Banner

İqtisadiyyat

Virusa qədər Azərbaycan İqtisadiyyatı belə idi – RƏQƏMLƏR AÇIQLANDI

Virusa qədər Azərbaycan İqtisadiyyatı belə idi – RƏQƏMLƏR AÇIQLANDI | FED.az
13:14 24 Mart 2020

Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-fevral ayinda ölkənin iqtisadi və sosial inkişafının əsas göstəricilərini açıqlayıb. 

FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. 
Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 6,7 faiz artmış, neftqaz sektorunda isə 2,1 faiz azalmışdır. 
Əlavə dəyərin 43,6 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrində, 18,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil etmişdir. 
İki ayın nəticəsi olaraq əhalinin hər nəfərinə düşən ÜDM 1263,7 manata bərabər olmuşdur. 
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 
Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artmışdır. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,0 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. 
Mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 19,1 faiz artmışdır. 

Emal sektorunda 

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,0 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8 faiz, geyim istehsalı 79,6 faiz, hazır metal məmulatlarının istehsalı 56,5 faiz, mebel istehsalı 47,3 faiz, poliqrafiya məhsullarının istehsalı 40,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6 faiz, kağız və karton istehsalı 27,5 faiz, elektrik avadanlıqlarının istehsalı 27,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, tütün məmulatlarının istehsalı 16,3 faiz, neft məhsullarının istehsalı 11,3 faiz, əczaçılıq məhsullarının istehsalı 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, qida məhsullarının istehsalı 1,2 faiz artıb. 

Maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, tikinti materiallarının istehsalı 21,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artmışdır. 
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2020-ci il vəziyyətinə 517,9 milyon manatlıq hazır məhsul olmuşdur. 

Kənd təsərrüfatında 
bitkiçilik məhsullarının əkininə başlanmışdır. Mart ayının 1-nə kimi 57,3 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 5,5 min hektar sahədə dənlilər və dənli paxlalılar, 14,2 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 26,4 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə sair bitkilər əkilmişdir. 
2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin yanvar-fevral aylarında diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 82,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 309,7 min ton, yumurta istehsalı 11,6 faiz artaraq 315,7 milyon ədəd və tərəvəz istehsalı 15,7 faiz artaraq 31,6 min ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 12,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artmışdır.

2020-ci ilin yanvar-fevral aylarında əsas kapitala 
1965,2 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 27,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 1,8 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 1342,5 milyon manatı və ya 68,3 faizi məhsul istehsalı sahələrinə, 405,3 milyon manatı (20,6 faizi) xidmət sahələrinə, 217,4 milyon manatı (11,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 1145,4 milyon manatını və ya 58,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1154,4 milyon manatı və ya 58,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 

Nəqliyyat sektorunda 
fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 34,1 milyon ton yük və 310,4 milyon sərnişin daşınmışdır. 
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,1 faiz, sərnişin daşınması isə 2,4 faiz artmışdır. Yüklərin 59,1 faizi avtomobil, 31,2 faizi boru kəməri, 6,8 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. Sərnişinlərin 87,1 faizi avtomobil, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır. 

İnformasiya və rabitə 
müəssisələri tərəfindən göstərilmiş 371,7 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 21,1 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 

2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət 
şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1413,9 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artmış, ticarət şəbəkəsində 2994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2864,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

Digər xəbərlər

Banner