İqtisadiyyat

Qlobal pandemiyanın iqtisadi nəticələri və mübarizə tədbirləri

Qlobal pandemiyanın iqtisadi nəticələri və mübarizə tədbirləri | FED.az
12:13 1 Aprel 2020

Yeni qlobal iqtisadi reallıq

Heç şübhəsizki, ölkələrin səhiyyə sistemləri və qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vurmuş COVİD-19 koronavirusu (burada pandemiya) “Böyük Depressiya”dan sonra müşahidə olunan ən böyük tələb və təklif şoklarını da özü ilə gətirdi. Burada iki məqam xüsusilə diqqət çəkir:

Eləcə də bax: Koronavirus və ucuz neft Azərbaycanın bank sektoruna - PROBLEMLƏR YARADACAQ

1. Bəlkə də tarixdə ilk dəfədir ki, hər hansı bir səhiyyə hadisəsi daha çox iqtisadi fenomen halına gəldi;

2. Pandemiya risk menecment konsepsiyası ilə bağlı bu vaxta qədərki nəzəriyyələrə ciddi zərbə vurdu və ən azından risk qiymətləndirilməsi üzrə ixtisaslaşmış nüfuzlu kredit dərəcələndirmə agentliklərinin, iqtisadi proqnozlaşdırma üzrə ixtisaslaşmış qurumların hesablaya bilmədiyi yeni yanaşmaları və reallığı ortaya çıxarmış oldu.

Bu gün pandemiya sağlamlıqla bağlı narahatlıqlar, insanların, mal və əmtəələrin hərəkətinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşayiət olunmaqdadır. Artıq onun vurduğu zərər bazarlarda bu vaxta qədər neft qiymətlərini aşağı doğru tətikləyən digər əsas amilləri (rəqabət, regional konfliktlər və s.) arxa plana keçirib və ən nüfuzlu beynəlxalq təşkilatlar ən yaxşı halda 2008-ci ildən bəri dünyada müşahidə olunan ən kəskin böhranın baş verdiyini təsdiq edirlər. Örnək olaraq, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) “ən yaxşı ssenari halında belə 2020-ci ildə sərt resessiyanın baş verəcəyi və ÜDM artımının 2019-cu ilin 2,9 faizlik göstəricisi ilə müqayisədə 2,4 faizə düşəcəyi” ilə bağlı rəyini göstərə bilərik. Digər tərəfdən, ötən həftə ABŞ-da bu ölkə tarixinin işsizliklə bağlı qeydiyyata alınma üzrə müraciətlərin ən böyük və müqayisəyəgəlməz kəskin artımı (3,3 milyon) kimi yaddaşlara həkk olundu, hansı ki, 2008-ci il böhranı ilə müqayisədə 5 dəfə daha yüksək rəqəmdir.

