Nəqliyyat

"Azərbaycandan keçən nəqliyyat dəhlizləri Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər"

"Azərbaycandan keçən nəqliyyat dəhlizləri Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər" | FED.az
18:15 23 İyun 2021

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu” mövzusunda onlayn görüş  keçirilib.

Eləcə də bax: Şimal-Cənub dəhlizi ilə ilk qatar yola düşüb - AZƏRBAYCAN ƏRAZİSİNDƏN KEÇƏCƏK

“ADY Konteyner” şirkətindən FED.az-a daxil olmuş məlumata görə, görüşdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Hindistan Ticarət Palatasının, Hindistanın ölkəmizdəki səfirliyinin, Hindistan Ekspeditorlar Assosiasiyasının, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” , Hindistanın  CONCOR şirkətinin, Bakı Limanının nümayəndələri iştirak ediblər.

Vebinarda Rusiyadan Hindistana qədər uzanan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.

Görüşdə iştirak edən “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanları barədə geniş məlumat verib. “ADY Konteyner” MMC-nin bu günlərdə dəhlizlə Finlandiyanın Helsinki şəhərindən  Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb. Qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib. Bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla  Avropanın şimalından Hindistana və əks istiqamətdə  yükdaşımaların müddəti kifayət qədər qısalır.

N. Cəfərov Dəhlizlə hərəkət edən ilk blok qatardakı konteynerlərin Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşındığını qeyd edib. Uzunməsafəli transkontinental blok qatarların təşkilinin “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğunu,  layihənin gerçəkləşməsi üçün platforma təminatını qurumun öz üzərinə götürdüyünü vurğulayıb.

Vebinar  iştirakçıları dəhlizin aktivləşdirilməsi isitiqamətində bəzi təkliflərlə çıxış ediblər. 

Banner
Banner

Digər xəbərlər