Nəqliyyat

BNA-dan yeni qərar: «Maskasız sərnişin olsa avtobus hərəkət etməyəcək»

BNA-dan yeni  qərar: «Maskasız sərnişin olsa avtobus hərəkət etməyəcək» | FED.az
22:56 24 İyun 2020

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda sərnişinlərin qorunması üçün daha bir qərər qəbul edib. BNA-dan FED.az-a verilən məlumata görə, son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər. 

«Bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır. Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi şəkildə artırır»-deyə açıqlamada bildirilir.

BNA bildirir ki, virusa yoluxan bir nəfər sürücü istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

«Bu cür xoşagəlməz halların yolverilməzliyini və tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, marşrut avtobuslarında bəzi qaydaların tətbiqinə qərar verilib. Bildiririk ki, sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağandır».

Bundan başqa, bütün sərnişinlər maska istifadə etməyənədək avtobus yerinldən tərpənməyəcək: «İyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək».

Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib. Yaxın günlərdə tələbin icrasına dair nəzarət tədbirləri daha da gücləndiriləcək. Bununla yanaşı, daşıyıcılarla da görüş keçirilib və sürücülərin təlimatlandırılması barədə göstəriş verilib.

«Bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik. Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür»-deyə açıqlamada bildirilir.

Digər xəbərlər