İşləməyən iqtisadi qanunlar

Xüsusilə qeyd etməliyik ki, yüksək inkişaf etmiş infrastruktura, kifayət qədər “maliyyə yastığı”na malik inkişaf etmiş malik ölkələrlə müqayisədə zəif inkişaf etmiş və ya inkişafda olan ölkələrin üzləşdiyi təhlükə daha böyükdür .Nəzərə alsaq ki, pandemiyanın təsiri nəticəsində məcmu və gözlənilən gəlirlərin azalması, “kreditləşmədə məhdudlaşdırma siyasəti” və digər amillərin təsiri altında məcmu tələbin daralması prosesi getməkdədir və cavab tədbirləri çərçivəsində ölkələrdə tətbiq edilən karantin məhdudiyyətləri bu prosesi akselerasiya mərhələsinə çatdırmaqdadır. Bütün bunlar bir tərəfdən daxili bazarı xeyli daraldır, digər tərəfdən artıq xarici kapital bu ölkələri sürətli bir biçimdə tərk etməkdədir və ən yüksək “risk iştəhası”na malik investorlar belə investisiya məhdudiyyətlərinə gedirlər. Nəzərə almaq lazımdır ki, maliyyə və iqtisadi sistemi zəif inkişaf etmiş ölkələrə investisiya qoyuluşu təkcə iqtisadi qanunauyğunluqlara (ÜDM artımı, valyuta məzənnələri, real faiz dərəcələri, inlyasiyanın volatilliyi və s.) deyil, qiymətli kağızlar bazarının inkişaf səviyyəsi, lokal kreditləşmə imkanları, dövlətin investisiya qoyuluşunda payı, siyasi sistemin volatilliyi kimi əlavə amillərə də əsaslanır. Aydındır ki, bu iqtisadi reallıq artıq belə bir şəraitdə “yüksək risk-yüksək gəlir” qanununun işləmədiyini göstərir. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən artıq pandemiya başlayandan 83 milyard ABŞ dolları həcmində vəsait inkişafda olan ölkələrin bazarlarından geri çəkilib. Həmçinin, BVF ona 80 ölkə tərəfindən borc yardımı üçün sorğu verildiyini təsdiqləyir və özünün 1 trilyon ABŞ dolları həcmində kredit vermə qabiliyyətini tamamilə bu istiqamətə xərcləməyə hazır olduğunu qeyd edib. Türkiyə və Rusiya istisna olmaqla isə Avropa İttifaqının üzvü olmayan 9 Mərkəzi və Şərqi Avropa dövlətlərinin artıq əksəriyyəti maliyyə yardımının ayrılması üçün bu quruma müraciət edib.

Bu baxımdan önəm ərz edən digər bir məsələ odur ki, ötən müddət ərzində mühafizəkar iqtisadi və maliyyə siyasəti yeritmiş ölkələr, nə qədər qəribə olsa da, hazırki böhran dövründə (digər amillər nəzərə alınmadan) daha əlverişli vəziyyətdədirlər və “xarici investisiyaların buxarlanması”ndan daha az zərər çəkəcəklər. Lakin istənilən halda, post-pandemiya dövrü növbəti mərhələdə ölkələrdən itirdikləri iqtisadi fürsətləri yenidən qazanmaq və iqtisadi inkişafı bərpa etmək üçün “yumşaq monetar və fiskal siyasətin kombinativliyi” ilə birgə liberal iqtisadi siyasət yeritməyi də tələb edir. Təsadüfi deyildir ki, indiki məqamda BVF da cavab tədbirləri çərçivəsində ölkələri səhiyyə sistemlərinin gücləndirilməsi, mənfi təsirlənmiş bizneslərin qorunması ilə yanaşı, monetar yumşalma siyasətini də həyata keçirməyə səsləyir.

Region ölkələrinin iqtisadi bərpa və ya anti-böhran paketləri

Bu günədək müxtəlif ölkələrdə pandemiyanın vurduğu iqtisadi və bütün digər zərərləri qarşılamaq məqsədilə müxtəlif təşəbbüslər və təşviq proqramları qəbul olunub. Aydındır ki, indi ölkələrin cavab tədbirləri qlobal konyukturadan daha çox onların cari iqtisadi vəziyyətindən, dövlətçilik ənənələrindən, iqtisadi, siyasi, maliyyə sabitliyi və s. kimi amillərdən asılıdır. Bununla belə, heç şübhə yoxdur ki, bu vəziyyət bir sıra ölkələrin borc yüklərini də dəfələrlə artırmağa xidmət edəcəkdir. Artıq MDB ölkələrində də biz qəbul olunmuş bu cür iqtisadi dəstək proqramlarınınyeni borclanmalarla müşayiət olunduğunu müşahidə edirik ki, bu da həmin proqramların uzunmüddətli dövrdə faydalarına mənfi təsir edə bilər. Örnək olaraq, Gürcüstan hökuməti 13 mart tarixində 1 milyard Gürcü larisi və ya 302 milyon ABŞ dolları dəyərində, yəni ÜDM-in təxminən 2 faizi həcmində yardım paketi açıqladı. Bu proqram daha çox əmlak və gəlir sektorları üzrə 2020-ci ilin noyabr ayınadək “vergi tətilləri”nin tətbiq edilməsini, turizm sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə güzəştlərin edilməsi (kredit zəmanət mexanizmləri üzrə), ƏDV-nin geri qaytarılma proseslərinin sürətləndirilməsi və digər istiqamətləri özündə ehtiva edir. Artıq paketin icrası ilə bağlı borc vəsaitinin cəlb olunması üzrə danışıqların aparıldığı BVF tərəfindən rəsmən təsdiqlənib.

