İqtisadiyyat

«Manata müəyyən təzyiq var, amma devalvasiya gözləmirəm» - EKSPERT

«Manata müəyyən təzyiq var, amma devalvasiya gözləmirəm» - EKSPERT | FED.az
16:34 3 Mart 2020

Azərbaycanda manatla pul bazası sürətlə artmaqdadır. Devalvasiyadan sonrakı dövrlərdə pul bazası maksimum azaldılsa da, son illər bu sahədə liberal proseslər baş verməkdədir.

Eləcə də bax: “Koronavirus davam edərsə, manatın devalvasiyası - QAÇILMAZ OLACAQ” - PROQNOZ

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu il martın 1-nə Azərbaycanda manatla pul bazası 12 112,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 568,99 mln. manat və ya 5 faiz artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə bu göstərici 3 098,2 mln. manat və ya 34,4 faiz artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

İqtisadçıp-ekspert Rövşən Ağayev FED.az-a açıqlamasında pul bazasının artmasında bir neçə səbəbin olduğunu bildirib:

“Pul bazasının artmasında birinci mənbə Mərkəzi Bankdır. Son bir ildə manat hesabı ilə 3 milyarddan artıq artımın təxminən 1 milyard manatı Mərkəzi Bankın bazara müdaxiləsi ilə bağlıdır. Rəqəmlərdən də göründüyü kimi, Mərkəzi Bank 1 il ərazində valyuta ehtiyatlarını təxminən 700 milyon dollar  artıraraq 5 milyard 655 milyon dollardan 6,4 milyard dollara çatdırıb. Bu, təxminən 1 milyard manatdan artıq vəsaitdir ki, Mərkəzi Bank pulu valyuta bazarına buraxır. Buna alış müdaxiləsi də deyilir (yəni AMB 700 milyon dollar almaq üçün bazara 1,2 milyard manata yaxın manat kütləsi buraxıb – FED.az)».

Pul bazasının artmasında ikinci mənbə büdcə vəsaitləridir: «Bu il büdcə xərcləri ötən illə müqayisədə təxminən 2 milyard manata yaxın artımla proqnozlaşdırlıb. Bu da orta hesabla hər ay 300-350 milyon manat əlavə büdcə vasitəsilə pul xərclənməsi deməkdir».

Rövşən Ağayevin fikrincə, pul bazasının artmasında üçüncü və narahatedici səbəb inflyasiyanın artmasıdır: “İqtisadiyyatda nominal dəyər ifadəsində genişlənmə ona uyğun şəkildə əlavə pul kütləsi tələb edir. Xüsusən nağd dövriyyənin artması ilk növbədə inflyasiyanın sürətlənməsinin göstəricisidir. Ötən ilin yanvar ayında 1.7 faizlik inflyasiya qeydə alınmışdı. Cari ilin analoji dövründə 2.7 faiz inflyasiya qeydə alınıb. Bu artıq ölkədə inflyasiyanın artdığını göstərir. Son 6 ayda sosial paketin genişlənməsi hesabına pul kütləsinin artması gözlənilən idi. Pul bazasının artması ümumilikdə ölkədə pula tələbatın artmasının göstəricisidir».

Ekspert bildirir ki, pul bazasının artması manata təzyiqləri müəyyən dərəcədə artırsa da, ciddi təhlükə yaratmır: «Nağd pul kütləsi artırsa və əgər bu artım yastıqaltı yığımlara səbəb olursa, şübhəsiz ki, risk yaradır. Məsələn, müəyyən kritik və həssas məqamlarda, risk yarananda bu pullar dollar almağa yönəldilə bilər. Amma indiki situasiyada bu riski görmürəm. Çünki artan həcm daha çox AMB-nin bazara mübaxiləsi ilə bağlıdır. Pul bazasının artmasının ikinci səbəbi isə deyildiyi kimi, inflyasiyadır. Yəni artan pul, dəyərini artıran mal və xidmətlərin alınmasına  sərf edilib. Ona görə də, indiki pul bazasının artımının manatın məzənnəsinə təsir edəcəyini gözləmirəm».

Əvəzində R.Ağayev digər narahatedici məqama diqqəti cəlb edir. Bu pul bazasının strukturunda nağd pul kütləsinin daha çox artmasıdır: «Burada birinc mənfi məqam odur ki, inflyasiya var. İkinci məqam, göstərir ki, indiyədək aparılan mübarizəyə baxmayaraq, hələ də iqtisadiyyatda "kölgə iqtisadiyyatı"nın payı böyükdür. Çünki nağd pul kütləsinin artımı məhz "kölgə iqtisadiyyatı"nın göstəricisidir».

Digər xəbərlər