Maliyyə

Azərbaycanda 40 mindən çox daşınar əmlak - GİROV QOYULUB

Azərbaycanda 40 mindən çox daşınar əmlak - GİROV QOYULUB | FED.az
16:25 17 Okt 2019

İndiyədək Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə onlayn qaydada 40 mindən çox bildiriş daxil edilib.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadla xəbər verir ki, bu sistem vasitəsilə daşınar əmlaklar girov qismində çıxış edərək KOB subyektlərinə 6 milyard manat məbləğində kredit ayrılıb.

Eləcə də bax: Daşınar əmlakın reyestri ilə bağlı fərmana - DƏYİŞİKLİK EDİLDİ

Qeyd edək ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Prezident İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli Fərmanı ilə Qanunda nəzərdə tutulmuş reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb, bu məqsədlə palata tərəfindən müvafiq reyestr yaradılaraq 2018-ci il martın 15-də istifadəyə verilib.

Dövlət reyestri əmlak üzərində girov və digər yüklülük haqqında məlumatları əks etdirən onlayn məlumat bazasıdır. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar. Reyestrin əsas fəaliyyət prinsipləri dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmini, yüklü əmlakın təkrar istifadəsi, məhdudlaşdırılması, yüklü əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılmasıdır.

 

Digər xəbərlər