Qırğızıstanda bu böhrandan ən çox zərər çəkən ölkələrdən biridir. Belə ki, pandemiya səbəbindən sərhədlərin bağlanması bu ölkənin idxalının 27 faiz, toplanan vergilərin isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz aşağı düşməsinə səbəb olub. Bu ölkənin qəbul etdiyi iqtisadi paketin əsasını hazırda əsas etibarilə səhiyyə sisteminə büdcədən ayırmaların artırılması təşkil edir və bu istiqamətdə xərcləmələrin büdcədə yaradacağı defisit isə tamamilə xarici donor yardımlarının hesabına maliyyələşdiriləcəkdir. Artıq BVF bu ölkəyə 120 milyon ABŞ dolları məbləğində borc yardımının ayrılmasına qərar verib ki, bu da ölkənin ÜDM-nin 1 faizdən bir qədər artığını təşkil edir.

Tacikistan isə artıq kəskin yüksələn xərcəri və azalan gəlirlərini balanslaşdırmaq məqsədilə borc vəsaitlərinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə qurumlarına sorğu təqdim edib və anti-böhran proqramı hələki hazırlanma mərhələsindədir.

Qazaxıstan hökuməti isə 17 martda özünün yeni anti-böhran paketini açıqlayıb. Həmin paketin məbləği 4,4 trilyon Qazaxıstan təngəsi və ya dollar ifadəsində 10 milyard ABŞ dolları təşkil edir. Lakin bu vəsaitlər təkcə pandemiyaya qarşı iqtisadi mübarizə tədbiri kimi deyil, əsas etibarilə iqtisadiyyat, biznes, məşğulluq üzrəhələ 2019-cu ildə açıqlanmış xüsusi strateji inkişaf xəritələri çərçivəsindəgörüləcək işlərə xərclənəcəkdir. Bura işsizlərə maddi yardımların edilməsi, ərzaq məhsulları üçün aşağı ƏDV dərəcəsi, səhiyyə sisteminin gücləndirilməsi, biznesə dəstək və işsizliklə mübarizə tədbirləri daxildir.Ümumilikdə, ölkənin ÜDM-nin 6 faizi həcmində vəsait yeni yol xəritələrinin icrasına sərf olunacaqdır.

Özbəkistanda 1 milyard ABŞ dolları həcmində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. Bu paket özündə əsas etibarilə səhiyyə, əczaçılıq, karantinlə bağlı xərcləri, aşağı gəlirli əhaliyə sosial yardımların edilməsi, zərər çəkmiş biznes subyektlərinə subsidiyaların verilməsi, regionlarda infrastrukura və işsizliyə qarşı tədbirlərə maliyyə ayırmalarının edilməsi, vergi tətillərini (vergilərin 30 faizədək endirilməsi və 6 aylıq güzəşt müddətinin verilməsi) ehtiva edir.

