İqtisadiyyat

"Yenidən ciddi karantinin tətbiqi külli zərər və ya müflisləşmə ilə nəticələnə bilər"

"Yenidən ciddi karantinin tətbiqi külli zərər və ya müflisləşmə ilə nəticələnə bilər" | FED.az
20:54 25 Aprel 2020

Məlumat verildiyi kimi, koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib.

Eləcə də bax: Koronavirusun Azərbaycana vurduğu – GÜNDƏLİK ZƏRƏR AÇIQLANDI – MƏBLƏĞ

FED.az xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, sahibkarlıq fəaliyyətində davamlılıq ən vacib amildir. Hətta uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər. Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karatin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilmədikdə isə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər.

Eləcə də bax: Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA

Nazir qeyd edib ki, koronavirus pandemiyası çoxsaylı insan ölümünə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, sosial və səhiyyə problemləri ilə də üz-üzə qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün Azərbaycanda aparılan siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma halları məhdudlaşdırılıb. Vurğulanıb ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir.

Mikayıl Cabbarov bildirib ki, ilk növbədə sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Bu baxımdan, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”  2020-ci 19 mart tarixli Sərəncamı müstəsna  əhəmiyyət kəsb edir.

Dövlət başçısının Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmış Tədbirlər Planında iqtisadiyyata, məşğulluğa və sosial rifaha dəstək məqsədilə genişmiqyaslı tədbirlər əksini tapıb. Tədbirlər Planına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir. Bundan başqa, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

Digər xəbərlər

Banner