Nəqliyyat

Bakının 22 küçəsində avtobus zolaqları yaradılır – BNA-DAN AÇIQLAMA

Bakının 22 küçəsində avtobus zolaqları yaradılır – BNA-DAN AÇIQLAMA | FED.az
09:54 9 Avq 2020

Tezliklə Bakının küçələrində yalnız avtobusların hərəkət etdiyi avtobus zolaqları yaradılacaq. 

Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Eləcə də bax: "Xaliq Faiqoğlu”dan BNA ilə bağlı açıqlama: "Avtobusları azaltmamışıq"

Agentlik bildirir ki, görülən tədbirlərə bapxmayaraq avtobusların şəhərin küçələrində sərbəst hərəkətində problemlər var və bu da sərnişinlərin normal daşınmasına mane olur. 

«Məlumat üçün bildiririk ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur»-deyə BNA-dan bildirilib. 
Yollarda baş verən qəzalar və yaranan tıxaclar da avtobusların hərəkətini ləngidir: «Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır»-deyə BNA açıqlayıb.
Vəziyyəti həll etmək üçün BNA Bakı küçələrində yalnız avtobusların hərəkət edəcəyi ayrıca avtobus zolaqlarının yaradılması üçün işlərə başlayıb. Artıq 22 küçədə belə zolağın yaradılması üçün təkliflər təqdim edilib: «Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub».
Qeyd edək ki, Bakıda avtobuslar üçün ayrıca zolaq indiyədək bir yerdə – Yusif Səfərov küçəsində yaradılıb. 

Digər xəbərlər

Banner