazları ilə və nəhəng resurslarla bazara daxil olması rəqabət prinsipini tamamilə alt-üst edir və kənd təsərrüfatında xırda-orta sahibkarlığın sürətlə sıradan çıxması riskini artırır.

Belə holdinqlər yarana bilməzmi? Ekspertin fikrincə, yarana bilər və yaranmasından iqtisadiyyatımız böyük fayda da götürə bilər. Amma 2 mühüm şərt çərçivəsində: 1) Bu cür holdinqlərin yaradılmasında dövlətin rolu minimum olmalı, əsasən özəl kapitalın hesabına baş verməlidir. Hansısa özəl sektor təmsilçisi 100 mln. manatlarla xərcləyib iri aqrar müəssisə yaradırsa, buna necə müdaxilə etmək olar? Amma onun yaranmasında bu və ya digər formada dövlət dəstəyi 30%-dən 50%-dək iştirak edəcəksə, burda yüksək səviyyəsdə şəffaflıq və ədalətli iştirakçılıq olmalıdır. Şəffaflıq odur ki, proses tam açıq olmalı, bu holdinqlərin rəsmi sabiblərinin kimliyi və dövlət vəsaitlərinin hansı şirkətlərə və şəxslərə dəstək olduğunu hər kəs bilməlidir. Ədalətli yanaşma odur ki, hər kəsin eyni dərəcədə dövlət dəstəyindən yararlanmaq haqqı olmalıdır. 2) Dövlət iri fermer təsərrüfatlarına göstərdiyi dəstəyin eynisini xırda təsərrüfatlara da göstərməlidr. Məsələn, ölkədə ötən ildən aqrar kooperativlərin yaradılması haqqında qanun qüvvəyə minib, bunun ardınca kooperativlərin inkişafı ilə bağlı proqram təsdiqlənib. Hökumət bu normativ sənədlərdən çıxış edərək yaxın 5 ildə ölkədə ən azı, məsələn 250 (yaxud 300,500 - say şərtidir) kooperativin yaradılmasını hədəf kimi qarşısına məqsəd qoya bilər.

Bunun nümunəsini artıq Gürcüstan hökuməti edir. Gürcüstanda dağlıq ərazilərdə lakin ən azı 20 payçının iştirakı ilə yaradılmlış üzümçülərə hökumət bilavasitə öz vəsaitləri hesabına 100 ton istehsal gücü olan emal müəssisəsi qurur. 
R.Ağayev eyni təcrübənin Azərbaycanda da istifadəsini mümkün sayır və beləcə xırda pay torpaq sahiblərinin də stimullaşdırıldığını hesab edir.

 

Digər xəbərlər

Banner