Türkiyə Cümhuriyyəti ÜDM-in 2 faizi həcmində,15 milyard dollarlıqanti-böhran paketi açıqlayıb. Bu paketin 75 faizdən bir qədər artığı fiskal tədbirlərə, 25 faizi isə kredit zəmanət fondunun imkanlarının artırılmasına sərf olunacaqdır. Türkiyədə yardım paketinin əsas istiqamətlərinə əsas etibarilə minimum pensiyaların artırılması, ailələrə nağd ödənişlərin edilməsi, vergi tətilləri (xüsusilə turizm sektoru üçün), Türkiyə Hava Yollarına və digər quruluşlara birbaşa maliyyə yardımının ayrılması kimi istiqamətlər daxildir.Rusiyanın qəbul etdiyi anti-böhran paketi isə əsasən səhiyyə işçilərinə verilən müavinətlərin artırılması, kiçik və orta sahibkarlığa subsidiyaların, kreditlər üzrə güzəşt müddətlərinin (3 aylıq)  və kredit zəmanətlərinin verilməsi, turizm və aviasiya sənayesi üçün vergi ödənişlərinin müddətinin artırılması kimi tədbirləri əhatə edir. İlkin olaraq, açıqlanmış rəqəmlər 300 milyard rubl və ya Rusiya ÜDM-nin 0,3 faizi civarındadır.Belarusiyanın  maliyyə paketiisə hələki cəmi 1 milyon ABŞ dolları civarındadır və fiskal siyasət çərçivəsində digər xərcləmələrin səhiyyə istiqamətinə yönləndirilməsi və səhiyyə işçilərinin maaşının artırılmasını nəzərdə tutur. Bununla belə, təhlillər Belarusun bu mübarizədə əlavə tədbirlərin görülməsini də planlaşdırdığını göstərir və bu ölkə fiskal istiqamətdən daha çox monetar istiqamətə üstünlük verəcəkdir ki, bura da kredit tətilləri, prudensial tənzimləmə tələblərinin azaldılması, kredit və depozit faiz dərəcələrində liberallaşmaya gedilməsi kimi tədbirlər daxildir.

Azərbaycanın iqtisadi təşviq və ya iqtisadi yenilənmə paketi

Azərbaycanda iqtisadi subyektlərə ediləcək yardım paketinin həcmi və sosial tədbirlərin əsas konturları 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda öz əksini tapıb. Sərəncamla qlobal pandemiyanın nəticələrinin iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərinin aradan qaldırılması, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlığının təmin edilməsi məqsədilə 4 əsas istiqaməti əhatə edən işçi qruplar yaradılıb. Geniş miqyaslı iqtisadi təşviq proqramını əsas etibarilə aşağıdakı kimi qruplaşdıra bilərik:

- zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə dəstəyin göstərilməsi,

- zərər çəkmiş iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi;

- ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi;

- bank sektoruna, manatın məzənnəsi və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsinə dəstəyin göstərilməsi;

- makroiqtisadi sabitliyin qorunub saxlanması üçün əlavə tədbirlərin həyata keçirilməsi.

