Nəqliyyat

«Qəsdən avtobusların sayını azaldırlar» - BNA POLİSƏ MÜRACİƏT EDƏCƏK

«Qəsdən avtobusların sayını azaldırlar» - BNA POLİSƏ MÜRACİƏT EDƏCƏK | FED.az
08:17 4 Avq 2020

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda sərnişin daşıma ilə məşğul olan avtobus sahiblərinə xəbərdarlıq edib və onların hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət ediləcəyini bildirib.

Eləcə də bax: Bakı Nəqliyyat Agentliyi yumşalmaya hazırlaşır - TOPLANTI

FED.az xəbər verir ki, avqustun 2-də Agentlik daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirib. Müşavirədə «Karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkilinə həsr olunan toplantıda görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub»-deyə BNA-dan bildirilib.

BNA-dan FED.az-a bildirilib ki, əsas müzakirə mövzusu günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqları olub. Bildirilib ki, BNA pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair şirkətlərə tapşırıqlar verilsə də, bəzi daşıyıcılar məsuliyyətsizliyə yol verir. Daha dəqiqi daha çox mənfəət əldə etmək üçün məqsədli şəkildə avtobusların sayını azaldırlar. «Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub»-deyə BNA bildirib.

«Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub».

Bu vəziyyəti aradan qaldırmaq üçün toplantıda sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib.

Bildirilib ki, xəttə bundan az avtobus çıxaran şirkətə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək.  «Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə bu həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq».

Digər xəbərlər