Maliyyə

Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı - RƏQƏMLƏR

Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı - RƏQƏMLƏR | FED.az
11:26 18 İyun 2020

Hesablama Palatasının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Baş prokurorluğa göndərdiyi müraciətin nəticəsi artıq məlum olub. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına görə, KİVDF-nin sabiq rəhbərliyi dövründə yol verilmiş nöqsanlarla bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. 

Eləcə də bax: KİVDF-də baş verən pozuntularla bağlı - CİNAYƏT İŞİ BAŞLANILDI

Baş prokurorluğun məlumatında o da qeyd edilib ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Hazırda hər kəsə maraqlı olan bir məqam var. Tikintisində və paylanmasında qanunsuzluqlara yol verilən jurnalist binalarına nə qədər vəsait xərclənib?

FED.az xəbər verir ki, jurnalist binalarının inşası üşün ölkə başçısı müxtəlif vaxtlarda bir neçə sərəncam imzalayıb.

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamına əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evinin tikilməsi məqsədilə KİVDF-yə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Daha sonra birinci binanın inşasına ayrılan məbləğ artırılıb.

2013-cü ildə jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış evi istifadəyə verilərkən mərasimdə iştirak edən ölkə başçısı ümumilikdə birinci binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunduğu qeyd edib.

Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən ikinci yaşayış binası isə 2017-ci ildə istifadəyə verilib. Prezident İlham Əliyevin dörd sərəncamı ilə həmin binanın tikintisinə dövlət büdcəsindən üst-üstə 16 milyon manat ayrılıb.

Belə ki, dövlət başçısının 2013-cü il iyulun 22-də verdiyi sərəncamla fondun hesabına büdcədən 5 milyon manat köçürülüb. Növbəti belə sərəncam 2014-cü il dekabrın 30-da verilib və fond 3 milyon manat alıb. 2015-ci ilin iyulunda isə bina ilə bağlı daha bir sərəncam imzalanıb və tikintinin başa çatdırılması üçün 5 milyon manat ayrıldı.

2016-cı il iyulun 21-də isə dövlət başçısı binaya maliyyə vəsaiti ayıran dördüncü sərəncamı imzalayıb: fonda yenə 3 milyon manat verilib.

Jurnalistlər üçün tikilən ikinci bina da 17 mərtəbəli, lakin əvvəlkindən fərqli olaraq 255 mənzillidir. (Modern)

2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Ölkə başçısının həmin gün imzaladığı sərəncama əsasən, üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. 

Digər xəbərlər

Banner