Maliyyə

ABŞ "pul kisəsi"ni açdı - $2,2 trilyon dollar! Adambaşına 1 200 dollar paylanacaq

ABŞ "pul kisəsi"ni açdı - $2,2 trilyon dollar! Adambaşına 1 200 dollar paylanacaq | FED.az
09:49 28 Mart 2020

ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılmasının nəticələri ilə mübarizə məqsədilə 2 trilyon dollardan çox məbləğdə iqtisadi stimullaşdırma tədbirləri haqqında qanun imzalayıb.

FED.az xəbər verir ki, bu, ABŞ tarixindəki ən böyük yardım tədbiridir. Belə ki, 2008-də dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün Konqres 800 milyard dollarlıq bir paket təsdiqləmişdi. 

Yeni sənədə əsasən, işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1,2 min dollar məbləğində birdəfəlik ödəmələr ala biləcək. Bu məbləğı illik gəliri 75 min dollardan az olanlar alacaq. Uşaqlı ailələr isə hər uşağa görə, əlavə 500 dollar alacaqlar. Dövlət dəstəyi işini itirən və maaşı kəsilənlərə də aid olacaq. 

Paket böyük şirkətlərə öz səhmlərini geri almayacaqları və işçilərin böyük əksəriyyətini saxlayacaqları təqdirdə təxminən 500 milyard dollar kredit və yardımın verilməsini nəzərdə tutur. Aviaşirkətlər hökumətin səhm iştirakını təmin etməsi müqabilində subsidiyalar almaq hüququna malikdir. Kiçik biznes kreditləri üçün təqribən 350 milyard dollar ayrılıb ki, bunlar əməkhaqqı vermək və ya ipoteka və kirayə haqqını ödəmək üçün istifadə olunarsa, geri qaytarılmasına ehtiyac qalmayacaq. Daha 130 milyard dollar xəstəxanaların ehtiyaclarına ayrılacaq. 

Eyni zamanda, ştatlarda iyulun 31-dək həftəlik işsizlik müavinətlərini 600 dollaradək qaldırmaq üçün maliyyələşmənin aparıldığı deyilir. Paketə, həmçinin dövlət orqanlarının koronavirusla mübarizəsinə əlavə 340 milyard dollar vəsait də daxildir. Xəstəxanalara və veteranlara tibbi xidmət göstərmək üçün 117 milyard dollardan çox vəsait ayrılacaq.

Ümumilikdə illik gəliri 99 min dollardan az olan ailələr üçün 300 milyard dollar ayrılacaq. Bu hesabla 4 nəfərlik ailəyə orta hesabla 3400 dollar veriləcək. İxtisar olunan işçilər 4 ay müddətində maaşlarının 100% həcmində kompensasiya alacaqlar.

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou bildirib ki, beləliklə, ABŞ Federal Rezerv Sisteminin ayırdığı pulları da nəzərə alanda, ABŞ hökuməti ümumilikdə koronavirusa qarşı mübarizə üçün iqtisadiyyata 6 trilyon dollar və ya ÜDM-nin 30%-i qədər vəsait ayrılacaq. 

Dəstək paketində FED-in səlahiyyətlərinin artırılması, milli təhlükəmizlik üçün əhəmiyyət daşıyan şirkətlərə birbaşa dəstək, onların 2020-ci ildəki zərərlərinin ödənilməsi də nəzərdə tutulub.

Digər xəbərlər