Maliyyə

Mərkəzi Bank lotereya keçirir - 300 QALİB OLACAQ

Mərkəzi Bank lotereya keçirir - 300 QALİB OLACAQ | FED.az
12:28 28 Fev 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) "Visa" Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərə marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bu il martın 1-dən başlayaraq bütün əhali və ölkə miqyasını əhatə edəcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya start verir.

Eləcə də bax: AMB dövriyyəyə qızıl yubiley və xatirə - PUL NİŞANLARI BURAXIB

FED.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, iki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə bir şans verəcək.

Eləcə də bax: Azərbaycanda telefonla lotoreya oynanılacaq - YENİLİK

Lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada “Visa” brendli ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 300 nəfərin qalib olacağı planlaşdırılır.

Lotereya haqqında daha ətraflı məlumat AMB-nin internet səhifəsində yerləşdirilib. Ölkədə “Visa” brendli ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılmışdır. Eyni zamanda, Visa Beynəlxalq Xidmət Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə AMB-nin tərəfdaşlarıdır.

Lotereya ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə AMB-yə verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilir. Davamlı olaraq həyata keçirilən stimullaşdırıcı tədbirlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Banner