Nəqliyyat

Prezidentin iradlarından sonra "Dəmir Yolları" - XƏRCLƏRİNİ AZALDACAQ - TOPLANTI 

Prezidentin iradlarından sonra "Dəmir Yolları" - XƏRCLƏRİNİ AZALDACAQ - TOPLANTI  | FED.az
12:14 11 Avq 2020

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli  iclas keçirilib.

Eləcə də bax: Prezidentin sədrliyi ilə müşavirənin - TAM MƏTNİ

Qurumdan FED.az-a bildirilib ki, iclasda prezident İlham Əliyevin avqustun 6-da keçirilən müşavirədə dövlət şirkətləri, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.

Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi,  müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat  dəhlizlərinin, həmçinin «Bakı-Tbilisi-Qars» və «Şimal-Cənub»  layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib. 

“Asiya İnkişaf  Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə  bağlı bir sıra işlər yerinə yetirilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısının çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. 

“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlaması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib. 

İclasda  “Covid-19” pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarda artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb. 

Yekunda Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.

Digər xəbərlər