Müvafiq tədbirlər ilkin olaraq 4 əsas sektor üzrə 20 fəaliyyət istiqamətini özündə birləşdirən 9 proqramda cəm olunub. Belə ki, proqramların əhatə dairəsinə 304 min işçinin çalışdığı 44 min sahibkarlıq subyekti də daxildir və bura sərf olunan vəsaitin əsas etibarilə əməkhaqlarının ödənməsinə sərf olunması planlaşdırılır ki, bu da hazırlanmış proqramın kifayət qədər geniş spektrləri əhatə etdiyini deməyə əsas verir. Müvafiq anti-böhran proqramları çərçivəsində ən mühüm məqamlardan biri kimi 290 min mikro və fərdi sahibkarı əhatə edən maliyyələşmə proqramını göstərmək olar. Əlavə olaraq, müxtəlif sektorlar üzrə vergi tətilləri, müxtəlif vergi güzəştlərinin verilməsi nəzərdə tutulur ki, bu da mənfi təsirlərin mitigasiyasına, xüsusilə, iri vergi ödəyicilərinin maliyyə yüklərinin azaldılmasına müsbət təsir göstərəcək və biznes sektoruna yeni “təbii nəfəs” verəcəkdir. İpoteka kreditlərinə dəstəyin göstərilməsi isə orta müddətli inkişafa hesablanmış addım kimi müsbət qiymətləndirilə bilər. Həmçinin, nəqliyyat-logistika sisteminə vəaviasiya sənayesinə dəstəyin verilməsi mövcud infrastrukturun və əldə olunmuş nailiyyətlərin qorunmasına xidmət edirsə, kommunal xərclərlə bağlı güzəştlərin edilməsi iqtisadi dəstək proqramının sosial mahiyyətini göstərir. Kredit tətillərinin verilməsi, müddət güzəştləri və faizlərlə bağlı güzəştlər, vergi tətilləri isə qeyd olunanlarla birgə həm də iqtisadi genişlənməyə tətikləyici təsir göstərəcəkdir. Əlavə olaraq, iqtisadi təşviq proqramının həcminin 1 milyard AZN vəsaitdən 2,5 milyard AZN-ə kimi (ÜDM-in 3,1 faizi) kimi artırılması nəzərdə tutulur ki, bunu da təkcə anti-krizis tədbirləri kimi deyil, iqtisadi genişlənmə, kredit ekspansiyası və məcmu tələbin stimullaşdırılması proqramı kimi qəbul edə bilərik.

Təhlillərdən də göründüyü kimi, müxtəlif ölkələrdə anti-böhran tədbirləri həmin ölkələrin lokal xüsusiyyətlərindən asılı olaraq dəyişir. Örnək olaraq, əsas gəlirləri turizmdən formalaşan Gürcüstan üçün bu sektora dəstəyin göstərilməsi prioritetdirsə, Türkiyə üçün turizmlə birgə milli brendi olan Türk Hava Yollarının ən çox zərər görmüş şirkət kimi dəstəklənməsi, Qazaxıstan üçün isə biznes və məşğulluq sistemlərinə xüsusi dəstəyin göstərilməsi ən önəm kəsb edən sahələrdir.

Bununla birgə, bütün bu ölkələrin bir ortaq cəhəti səhiyyə sisteminin infrastrukturuna yeni investisiyaların yatırılmasıdır. Bu baxımdan, Azərbaycanda yeni tibb müəssisələrinin açılması, səhiyyə işçilərinin əməkhaqlarının əsaslı şəkildə artırılması kimi tədbirləri də xüsusilə qeyd edə bilərik.

Eyni zamanda Azərbaycanın anti-böhran paketi həm geniş spektrləri əhatə etməsi, yəni demək olar ki, zərər çəkmiş bütün iqtisadi sektoral fəaliyyətləri nəzərə alması, inklüzivlik və sosiallıq prinsiplərini özündə ehtiva etməsi, yardım paketinin ümumi həcmi və ÜDM-də xüsusi çəkisi üzrə yüksək göstəriciyə malik olması və digər xüsusiyyətlərinə görə analoji proqramlarla müqayisədə kifayət qədər fərqlənir.

Yekun olaraq, qeyd etməliyəm ki, nüfuzlu beyin mərkəzlərinin analizlərini də nəzərə alsaq, qlobal iqtisadiyyatın 2020-ci ildə “iqtisadi dib”ə enəcəyi daha çox real görünür. Lakin klassik iqtisadi qanunauyğunluğa müvafiq olaraq, növbəti mərhələdə qlobal iqtisadiyyat “mötədil iqtisadi ekspansiya” fazasında var-gəl edəcəkdir. Beynəlxalq təşkilatların qlobal iqtisadiyyatın 2021-ci ildəki vəziyyəti ilə bağlı müsbət proqnozları, tibb sisteminin pandemiyanı bitirəcəyi ilə bağlı gözləntilər və qəbul olunmuş iqtisadi dəstək proqramları da gələcəyə kifayət qədər nikbin baxmağa əsaslar yaradır.

Müəllif: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Museyibov

Digər xəbərlər

Banner